Övladlığa verilmə meyarları sərtləşdirilir

Hadı Rəcəbli: "Xaricilərə övladlığa verilən uşaqların gələcəyini və hər bir addımını izləmək üçün qanunvericilikdə kifayət qədər müddəa var"

Azərbaycanda atılan və övladlıqdan imtina edilən uşaqların sayı minimuma enib. Milli Məclisin Sosial Siyasət Komitəsinin məlumatına əsasən, son vaxtlarda uşaq evlərindəki uşaqların sayı azalmaqdadır. Adıçəkilən komitə bunu ailələrin sosial durumunun yaxşılaşması ilə əlaqələndirir. Ailələrin vəziyyəti yaxşılaşdığından artıq uşaqdan imtina edənlərin sayı da azalır. Xatırladaq ki, hazırda uşaq evlərində yaşayan uşaqların 70 faizinin bir və ya iki valideyni var. Bununla yanaşı, uşaq evlərində 20 minə yaxın uşaq ailə nəvazişi, qayğısı hiss etmədən yaşayır.

Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə yaxın vaxtlarda Milli Məclis Ailə Məcəlləsinə dəyişiklik edəcək. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, Məcəllədə bir neçə dəyişikliyin edilməsi nəzərdə tutulub. Öyrəndik ki, dəyişikliklərdən biri himayədarla himayəçinin nikaha girməsini qadağan etməkdir. Bu, çox ciddi məsələdir. İkinci dəyişiklik isə hər kəsə uşaq himayəyə verməyin qeyri-mümkün olması ilə əlaqədardır. 60 yaşdan yuxarı və lazımi şəraiti olmayan insanlara uşaq himayəyə vermək olmaz. Millət vəkilinin qənaətincə, bir çoxları öz şəraitini yaxşılaşdırmaq üçün uşaqları himayəyə götürür: "Bizim məqsədimiz isə uşağı himayə etməkdir, kiminsə problemini həll etmək üçün uşağı evə vermək deyil. Əgər kiminsə yaşayış şəraiti yoxdursa və ya ömrünün sonudursa, ona uşaq etibar etmək olmaz. Digər bir kriteriya isə ailəyə verilən uşağın 18 yaşına qədər mülkiyyət hüququnun qorunması ilə bağlıdır. Təəssüf ki, bəzi hallarda belə uşaqların mülkiyyətinə ya məmurlar sahib çıxmaq istəyir, ya da qohumlardan kimsə ona məxsus olana yiyələnmək fikrinə düşür. Bu kriteriyalarla bağlı Ailə Məcəlləsində dəyişiklik etmək qərarına gəlmişik. Sadalanan məsələlər Ailə Məcəlləsində əksini tapanda prosesin daha düzgün və dəqiq cərəyan etməsinə gətirib çıxaracaq".
Komitə sədrinin bildirdiyinə görə, uşaq evlərindən övladlığa uşaq götürmək istəyənlərin sayı həddindən artıq çox olsa da, ailələr hər uşağı götürmək istəmir. Azərbaycanda iki məqsədlə uşaq övladlığa götürürlər: "Ya uşaqlara mərhəmət göstərib onu övladlığa götürürlər, ya da barter qaydasını təklif edirlər. Barter dedikdə, yəni sahib çıxacaqları uşağın özlərinə oxşamasını, xəstə olmamasını və başqa istəklərini təklif edirlər. Belə hallarda da uşaq evlərində çatışmazlıq yaranır. Bu gün uşaq evlərindən övladlığa uşaq götürmək istəyən 4000 ailə var, amma uşaq evlərində onların istədiklərinin sayı 20 ola, ya da olmaya".
Komitə sədri uşaqları övladlığa götürən ailələrin ondan istifadə etmək üçün deyil, uşağın hüquqlarını müdafiə etmək məqsədi ilə götürmələrinin daha vacib olduğunu qeyd etdi. Mərhəmət baxımından uşaqları övladlığa götürməkdə Azərbaycan qanunvericiliyində heç bir problem yoxdur.
Komitə sədri ilə söhbət əsnasında öyrəndik ki, son 5 ildə Azərbaycanda uşaqların xarici ölkə vətəndaşlarına himayəyə verilməsi azalıb: "Son beş ildə xarici ölkələrə uşaq övladlığa verilmə halları kəskin azalıb, hətta yox dərəcəsinə çatıb. Azərbaycan parlamenti xüsusi bir konvensiyaya qoşulub ki, bu konvensiyada xaricilərə övladlığa verilən uşaqların hər bir addımını izləmək üçün müddəa var. Yəni burada heç bir narahat olmalı məsələ yoxdur. Bununla bağlı qanunvericilik bazamız həddindən artıq möhkəmdir və neqativlikləri ola bilməz".
Gülər KƏRİMLİ.



«Övladlığa verilmə meyarları sərtləşdirilir»   -
«Ülfət Qazeti»   -