HEYDƏR ƏLİYEV – 84

HAQQIN MÜDAFİƏÇİSİ

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI HƏRƏKATI İKİNCİ HƏYATI ÜÇÜN KİMƏ BORCLUDUR?

Azərbaycanın, Azərbaycan xalqının təxminən üç on illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa ulu öndərimizin adı ilə bağlıdır.
Bu günlərdə 84 illiyini qeyd edəcəyimiz ümumxalq liderimiz demokratiyanın dərəcəsinin göstəricilərindən biri olan həmkarlar ittifaqları təşkilatının həyatında da mühüm, əvəzsiz xidmətlərlə iz salmışdır.
Hələ totalitar sovet rejimi dövründə Heydər Əliyev o vaxtkı Azərbaycan Həmkarlar İttifaqları Şurasının müstəqilliyini, cəmiyyət içərisində nüfuzunu, nisbətən də olsa qoruyub saxlaması, işçilərin mənafeyini cəsarətlə müdafiə etməsi üçün dövlət başçısı səlahiyyətlərindən istifadə edərdi. Etiraf edək ki, məhz onun şəxsi simpatiyasına görə idi ki, hökumətin ən yüksək çinli məmurları həmkarlar ittifaqları ilə razılaşmaq məcburiyyətində qalırdılar.
H.Əliyevin hakimiyyətinin birinci dövründə həmkarlar ittifaqlarının sıraları maksimum həddə qədər genişlənmişdi.
Ulu öndərimizin hakimiyyətə ikinci dəfə qayıdışı ərəfəsində bütün ölkə xaos içərisində idi. Dövlətçiliyimizin, o cümlədən həmkarlar ittifaqlarının taleyi sual altında idi. İdarəetmə sükanı arxasında əyləşmiş naşı "liderlər"in hər addımı yenicə müstəqillik qazanmış respublikanı fəlakətə daha da yaxınlaşdırırdı. Bütün mənəvi, maddi dəyərlərin üstündən xətt çəkilirdi. Hətta həmkarlar ittifaqları "sovet dövrünün qalığı" kimi rədd edilirdi. Bu ən azı savadsızlıq idi. Orta məktəb şagirdi də bilirdi ki, həmkarlar ittifaqları hərəkatının tarixi sovet dönəmindən əvvəllərə gedib çıxır. Bir də həmkarlar ittifaqları, siyasi sistemindən asılı olmayaraq, bütün ölkələrdə mövcuddur.
H.Əliyev siması ölkəmizi bürümüş bu nadanlıq zülmətinə nur yaydı. İtirilmiş dəyərlər tədricən bərpa olundu. İqtisadi, siyasi, sosial, mənəvi baxımından dirçəliş başlandı. Məhz ulu öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları haqqında qanun qəbul edildi. Bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Sonrakı illərdə daha bir neçə qanunlar işlənib təsdiq olundu ki, bunların da hazırlanmasına həmkarlar ittifaqlarının mütəxəssisləri cəlb edilirdilər. Qanunda və digər normativ aktlarda həmkarlar ittifaqlarına böyük səlahiyyətlər verilirdi. Əməyin, işçilərin sosial hüquqlarının elə bir sahəsi yox idi ki, həmkarlar ittifaqları qanunla ora nüfuz edə bilməsin.
Ulu öndərimiz işinin çoxluğuna baxmayaraq həmişə bu qurumun fəaliyyətini izləməyə, ona yardım göstərməyə vaxt tapırdı. Təşkilatın qurultaylarına təbrik məktubları göndərər, nailiyyətləri yüksək qiymətləndirər və tövsiyələrini verərdi. Onun tapşırığı ilə AHİK-in ali məclislərində dövlətin, hökumətin yüksək səviyyədə iştirakı təmin olunardı.
H. Əliyev Azərbaycan Həmkarlar İttifaqlarının beynəlxalq arenaya çıxmasına çalışardı. AHİK-in ölkə daxilində böyük nüfuza malik olduğunu göstərmək üçün beynəlxalq təşkilatlardan gəlmiş qonaqların bəzilərini şəxsən özü qəbul edərdi.
Azərbaycan həmkarlar ittifaqları H. Əliyevin qayğısı, bilavasitə köməyi nəticəsində zorla əlindən alınmış mövqeyini bərpa etdi. Möhkəmləndi və bir milyon yarım üzvə malik mübariz təşkilata çevrildi.
Həmkarlar ittifaqları hərəkatı öz xilaskarının xalq qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirmişdir. Onun siyasi kursunu müdafiə etmiş, dövlət quruculuğu işində yanında olmuşdur. Çoxsaylı üzvlərinin təşəbbüsü ilə prezident seçkilərində AHİK Heydər Əliyevin namizədliyini irəli sürmüşdü.
Sevindirici haldır ki, bu böyük şəxsiyyətin qurduğu dövlət, yaratdığı müasir dövlətçilik ənənələri etibarlı əllərə düşdü. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyev ulu öndərin başladığı işi böyük məharət və inamla davam etdirir. Buna görə də həmkarlar ittifaqları daim onun haqq işini müdafiə edəcək.

AHİK-in təşkilat işləri və məlumat şöbəsi.



«HEYDƏR ƏLİYEV – 84»   -
«Ülfət Qazeti»   -