Əməyin mühafizəsi qaydaları

Bu gün işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsi ən aktual məsələlərdən sayılır. Yeni iş yerlərinin açılması, istehsalatda yeni texnologiyaların tətbiqi, bununla da yeni peşə risklərinin meydana gəlməsi və risklərin idarə olunması zərurəti əməyin mühafizəsinə daha geniş aspektdən baxılmasını tələb edir.Bütün bunları nəzərə alaraq son illər Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi AHİK-in iştirakı ilə bir sıra "iş yerlərinin attestasiyasının keçirilməsi, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçilərə və yaxud da bu səbəbdən ailə başçısını itirmiş ailələrə müəssisələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması, texniki təhlükəsizlik ekspertizasının aparılması; təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatı, kompyuter və digər elektromaqnit şüalanma yaradan aparatların istismarı zamanı təhlükəsizlik qaydalarının qəbul edilməsinə dair və sair qərarlar, normativ aktlar qəbul etmişdir.
1997-ci ildən bəri Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi "iş yerlərində havaya olan ümumi sanitar gigiyenik tələblər, zərərli maddələrin klassifikasiyası və ümumi təhlükəsizlik tələbləri, ventilyasiya sistemində ümumi tələblər, yükqaldırma, yükboşaltma zamanı ümumi təhlükəsizlik tələbləri, fərdi-mühafizə vasitəsi, ümumi istehsalat çirklənməsindən mühafizə üçün kişi və qadın kostyumları üzrə milli standartlar” qəbul etmişdir.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Agentliyi tərəfindən təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, qaz təsərrüfatının təhlükəsiz istismarı qaydaları, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismar edilməsi qaydaları təsdiqlənmişdir.
Əməyin mühafizəsi və əhalinin sosial müdafiəsi sahəsində Müstəqil Dövlətlər Birliyinin İştirakçısı Olan Dövlətlərin Hökumət Başçıları Şurasının iclasında əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəsarət almış, peşə xəstəliyinə tutulmuş və yaxud sağlamlığı digər şəkildə pozulmuş işçilərə dəymiş zərərin əvəzinin ödənilməsi hüquqlarının qarşılıqlı tanınması haqqında; əməyin mühafizəsi sahəsində əməkdaşlıq haqqında; qarşılıqlı göndərilən məhsullara əməyin mühafizəsi üzrə razılaşdırılmış norma və tələblərin hazırlanması və onlara riayət edilməsi qaydası haqqında; yaşadıqları dövlətlərdən kənarda olarkən işçilərin istehsalatda məruz qaldıqları bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında sazişlər Azərbaycan Respublikası tərəfindən də imzalanmışdır.
Hələ sovet dövründə qüvvədə olmuş 1000-dən yuxarı normativ-hüquqi sənəd qüvvədədir. Bu sənədlərin dövlət dilində nəşrini, onların yenidən bazar münasibətlərinə uyğun, Əmək Məcəlləsinin 209-cu maddəsinə müvafiq təkmilləşdirilməsini və müəyyən olunmuş qaydada təsdiq olunmasını vacib hesab edirik.

Ə.MƏDƏTOV,
AHİK-in əməyin mühafizəsi
şöbəsinin müdir müavini.



«Əməyin mühafizəsi qaydaları»   -
«Ülfət Qazeti»   -