Bahar gəlir, yaz gəlir

Tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılov bu qənaətdədir ki, professional mifoloq prinsipləri ilə yanaşıldıqda hər bir bayram öz müasir vəziyyətinə gəlib çatana qədər 4 iri mərhələdən - mif, ritual, mərasim, bayram mərhələlərindən keçib: "Müasir bayram özünün ritual-mifoloji semantikasında bu mərhələlərin özünəməxsus xüsusiyyətlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan laylarda yaşatmaqdadır. Şübhəsiz, bir çox türk xalqları ilə yanaşı Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, total bir şəkildə etnik təfəkkürdə daşlaşmış belə bayram Novruzdur. Novruz bayramının bütöv mifioloji semantikasında xalq meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi, kulinar atributlarına qədər bu mifioloji yolun izləri özünü qoruyub saxlayıb.
Bu yolu bayrama qədərki dörd ilaxır çərşənbə üzrə nəzərdən keçirmək daha çox məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər 4 çərşənbə - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən yaradılması haqqında dini mifik görüşləri simvollaşdırır və öz ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir".
Bu mənada su çərşənbəsi ilə bağlı ilk öncə danışan tədqiqatçı qeyd edir ki, hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur: "Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Mifik planda suyun yaradıcılıq funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən 4 ünsürdən biri olması ilə bağlıdır. Azərbaycan folklorunda, o cümlədən türk xalqlarının folklorunda su ilə bağlı sakral görüşlər də bununla əlaqədardır".
H.İsmayılov bildirir ki, Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür: "Qədim türk mifiologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı ritualları bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifiologiyasından qaynaqlandığını sübut edir. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdilər. Mifoloji görüşlərə görə, bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın və kişi başlanğıcı türk xalqlarında Ülgen və Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübut edir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir".
Yel çərşənbəsiylə bağlı danışan H.İsmayılov deyir ki, əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir: "Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq müqəddəsliyi türk mifoloji görüşləri ilə bərabər etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı yaradılışın maddi əsası olmasından irəli gələn sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır".
Gülər KƏRİMLİ.



«Bahar gəlir, yaz gəlir»   -
«Ülfət Qazeti»   -