“Xocalı harayı"
Xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən 18 il keçməsinə baxmayaraq, Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır. AHİK-in "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi ilə birlikdə əlil uşaqlar arasında keçirdikləri uşaq yaradıcılığı müsabiqə-sərgisi də elə Xocalı faciəsinə həsr edilmişdi.
Müsabiqəni keçirməkdə məqsəd inkişafında qüsurları olan və xüsusi qayğıya ehtiyac duyan uşaq və yeniyetmələrin istedadlarının müsabiqə yolu ilə üzə çıxarılması, özlərinə inam hissinin gücləndirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara Vətənə məhəbbət, torpağa bağlılıq hisslərinin aşılanması, xalqımızın qəhrəmanlıq tarixi ilə yaxından tanışlığı və öz rəsmləri ilə tarixi hadisələrə münasibətlərini bildirməsidir. Bir ay davam edən sərgiyə fevralın 26-da Xocalı soyqırımı günü yekun vuruldu. Layihədə Bakı, Sumqayıt və Şəkidən orta ümumtəhsil məktəbləri şagirdlərinin, xüsusən əqli və fiziki cəhətdən zəif, xüsusi qayğıya ehtiyacı olan 3000-dən çox uşaqların 200-ə qədər rəsm əsəri, toxuma, gil, plastilin, kağız və müxtəlif materiallardan hazırladıqları eksponatlar təqdim edilmişdi. Qaliblər Azərbaycan Rəssamlar İttifaqı sədrinin müşaviri, əməkdar rəssam Ənvər Qarayevin sədrliyi ilə münsiflər heyəti tərəfindən 5 nominasiya üzrə müəyyən edildi. Həmin gün "Uşaq hüquqları", "Xocalı harayı", "Qan yaddaşı", "Xocalı dəhşətləri", "Biz sülh istəyirik" nominasiyaları üzrə seçilmiş qaliblər AHİK-in diplomları, Azərbaycan İnsan Hüquqları üzrə müvəkkilin, Respublika Gənclər və İdman Nazirliyinin, Təhsil İşçiləri Azad HİRK-in, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in qiymətli hədiyyələri ilə təltif olundular. Vətənpərvərliyi, torpağa bağlılığı, erməni vandalizminin ifşa edilməsini əks etdirən "Xocalı harayı" pannosuna görə "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi AHİK-in xüsusi diplomu və pul mükafatı ilə təltif olundu. Ən yaxşı eksponatlar T.İsmayılov adına "Uşaq Dünyası" Rəsm Qalereyasında nümayiş etdirildi. Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən müsabiqə-sərginin təşkilinə göstərilən diqqət və qayğıya, dəstəyə görə Azərbaycan həmkarlar ittifaqlarına təşəkkürnamə diplomu təqdim edildi. Sərginin tamaşaçıları arasında beynəlxalq təşkilatların nümayəndələri də var idi. Xoşqədəm Bağırova, AHİK-in mütəxəssisi.
|