Təzə ildə Bakı-Tiflis-Bakı turist qatarı xəttə buraxılacaq

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat katibliyindən verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də Bakı-Böyük Kəsik-Bakı və Bakı-Mingəçevir-Bakı "Ekspress" qatarları xəttə buraxılacaq.
Bundan əlavə, dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tiflis-Bakı turist qatarı təyin olunacaq.
Məlumata görə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaqdan ötrü Sərnişin Daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.
Bakı beynəlxalq avtovağzalı da bayram günlərində yarana biləcək problemlərin qarşısını almaq üçün dekabrın 28-dən yanvarın 6-na kimi gücləndirilmiş iş rejimində çalışacaq. Bu məqsədlə xətlərə yeni avtobuslar çıxarılacaq. Bakı beynəlxalq avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bayram günlərində tələbatın daha çox ölkədaxili reyslərə artdığını, beynəlxalq reyslərə isə, əksinə, azaldığını deyir. Vağzal rəhbərliyi sərnişinlərə biletləri əvvəlcədən və kassadan almağı tövsiyə edir: "Kassaya yaxınlaşsınlar, biletləri öz qiymətinə alsınlar. Kassada qiymətlərin cədvəli asılıb".



«Təzə ildə Bakı-Tiflis-Bakı turist qatarı xəttə buraxılacaq»   -
«Ülfət Qazeti»   -