Ailə və Əmək məcəllələri ətrafında müzakirələr səngimir
Hadı Rəcəbli: "Analıq məzuniyyəti müddətinin iki həftə artırılmasına ilkin razılıq almışıq"
"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihələri ilə bağlı mübahisələr bu gün də davam etməkdədir. Parlamentin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli qanun layihəsinin əleyhinə çıxanların yanıldıqları qənaətindədir:
- Ötən il müzakirəyə çıxarılan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi ətrafında xeyli mübahisə getdi. Etirazlar, əslində, cəmiyyətin və parlamentin özünün bugünkü reallıqlardan, dünyada gedən səhiyyə inqilabi proseslərindən uzaq qalmasının nəticəsidir... Bilirsiniz, bəzən yeri gəldi-gəlmədi bu qanunla bağlı etirazları milli mentalitetimizlə bağlayırlar. Əslində isə reproduktiv sağlamlıq mentalitetə dəxli olmayan bir məsələdir. Dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı proseslər gedir. Misal üçün, qonşu İran İslam Respublikasında bu yöndə önəmli addımlar atılır. Ona görə hesab edirəm ki, bu sənədin müzakirəyə çıxarılmasının özü bizim uğurlarımızdan biri sayılmalıdır. Biz bununla cəmiyyətə bir növ mesaj göndərmiş olduq, proqressiv bir qanunvericilik sənədini ortaya qoyduq, sözümüzü dedik, müzakirələr getdi, ciddi polemikalar oldu. İnanıram ki, zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul olunacaq. Buna heç bir şübhəmiz yoxdur. Ötən il həmçinin uzun müddətdən bəri üzərində işlədiyimiz Əmək və Ailə məcəllələri ilə bağlı işləri davam etdirmişik. Sual oluna bilər ki, nəyə görə sözügedən məcəllələrə edilməsi nəzərdə tutulan dəyişikliklər ötən il olunmadı. Bunun başlıca səbəblərindən biri o idi ki, cəmiyyətdə bu dəyişikliklərə münasibət birmənalı deyildi. Qeyd edim ki, bir qrup bu əlavə və dəyişikliklərin edilməsinin tərəfdarı, digər qrup isə əleyhdarı kimi çıxış etdi. Əslində hər iki tərəfin arqumentlərində də tutarlılıq var idi. Yəni biz hər iki tərəflə razılaşmalıydıq. Amma bununla belə son nəticədə daha proqressiv fikirləri dəstəklədik. Növbəti sessiyada mütləq bu məcəllələrə dəyişikliklər məsələsinə qayıdacağıq... - Hər iki məcəlləyə edilməsi gözlənilən dəyişikliklər və əlavələr hansılardır? - Ailə Məcəlləsi ilə bağlı mübahisə mövzusu olan dəyişikliklərdən biri qızların evlənmə - nikah yaşının artırılması barədədir. Bu məsələ hələ də polemika mövzusu olaraq qalmaqdadır. Biz təklif edirik ki, qızlar üçün nikah yaş həddi 18 müəyyənləşdirilsin. Amma bəziləri deyirlər ki, istisna hal kimi qızlar 17 və ya 16 yaşda da nikaha girə bilərlər. Biz deyirik ki, nikaha daxil olanlardan tibbi arayış alınsın. Bəziləri isə deyirlər ki, bu, mütləq imperativ norma kimi müəyyənləşdirilsin. Eyni zamanda əmlak, mülkiyyət müqaviləsinin bağlanması məsələsi də gündəmdədir. Biz deyirik ki, bunu imperativ şəkildə müəyyənləşdirmək olmaz. Çünki digər qanunlarla ziddiyyətlər yarana bilər, amma digər qisim insanlar deyirlər ki, bu məsələ də mütləq imperativ norma kimi məcəllədə öz əksini tapsın və sair. Bunlar polemika doğuran