Ali məktəblərdə adambaşına maliyyələşmə birmənalı qarşılanmır
Etibar Əliyev: "Bu məsələ müstəqillik əldə etdikdən sonrakı 3-6 il ərzində öz həllini tapmalı idi"
Vüqar Bayramov: "Yeni sistemin tətbiq metodikası işləndikdən sonra geniş ictimai müzakirələrə ehtiyac olacaq"
Gələn dərs ilindən Azərbaycanın bütün ali məktəblərində adambaşına maliyyələşməyə keçməklə bağlı məsələ gündəmə gəlib. Dünya Bankı bu layihəyə kredit ayırmağa hazır olduğunu bildirir. Təhsil Nazirliyi bu işin reallaşmasının təhsilin keyfiyyətinə müsbət təsir edəcəyi qənaətindədir. Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində adambaşına hər tələbəyə düşən vəsaitlər bir-birindən fərqlənir: "Biz istəyirik ki, bu fərqlər obyektiv olsun. Ali təhsilə ayrılan vəsaitlər səmərəsiz xərclənməsin. Əsas məqsədimiz ali təhsilə ayrılan vəsaitlərin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməsidir". Amma ekspertlər arasında fərqli düşünənlər də var. Təhsil məsələlərini araşdıran ekspert Etibar Əliyev bu məsələdə gecikdiyimizi bildirir: "Əslində, bu məsələ müstəqillik əldə etdikdən sonrakı 3-6 il ərzində öz həllini tapmalı idi. Təəssüf ki, bu baş vermədi. İndi 19 il keçdikdən sonra təhsil sahəsində hansısa islahata başlanılması bir qədər anlaşılmaz görünür. Bütün bu ideyalar Qərbdən götürülüb. Amma bunun Azərbaycanda icra mexanizmini işləyib hazırlamaq uzun vaxt lazımdır". E.Əliyevin sözlərinə görə, sovet dövründə ödənişli təhsil yox idi, ancaq təhsilin keyfiyyəti indikindən bir neçə dəfə yüksək idi: "Yəni o zamanlar dövlətin hesabına verilən orta və ali təhsil çox yüksək səviyyədə qurulurdu. Bütün tədqiqatlar bunu təsdiq edir. Bütün parametrlərinə görə indiki təhsilin səviyyəsi çox aşağıdır. Hazırda Azərbaycanda hər tələbəyə düşən vəsait başqa ölkələrlə müqayisədə xeyli azdır. Hər tələbəyə təxminən 1000 manatdan bir qədər artıq vəsait düşür. Aydın məsələdir ki, bu, dünya standartlarından çox aşağıdır. Halbuki Qərbdə elə universitetlər var ki, hər tələbəyə düşən vəsait 12 mindən 20 min dollara qədər dəyişir". Ekspert orta məktəblərdə də bu sistemin özünü doğrultmayacağı qənaətindədir: "Orta məktəblərdə şagird hesabına maliyyələşmə ideyası Dünya Bankının layihəsindən irəli gəlirdi. Bu, istənilən effekti vermədi. Azərbaycan ali məktəblərində də yeni maliyyələşmə tətbiq olunsa, mexanizm işləsə belə, bu yenilik yaxın 10-12 ilə öz bəhrəsini verməyəcək. Çünki yeni maliyyələşmənin istənilən effekti verməsi üçün tələbəyə seçim hüququ verilməlidir. Bundan ötrü ali məktəblərdə müəllimlərin seçilməsini təmin edəcək tələbələrin icması yaradılmalı, müstəqil tələbə hərəkatları formalaşmalıdır. Eyni zamanda tələbələrə azadlıqlar verilməlidir ki, vəsaitin onların keyfiyyətli təhsil almasına xərclənməsi mümkun olsun. Əks təqdirdə bu şəraitdə adambaşına maliyyələşdirmə sistemi ali təhsil sahəsində heç bir dəyişikliklərə səbəb olmayacaq. Bütün bunlar Boloniya bəyannaməsində öz əksini