Xocalı faciəsi tələbələrin gözü ilə

Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsi Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirmişdir.

Tədbiri giriş sözü ilə Akademiyanın THİK sədri Zəfər Qurbanov açmış, Xocalı soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. O, çıxışında bəşəriyyət tarixində ən qanlı cinayəti törədən Ermənistan silahlı qüvvələrinin Xocalıya bir neçə istiqamətdə hücum etdiklərini, öz qəddar əməllərini və insanlığa sığmayan vəhşiliklərini şəhərdə köməksiz qalmış uşaqlar və qadınlar, ahıl qocaların üzərində nümayiş etdirdiklərini diqqətə çatdırdı.
Sonra faciənin 18-ci ildönümünə həsr edilmiş "Şəhid Xocalım, Şahid Xocalım" adlı kino-filminin nümayişi oldu.
Filmin nümayişindən sonra Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev çıxış edərək, bədnam qonşularımızın amansızlığını tamamilə ifşa edən soyqırımı aktının yalnız soydaşlarımıza qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş hərbi-siyasi cinayət olduğunu vurğulamışdır.
Təhsil İşçiləri Azad HİRK-in sədr müavini Mirzə Cəfərzadə, Xocalı sakini, müəllim Fərhad Əhmədov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov da çıxışlarında qeyd etdilər ki, tarix unudulmaq üçün yazılmır. Erməni vəhşilikləri xalqımızın qan yaddaşına həkk olunmuşdur. Erməni terroru, qətliamı qurbanlarının ruhu bizi qisasa səsləyir. Bu, gec-tez baş verəcəkdir. Çünki ölkəmiz yerləşdiyi bölgədə söz və nüfuz sahibidir. Gücümüz və qüdrətimiz, dövlət başçımızın qətiyyəti sayəsində Azərbaycan xalqının haqq işi qalib gələcəkdir.
Sonda Təhsil Nazirliyi Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərildi.
Rasim SÜLEYMANOV.



«Xocalı faciəsi tələbələrin gözü ilə»   -
«Ülfət Qazeti»   -