məsələlərdir ki, mütləq baxılmalıdır. Əmək Məcəlləsinə gəlincə, biz doğuşdan sonra qadınların analıq məzuniyyəti müddətinin artırılmasını istəyirik. Burada da iki variant var. Birinci variant bu müddətin iki həftə, ikinci variant isə üç ay artırılmasıdır. Bu da müzakirə mövzusudur və açıq qalır. Onu da deyim ki, biz bu müddətin iki həftə artırılmasına artıq ilkin razılıq almışıq və bu baxımdan ola bilər ki, sonda elə bu variant üzərində dayanılsın. - Deputat həmkarınız və komitənizin üzvü Elmira Axundova dəfələrlə belə bir məsələni gündəmə gətirib ki, bir sıra ölkələrdə, o cümlədən Qazaxıstanda olduğu kimi, Azərbaycanda da uşaq anadan olan kimi onun adına bankda hesab açılsın. Bu məsələ gələcəkdə reallaşa bilərmi? - Bu təklif müzakirə mövzusu olaraq qalmaqdadır. Məsələn, Rusiyada uşağın dünyaya gəlməsi ilə bağlı çox ciddi addımlar atılır, buna çox böyük miqdarda maliyyə dəstəyi ayrılır. Orada analıq kapitalı adlı bir məfhum var. Yəni ana hamilə olan andan ona 25 min rubl pul ayırırlar. Bu pul ananın hamiləlik dövründə müalicəsinə, müayinəsinə və digər xərclərinə sərf olunur. Eyni zamanda bu ölkədə ipoteka kreditlərinin uşaqla bağlı maraqlı formaları mövcuddur. Məqsəd də məlumdur. Bu gün Rusiyada təbii artım yoxdur. Hər il Rusiya əhalisi təxminən 780 min nəfər azalır. Hökumət də stimullaşdırıcı addımlar atmaqla təbii artımı bərpa etmək istəyir. Azərbaycana gəlincə, təbii artım 1,1 faizdir. Bunun özü çox böyük rəqəmdir. İldə təxminən 100 min artım deməkdir, əhalimizin sayı artıq 9 milyon nəfərə çatıb. Bu baxımdan hesab edirəm ki, bizdə doğuşu həvəsləndirməkdənsə, daha çox uşaq ölümünün qarşısının alınmasına cəhd göstərilməlidir, reproduktiv sağlamlığı yaxşılaşdırmağa çalışmalıyıq. - Bununla bağlı konkret təklifləriniz nədən ibarətdir? - Bu gün təxminən 12 faiz dünyaya uşaq gətirə bilməyən insanımız var. Təsəvvür edin ki, onları sağalda bilsək, təbii artım haradasa 1,3-1,5 faizə çata bilər. Bu da çox ciddi rəqəmdir. Ona görə biz doğuşdan daha çox, bu dediyimiz məqamlara diqqəti artırmalıyıq. Onu da qeyd edim ki, ölkə başçısı demoqrafik təhlükəsizliklə bağlı proqram imzalayıb. Demoqrafik təhlükəsizlik də odur ki, bu məsələdə bir az tənzimlənmə olsun. Məsələn, İranda bu məsələ çox ciddi tənzimlənir. Orada sterilizasiya deyilən proses mövcuddur. Maliyyə imkanları məhdud olan ailələrə uşaq dünyaya gətirməyi dolayısı yolla qadağan edirlər. Odur ki, son illər ərzində İran əhalisinin sayı dəyişməz olaraq 70 milyon qalır. Əlbəttə, bizdə də buna oxşar addımlar atılmalıdır. Məsələn, bu gün 20 it saxlayıb, bir uşağı olan imkanlının demirəm 20 də uşağı olsun. Amma belə şəxslər üç it saxlayırlarsa, heç olmasa üç də uşaq böyütsünlər. Özünüz də fikir versəniz görərsiniz ki, ABŞ-da, Qərb ölkələrində imkanı geniş olan insanların daha çox uşağı var, nəinki imkansızların. Ancaq bizdə əksinədir. İmkansızların daha çox uşağı var. Elə bilirəm ki, bu proseslər bizdə də tənzimlənsə, maliyyə həvəsləndirməsinə də ehtiyac qalmaz.
Gülər KƏRİMLİ.
|