tapıb". İqtisadçı-ekspert Vüqar Bayramov ali tədris ocaqlarında adambaşına maliyyələşdirməyə keçidin təhsil sistemində aparılan islahatların tərkib hissəsi olduğunu vurğuladı: "Bu mexanizmin hazırlanması və işə düşməsi üçün metodika hazırlanır. Bu mexanizmə keçiddə təbii ki, gecikmişik. Çünki söhbət ondan gedir ki, bir çox ölkələr artıq bu prosesi çoxdan tətbiq edir və müəyyən uğurlar da əldə edib. Nəzərə alaq ki, Azərbaycanda adambaşına maliyyələşdirmə mexanizmi təzədir, praktik olaraq bu anlayışın özü müstəqillik əldə edildikdən sonra istifadə olunmağa başlayıb. Avropa ölkələrinin əksəriyyətində isə bu mexanizmdən xeyli vaxtdır istifadə olunur. Bu sistemə keçid yeni tədris ilində mümkün olmasa da, növbəti illərdə tətbiq olunması gözləniləndir. Amma reallıq ondan ibarətdir. Yeni sistemin tətbiq metodikası işləndikdən sonra geniş ictimai müzakirələrə ehtiyac olacaq. Çünki kifayət qədər ciddi islahatların aparılmasından söhbət gedir". V.Bayramov təhsilin maliyyələşdirilməsi sahəsində yeni yanaşmanın bir sıra üstünlüklərinin olduğunu bildirdi: "Bu birmənalı şəkildə ali təhsilin yeni sistem əsasında qurulmasına gətirib çıxaracaq. Başqa üstünlüyü ondan ibarətdir ki, bu cür maliyyələşmə hər bir tələbənin xərclərinin özləri tərəfindən müstəqil şəkildə qiymətləndirməyə imkan verəcək. Digər tərəfdən, smeta tərtib olunarkən ali məktəblər imkan verməyəcək ki, vəsaitləri təyinatından kənar xərclənsin. Reallıq ondan ibarətdir ki, ali məktəblərə ayrılan vəsaitlərin çox hissəsi tikinti-təmir işlərinə sərf edilir. Hətta bəzən təmirə ehtiyac olmadığı bir halda ali məktəb rəhbərləri həmin pulların silinməsi üçün bu yola üstünlük verirlər. İndiki maliyyəlşdirmə üsulunun da təhsilə yönələn vəsaitin haradan gəlib hara getməsinə nəzarət imkanları zəifdir. Yeni maliyyələşdirmənin əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, ali məktəblərdə vəsaitlərin xərclənməsi üzrə şəffaflıq artacaq". Müsahibimiz orta məktəblərdə də adambaşına maliyyələşdirmə sisteminə keçməsi istiqamətində müəyyən addımlar atıldığını vurğuladı: "Bir neçə il olar ki, Dünya Bankı orta məktəblərə maliyyə müstəqilliyinin verilməsi üçün bir sıra rayonlarda pilot məktəblər seçib və layihə həyata keçirir. Düzdür, hələlik buna tam nail olunmayıb. Orta məktəblərdə də adambaşına maliyyələşmənin özəlliyi odur ki, qərarların qəbul edilməsi mərkəzləşdirilmir. Bu prosesdə daha çox maliyyə müstəqilliyi verilən məktəbdə, universitetdə oxuyan şagird, tələbə cəmiyyəti, valideyn şurasının təsiretmə imkanları artıb. Deməli, yeni maliyyələşmənin tətbiqi yalnız büdcədən ayrılan vəsaitlərin xərclənməsində səmərəliliyin təmin olunması deyil, həmçinin orta və ali məktəb səviyyəsində qərarların qəbuledilməsində mərkəzləşmənin aradan qaldırılmasıdır". Müsahibim yeni maliyyələşmənin tətbiqində nəzərəçarpan yubanmanı ali məktəblərin yeni sistemin tətbiqi üçün hazır olmaması ilə əlaqələndirdi.
Xalid AZƏR.
|