Tələbə yataqxanaları bu il boşaldılacaq?

Sənan Hüseynov: "Məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların ancaq təmir edilməsi gündəmdədir"

Paytaxtdakı müxtəlif yataqxanalarda məskunlaşan məcburi köçkünlər siyahıya alınıb. Yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir müddət əvvəl məsələ qaldırıldığından bu tədbir müəyyən narahatlıqlara səbəb olub.
Məsələyə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Departamentinin direktoru Sənan Hüseynov isə yataqxanalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda başqa yerə köçürülməsinin nəzərdə tutulmadığını söylədi: "Yataqxanalarda siyahıyaalma həmin ünvanlarda yaşayan məcburi köçkünlərin saylarının dəqiqləşdirilməsi ilə bağlıdır. Çünki məcburi köçkünlərin heç də hamısı qeydiyyatda olduqları ünvanlarda yaşamır. Onların kommunal xidmətlərə görə xərcləri isə yaşadıqları ərazilərə görə ödənilir. Buna görə də ildə bir dəfə məcburi köçkünlərin yaşadıqları yerlər üzrə siyahıya alınması həyata keçirilir. Bununla da onların yaşadıqları ünvanlar dəqiqləşdirilir və kommunal xidmətlərə görə xərclər ona uyğun ödənilir. Məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların isə ancaq təmir edilməsi gündəmdədir. Məcburi köçkünlərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılması Prezidentin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı əsasında həyata keçirilir".
S.Hüseynov bu qış mövsümündə də regionlarda yaşayan məcburi köçkün ailələrinə yanacaq veriləcəyini bildirdi: "Oktyabrdan başlayaraq qazla təmin olunmayan rayonlarda yaşayan məcburi köçkün ailələrinə yanacaq ayrılıb. Hər bir köçkün ailəsi 40 litr yanacaq alır. Mavi yanacaqdan istifadə edən köçkünlərin işlətdikləri qazın pulu isə dövlət tərəfindən ödənilir".
Qeyd edək ki, həmin Dövlət Proqramında hazırda ilkin olaraq 6227 ailənin məskunlaşdığı 15 fin tipli qəsəbənin ləğvi nəzərdə tutulub. Gələcəkdə isə növbə ilə 262 məktəb binasında məskunlaşan 11 min nəfərdən ibarət 2768 məcburi köçkün ailəsi Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 6 min nəfərdən ibarət 1479 köçkün ailəsinin yeni mənzillərə köçürülməsi nəzərdə tutulub. Ağdam rayonunda Dördyol adlanan ərazidə 932, Taxtakörpüdə 3400 məcburi köçkün ailəsi yerləşdiriləcək. Bu proses 2012-ci ilə qədər olan dövrü əhatə edəcək.

Xalid AZƏR.



«Tələbə yataqxanaları bu il boşaldılacaq?»   -
«Ülfət Qazeti»   -