Yaş həddi artırıldı

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.
Əvvəlki qanunda isə 3 uşağı olanlar 51, 4 uşağı olanlar 50, 5 uşağı olanlar 49, 6 uşağı olanlar 48, 7 uşağı olanlar 47, 8 uşağı olanlar 46, 9 uşağı olanlar 45, 10 və daha çox uşağı olanlar isə 44 yaşına çatdıqda pensiyaya çıxmaq hüququ qazanırdı.
Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdirilib. Belə ki, sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququ müəyyən olunub. Ana vəfat etdiyinə və ya nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda, bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Yeni qanunun qəbul edilməsinə münasibət bildirən millət vəkili Hadı Rəcəbli əmək pensiyası yaşının artırılmasını sosial ədalət prinsipinin pozulması ilə əlaqələndirib. O, «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklər edilməsi zərurətini iki səbəblə izah edib: «Birincisi, «Təhsil haqqında» qanuna əlavə və dəyişikliklər müzakirə olunarkən pensiya haqqında bənd var idi. O zaman cəmiyyətdən narazılıqlar səsləndi ki, nəyə görə insanları tez pensiyaya çıxarmağa çalışırsınız? Biz də bu narazılıqları nəzərə aldıq. Bu o deməkdir ki, insanlar pensiyaya çıxmaqdansa, işləməyə üstünlük verirlər».
Millət vəkili xatırlatdı ki, Avropa ölkələrində həm kişi, həm də qadın üçün pensiya yaşı 65-dir. Türkiyədə qadınlar 60, kişilər isə 65 yaşlarında pensiyaya çıxırlar. Onun sözlərinə görə, Azərbaycanda orta yaş həddi artıb və bu səbəbdən sosial ədalət prinsipi pozulub: «Yəni orta yaş həddi ilə götürdükdə qadının təqaüdə çıxandan sonra 18, kişinin 12 il pensiya alması müşahidə edilir və biz bunu tənzimləmək qərarına gəldik».
Millət vəkili Musa Quliyev isə pensiya yaşının artırılmasını sosial-iqtisadi inkişafla əlaqələndirdi. O bu qənaətdir ki, hazırkı pensiya yaş həddi keçmiş SSRİ dövründən qalma ənənələr əsasında formalaşıb. Çünki həmin dönəmdə keçmiş Sovet İttifaqı həm iqtisadi resurslarının çoxluğu, həm də əhali artımına önəm verilməsi səbəbindən pensiya yaşının aşağı göstərilməsinə, o cümlədən əksər təbəqələrə güzəştlərin nəzərdə tutulmasına şərait yaradırdı. Həmçinin insanların əksəriyyəti fiziki əməklə məşğul olduğu üçün orta ömür həddi aşağı idi. Hazırda isə insanların fiziki işlə məşğul olmasına çox az hallarda rast gəlinir. Digər tərəfdən, müalicə-diaqnostika imkanları çoxaldığından insanların əmək qabiliyyəti də artır.
M.Quliyevin bildirdiyinə görə, zaman keçdikcə insanların orta ömür yaşı artır. Orta ömür göstəricisi artdığından pensiya alanların sayı da çoxalır. Eyni zamanda əhalinin artım tempi də aşağı düşür. Beləliklə də, ölkədə əmək qabiliyyəti olmayan vətəndaşların sayında da artım müşahidə olunur. Belə insanlar isə işləyən təbəqənin ödədiyi sığorta haqları hesabına saxlanılmalıdırlar. Buna görə də pensiya yaşının artırılması aktual məsələdir».
Belə hesab edilir ki, bu addımın atılması əmək qabiliyyətli insanların sayının artması baxımından özünü doğrulda bilər.
«Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklərin əleyhinə çıxanlar da var. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirdi ki, pensiya yaşının artırılması orta yaş həddi 80-dən yuxarı olan, qocalma prosesi sürətlə gedən və işçi qüvvəsinə tələbat olan ölkələrdə tətbiq edilir: «Əmək bazarında yaşlı nəslin əməyinə ehtiyac olduqda pensiya yaşı artırılır. Amma Azərbaycan üçün faktiki reallıq budur ki, gənclərin böyük hissəsi xüsusən regionlarda işsizdir. Azərbaycanda gənclərin əməyinə daha çox ehtiyac var».
«SSRİ dövründə pensiyaya çıxan maaşının 50-dən 100 faizinə qədərini alırdı. Azərbaycanın da qoşulduğu konvensiyalara görə, pensiya orta əməkhaqqının 40 faizindən aşağı olmamalıdır. Amma Azərbaycanda pensiya orta əməkhaqqının 35 faizi səviyyəsindədir. Bu gün orta pensiya həddi 96 manatdırsa, pensiyaçıların əksəriyyəti bundan aşağı alır. 75-80 manat alanların sayı daha çoxdur. Pensiyaların 5-10 manat artırılması da pensiyaçının yaşayışının yaxşılaşmasına səbəb olmur», - deyə o, qeyd etdi.
Ə.Məsimlinin fikrincə, pensiya yaşının artırılması sosial ədalətsizliyin artmasına gətirib çıxaracaq. Millət vəkili bildirdi ki, son illərin statistikasını götürsək, qadınların orta ömrü uzanmayıb. Kişilər arasında isə 60 yaşa çatmamış ölənlərin sayı artıb. Kompromis varianta getmək olar: kişilərdə 62 yaş qalır. Qadınlarda da 57 yaş qalır. Bundan sonra İsveç variantı tətbiq olunur. Kişilərin 63 yaşadək, qadınların 60 yaşadək işləməsinə heç kəs mane olmur. Bununla həm narazıların, həm də razıların istəyi təmin olunur.



«Yaş həddi artırıldı»   -
«Ülfət Qazeti»   -