Metropoliten təkliflərini Tarif Şurasına göndərib

Tağı Əhmədov: "Bir sərnişinin daşınması 49,2 qəpiyə başa gəlir"

Bakı Metropolitenində gedişhaqlarının artırılmasından sonra sərnişinlərin sıxlığında 10 faiz azalma müşahidə olunub. Bu barədə məlumat verən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov yeni ildən metronun qiymətinin 20 qəpik olub-olmayacağı məsələsinə də münasibət bildirib: "Mən ancaq Tarif Şurasının verdiyi qiymətə əsaslanıram. Qiymət neçə qoyulacaqsa, elə də olacaq. 13 il gedişhaqları 5 qəpik oldu. Gedişhaqqı 10 qəpik də olsa, 50 qəpik və ya pulsuz da olsa, mən ona işləyəcəyəm".

T.Əhmədov onu da qeyd etdi ki, dotasiyasız metronun fəaliyyət göstərəcəyini heç vaxt düşünmək lazım deyil. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində metro özünün rentabelliyini qorumur və bu, qeyri-mümkündür: "MDB məkanında ən səviyyəli və bütün imkanları olan Moskva metrosudur ki, bu gün qiyməti 70 qəpik olsa da, yenə də öz ehtiyaclarını ödəmir. Metropoliten həmişə subsidiya alıb və alacaq".
Öyrəndik ki, metropoliten rəhbərliyi tərəfindən Tarif Şurasına hər rübdə qiymətlərlə bağlı yeni təkliflər verilir. Təkliflər bir sərnişinin daşınmasına çəkilən xərclə hesablanır. Tağı müəllimin dediyinə görə, hazırda bu göstərici 49,2 qəpiyə bərabərdir. Qurum səlahiyyətlisi yeni stansiyaların tikintisi barədə də danışdı: Dedi ki, 2040-cı ilə qədər 68 stansiyanın inşası nəzərdə tutulur. Bakı-Sumqayıt metrostansiyasının tikintisi ikinci plandadır. Birinci planda Avtovağzaldan Xırdalana olan istiqamətdə yeni stansiyanın tikintisi planlaşdırılır.
Metrostansiyalarda yeni eskalatorların quraşdırılması məsələsinə də toxunan T.Əhmədov prosesin mərhələli şəkildə həyata keçiriləcəyini vurğuladı: "Məlum olduğu kimi, eskalatorların istismar müddəti 50 ildir. 8 il müddətində proses bütün stansiyalarda tədricən həyata keçiriləcək".
GülƏr.



«Metropoliten təkliflərini Tarif Şurasına göndərib»   -
«Ülfət Qazeti»   -