Paytaxtın kanalizasiya xətlərinin yenilənməsinə ehtiyac var
Zenfira Budaqova: "Şəhərin bütün yağıntı sularını yığan yeni sistemli xətlər çəkilməlidir"
Bu bir həqiqətdir ki, payız və qış mövsümündə küçələri su əlindən keçmək mümkün deyil. Maraqlıdır, bu problemin qarşısını nə zaman almaq mümkün olacaq?
Məsələyə münasibət bildirən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zenfira Budaqova hesab edir ki, yağıntı suları məişət kanalizasiya sisteminə axmamalıdır: "Qədim vaxtlarda Bakıda yol ayrıclarında dəmir barmaqlıqlar var idi. Yolda yığılan sular həmin yerlərə axırdı. Yağıntı suları təmiz olduğu üçün bunların hamısı əvvəllər birbaşa dənizə ötürülürdü. Belə xətlərin quruluşu da məişət kanalizasiya sistemindən fərqlənir. Vaxtilə şəhərin dənizə aparan yeraltı su keçidləri mövcud idi. Sonradan kanalizasiya xətti çəkməmək dərdindən onları dəyişdirdilər və məişət tullantılarını yağıntı suları üçün nəzərdə tutulan sistemlərə qoşdular. Bu sistemlərin üzərində olan dəmir barmaqlıqlar bağlandı ki, tullantıların iyi şəhərə yayılmasın. Bu səbəbdən də yağış sularını aparan sistemlər ləğv olundu. İndi təzədən onları bərpa etmək lazımdır. Məişət tullantılarını yağıntı sularına qarışdırmadan və şəhərin bütün yağıntı sularını yığan yeni sistemli xətlər çəkilməlidir. Nə qədər ki, bunlar qurulmayacaq, o qədər də yağış, qar yağan kimi küçələrdə gölməçələr əmələ gələcək". Əksər ekspertlər hesab edir ki, problemin aradan qaldırılması üçün paytaxtın kanalizasiya sistemi yenilənməlidir. Çünki mövcud kanalizasiya xətləri Bakının indiki vəziyyəti üçün hesablanmayıb. Xüsusən son 10 ildə Bakıda yüzlərlə hündürmərtəbəli yaşayış binaları, şəhərin ətrafında minlərlə evlər tikilib. Həmin binaların hamısının kanalizasiyasi isə əvvəlki xətlərə birləşdirilib. Buna görə də yağışlı havalarda kanalizasiya xətləri həmin suyu daşıya bilmir.
|