Azərbaycan ailələrinin möhkəmləndirilməsi yolları araşdırılıb

Elşad Miri: "Azərbaycan ailəsinin bünövrəsində yaşayan İslam prinsiplərinə əməl etməklə ailələrin möhkəmliyini təmin edə bilərik"

Son illər respublikamızda qurulan ailələrin böyük bir hissəsi dağılır. Ölkəmizdə boşanma hallarının artması artıq parlament səviyyəsində müzakirə olunub. Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, təkcə ötən il dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artıb. Bundan başqa, ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb ki, bu da 2010-cu illə müqayisədə 1901 fakt artıqdır. Hər bir problemin həlli isə onu doğuran səbəblər aradan qaldırıldıqdan sonra mümkündür. Artıq respublikamızda bu istiqamətdə araşdırmalar aparılmaqdadır. Təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyəti institutları da tarixən öyündüyümüz ailə dəyərlərinin qorunması istiqamətində tədbirlər görür.
Məsələyə münasibət bildirən fəlsəfə doktoru Elnarə Akimovanın sözlərinə görə, Azərbaycan ailəsi dəyərlərinin minillik tarixi var: "Həmin dəyərlər nəsil-nəsil mühafizəkarlığını və yaşarlığını qoruyaraq öz milli mövcudluğunu zamanın sərt sınaqlarından bütöv və zədəsiz çıxara bilir. Məhz o dəyərlər Azərbaycan ailəsini bir model olaraq formalaşdırmağa və dünyaya təqdim etməyə imkan verir. Hansıdır bu dəyərlər? İlk növbədə, ailə məfhumunun özünün bizdə ciddi əhəmiyyət daşıması amili, ona nəsilartımına vəsiqə verən bir müqəddəs nəsnə kimi yanaşılması. Təbii ki, ailəni qurmaq hələ işin o qədər də mürəkkəb, çətin olmayan başlanğıcıdır. Əsas məsələ onun qorunması, möhkəmliyinə çaba göstərilməsidir. Ailənin qorunmasında, onun möhkəmlənməsində rol oynayan dəyərlər qarşılıqlı inam və hörmət hissinin mövcudluğudur. Mən bu fikirdəyəm ki, sevgi ailəyə aparan ilkin vasitədir, ailənin qurulması üçün önəmli olan əhəmiyyətli məqamdır, lakin onun qorunması, davamlılığı üçün yeganə şərt deyildir. Ailə civarında münasibətlərin harmoniyasının yaradılmasında sevgi növbənöv modifikasiyalara məruz qalır, yəni şəklini dəyişir. Başqa dəyərlər önə çıxır, başqa meyarlar dominanta çevrilir. Sevgi sanki öz rolunu oynayıb səssizcə öz sakitliyinə çəkilir. Əlbəttə, əslində bu, bir görüntüdür, o dəyərlər ki, minillik Azərbaycan ailəsi ona tapınaraq yaşayır, alt qatda olan sevgidən rişələnir. Ailənin möhkəmliyi də məhz bu məqamda, onların bu missiyanı nə dərəcədə realizə edə bilməsi ilə şərtlənir, yəni sevgi, qarşılıqlı hörmət və inam, bişməyin-ailə bütövlüyünə nail olmağın yolu bu mərhələlərdən keçir".
İlahiyyatçı Elşad Mirinin yanaşmasına görə isə, milli dəyərlər bəzi hallarda öz yerini dırnaqarası dəyərlərə təslim edir: "Buna görə də bəzi hallarda Azərbaycan ailəsində müəyyən dəyişikliklərin şahidi oluruq. Bunların qarşısını almaq üçün biz keçmiş tariximizə baxmalıyıq.Yəni nənə - babalarımızın qoruyub bizə ötürdüyü həmin ailə dəyərləri necə formalaşıbsa, bu gün də o dəyərləri qoruyub saxlayıb ailələrimizin yaşamını, varlığını ona uyğun davam etdirə bilərik. Keçmişdə statistika aparılmırdı, amma ümumi müşahidələr nəticəsində görürdük ki, həmin illərdə boşanma nə qədər az olurdu, amma günümüzdə boşanmaların nə qədər sadələşdiyinin və çoxaldığının şahidi ola bilərik. Bütün bunlarda da degenerasiya, əxlaqi tənəzzül olduğu ortaya çıxır. Ona görə də biz bu təməlin qorunmasında illərin sınağından çıxan və Azərbaycan ailəsinin bünövrəsində yaşayan İslam prinsiplərinə əməl etməklə ailələrin möhkəmliyini təmin edə bilərik".



«Azərbaycan ailələrinin möhkəmləndirilməsi yolları araşdırılıb»   -
«Ülfət Qazeti»   -