Meşə yanğınları ölkəyə ciddi ziyan vurub
Ötən müddət ərzində Şabran, İsmayıllı, Tovuz, Qəbələ, Ağsu, Quba, Qusar, Zaqatala, Xaçmaz, Astara, Hacıqabul, Kürdəmir, Siyəzən, Sumqayıt, Xızı, Qazax və digər şəhər və rayonlarda güclü yanğınlara rast gəlinib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) hesab edirlər ki, meşə yanğınları kortəbii surətdə alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması deməkdir. Onların yaranmasının əsas səbəblərinə insan fəaliyyətini, ildırım vurmasını, isti hava şəraitində və ya yanğın təhlükəli dövrdə (meşədə qar örtüyünün əriməsindən tam yaşıl qatın yaranmasına qədər olan dövr və yaxud davamlı yağışlı payız mövsümü) torf qırıntılarının öz-özünə yanmasını aid etmək olar. Buna isə daha çox normadan artıq istilərin baş verməsi təsir göstərir. Avqust ayında havaların həddindən artıq isti keçməsi və anomal iqlimin hələ ayın sonuna kimi davam etməsi gözlənildiyindən yanğınların baş verməsi də hər an təhlükə olaraq qalır. Nazirlik yanğın hadisələrinin respublikamızın meşə və kənd təsərrüfatına, ekoloji mühitinə öz mənfi təsirlərini göstərdiyini bildirir. Məsələn, Qusar rayonu ərazisində yanğın zamanı Ləcət bələdiyyəsinə aid torpaq fondunun böyük hissəsi sıradan çıxıb. Eləcə də əhalinin mal-qara otardığı örüş sahələri məhv olub. Oğuz rayonunun Böyük Söyüdlü bələdiyyəsinə aid 2,1 hektar örüş sahəsi məhv olub ki, bu da yüzlərlə insanın heyvandarlıq təsərrüfatına ziyan dəyməsi deməkdir. Zaqatalanın Çökək və Yeniabad kəndlərində baş verən yanğın hadisələri zamanı da kənd təsərrüfatına böyük ziyan dəyib. Həm örüş sahələri, həm də əkin üçün yararlı torpaqlar sıradan çıxıb. Ağsunun isə zəngin meşə sahələrinin xeyli hissəsi sıradan çıxıb. Qəbələnin nadir ağac növləri ilə zəngin meşə massivləri məhv olub. Astara rayonunun onlarla sakini bələdiyyədən icarəyə götürdüyü torpaqlardan əllərini üzüblər. Hətta bəzi rayonlarda insanların şəxsi təsərrüfatları və pay torpaqları da məhv olub. ETSN-nin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə, Dövlət Təbiət Qoruqlarına və milli parkların rəhbərlərinə, yanğın təhlükəli dövr başa çatana kimi meşə ərazilərinə nəqliyyat vasitələri, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırılıb. Ərazilərdə postlar qurulub, sutkalıq növbətçilik təşkil olunub. Meşələrin, təbiət ərazilərinin yanğından mühafizəsinə nəzarət gücləndirilmiş, bu işə digər dövlət qurumları və ictimaiyyətin qüvvələri cəlb edilib. Meşə ərazilərinə nəqliyyat vasitələri və kənar şəxslərin girişi tamamilə məhdudlaşdırılıb. Kənd Təsərrüfatı Nazirliyi (KTN) isə sel və daşqınlardan sonra yanğın fəlakətinin heyvandarlıq və əkinçilik təsərrüfatlarına böyük zərər vurmasından narahatdır. Nazirlik əkinçilik və heyvandarlıq sahələrinə dəyən zərərin məbləğinin milyon manatlarla ölçüldüyünü gizlətmir. KTN hazırda yanğına məruz qalmış hektarlarla əkin sahələrinin gələcəkdə təsərrüfata yaramayacağını ən yaxşı halda böyük aqrotexniki işlərdən sonra yararlı vəziyyətə gətiriləcəyini bildirir. Çünki torpaqların üst qatındakı minerallarla zəngin təbəqə sıradan çıxdıqdan sonra bitkiçilik məhsullarının yetişməsi mümkün olmur. Ona görə də, KTN mülkiyyətçiləri yanğınla mübarizə tədbirlərinə qoşulmağa dəvət edir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsinin olmasını nəzərə alaraq öz əməkdaşlarını bu ərazilərə ezam edib. Artıq bağ evlərində, mülkiyyət formasından asılı olmayaraq, obyektlərin ərazilərində, həyətyanı sahələrdə yanar materialların təmizlənməsi, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılan konteynerlərə yığılıb daşınması istiqamətində işlərə başlanılıb. Qurum paytaxt bağlarında baş verə biləcək yanğının daha təhlükəli olmasını gizlətmir. Belə bir hadisə baş verərsə, paytaxtda fəlakətli durum yarana bilər. Müvafiq qurumlar ölkəmizdə yanğın təhlükəsinin Rusiyadakı həddə çatmasından narahatlıq keçirir. Qeyd edək ki, Rusiyada meşə yanğınları həmin bölgələrdə ekoloji vəziyyəti kritik həddə çatdırıb və 50-dən çox insanın ölümünə səbəb olub. Paytaxt Moskvada yaşamaq təhlükəyə çevrilib və səhhətində problem olan insanların buradan kənar ərazilərə köçürülməsi həyata keçirilib. Respublikamızın aidiyyəti orqanları bu cür fəlakətə ölkəmizdə rast gəlinməməsini arzu edir. Əgər yanğınlar daha böyük miqyas alarsa, bir sıra rayonlarda ekoloji durumun ağırlaşması səbəbindən xəstə insanların köçürülməsi də reallaşa bilər. ELTAC.
|