Sığorta bazarında vəziyyət necədir?

Bu məsələ ilə əlaqədar suallarımızı Maliyyə Nazirliyinin nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov cavablandırır.

- Namiq müəllim, ölkəmizdə sığorta bazarının bugünkü durumunu qənaətbəxş hesab etmək olarmı?
- Öncə diqqətinizə çatdırım ki, maliyyə böhranı ilə əlaqədar 2009-cu və 2010-cu illərdə Azərbaycan sığorta bazarında müvafiq olaraq 9 və 5 faiz azalma müşahidə edilmişdir. Bu da bankların verdiyi kreditlərin məbləğinin və işəgötürənlər tərəfindən işçilərin sığorta etdirilməsinə çəkilən xərclərin azalması ilə bağlıdır. Lakin 2011-ci ildən ölkənin sığorta bazarı yenidən yüksək templə artmağa başlamışdır.
Artım ən çox avtonəqliyyat vasitələrinin, əmlakın, tibbi və fərdi qəza sığortalarının hesabına mümkün olmuşdur. Bu sığorta növlərinin könüllü qeyri-həyat sığortasında xüsusi çəkisi təxminən 70 faiz təşkil edir.
- Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı nə qədərdir və lisenziya hansı müddətə verilir?
- Hazırda Azərbaycanda 28 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.
- Ötən il nə qədər sığorta haqqı yığılıb və ödəniş hansı səviyyədə olub?
- Hələlik 2011-ci ilin yanvar-oktyabr aylarının statistikası məlumdur. Həmin dövr ərzində 179,1 mln. manat məbləğində sığorta haqqı yığılıb, 48,5 mln. manat məbləğində isə sığorta ödənişi edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40 faiz artım deməkdir. Proqnozlarımıza görə, 2012-ci ildə sığorta bazarında 20-30 faiz artım ehtimal olunur.
- Sığorta hadisəsi baş verdiyi zaman ödənişdən yayınmaq məqsədi ilə sığorta şirkətləri ya ödənişi gecikdirir, ya da baş verən halın sığorta hadisəsi olmadığını bəhanə gətirirlər. Bu da son nəticədə sığorta bazarında inamsızlığa səbəb olur...
- Apardığımız təhlillər göstərir ki, bir çox halda sığorta ödənişinin verilməsindən imtina sığortalının bağladığı sığorta müqaviləsinin şərtləri ilə tanış olmamasından və ya özünün müqavilə öhdəliklərini yerinə yetirməməsindən irəli gəlir. Hüququ pozulmuş sığortalı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə və məhkəməyə müraciət edə bilər.
- İstehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi halları ilə əlaqədar nə qədər işçi sığortalanıb və sığortaolunanlardan neçə nəfərə sığorta ödənişi edilib?
- Ötən ilin 9 ayı ərzində 12932 işəgötürən öz işçilərini sığorta etdirib. Bununla da ölkəmizdə sığortalanmış işçilərin sayı 636994 nəfərə çatmışdır. Sığorta hadisəsi nəticəsində 21 sığorta ödənişi verilmişdir. Ümumi sığorta ödənişi məbləği 152.218,75 manat təşkil etmişdir. Hazırda 46 hadisə üzrə sığorta tələbinə baxılmaqdadır. Bu sığorta tələbləri üzrə təxminən 1.500.000 manat məbləğində sığorta ödənişinin verilməsi gözlənilir.



«Sığorta bazarında vəziyyət necədir?»   -
«Ülfət Qazeti»   -