Avropa ölkələrində baxımsız məzarlıqlar ya başqasına verilir, ya da...

Parlamentin Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Rafael Hüseynov "Memoriallar, məzarlıqlar, xatirə lövhələri və abidələri haqqında" qanun layihəsi hazırlayıb. Millət vəkili bildirib ki, qanun layihəsini hazırlamazdan öncə başqa ölkələrin analoji qanunlarını əldə edib. Bundan sonra bu yöndə araşdırmalar aparıb və qanun layihəsini hazırlayıb:

"Bir sıra ölkələrdə bu yöndə müxtəlif qanunvericilik aktları mövcuddur. Azərbaycan üçün də belə bir sənədin çox ciddi əhəmiyyəti olacaq. Bizim "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələri haqqında" qanunlarımız var, onlar geniş sahələri əhatə edir. Amma ayrı-ayrı sahələr var ki, onlar daha konkretdir və özünəməxsus xüsusiyyətlərə malikdir. Bir sıra xüsusiyyətlər var ki, onlar da mütləq qanunlarda öz əksini tapmalıdır. Avropa ölkələrində məzarlıqlar xüsusi qanunla idarə olunur, tənzimlənir. Hər kəs istədiyi ölçüdə məzar qaza, istədiyi hündürlükdə abidə ucalda bilməz. Məzar yerlərinin verilməsi barədə vətəndaşla dövlət orqanları arasında xüsusi müqavilələr bağlanılır. Hətta torpağın da müəyyən icarə müddətləri var. Məsələn, mən Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarlıqda qəbirüstü abidəsi dəyişdirilərkən oradaydım. Həmin vaxt gördüm ki, bəzi məzarların üstünə belə bir lövhə qoyulub: sahibləri gəlib çıxmasa, onlar ləğv ediləcək. Baxımsız, sahibsiz məzarlar başqa birisinə verilir".
Millət vəkili bildirib ki, hazırda Azərbaycandakı, xüsusilə Bakı şəhərindəki məzarlıqların vəziyyətinə baxanda burada bir nizamsızlıq hiss olunur: "Ona görə bu sahədə bir qayda yaradılmalıdır. Yaxud götürək xatirə lövhələrini. Bakı şəhərində ayrı-ayrı binaların üzərində məşhur şəxsiyyətlərin, o binalarda yaşamış, ömür sürmüş ziyalıların xatirə lövhələri var. Amma bu xatirə lövhələri necə, hansı böyüklükdə olmalıdır? İnsanın hansı xidmətlərinə görə ona xatirə lövhəsi qoyulmalıdır? Hesab edirəm ki, bunlar ixtiyari şəkildə olmamalı, qanunla tənzimlənməlidir. Bununla yanaşı, qanunda memorialların, xatirə abidələrinin harada yerləşdirilməli olduğu, hansı şəxslərə və hansı xidmətləri olanlara qoyulması da dəqiq göstərilməlidir. Müxtəlif ölkələrin qanunvericilik aktlarında da bunlara müvafiq cavablar var. Mən də onları araşdırmışam və bu araşdırmanın əsasında Azərbaycan üçün məqbul bildiyim qanun layihəsi hazırlamışam. Düşünürəm ki, komitədə buna baxılandan sonra daha konkret fikrə gəlmək mümkün olacaq".
Millət vəkilinin hazırladığı digər qanun layihəsi Göygöllə bağlıdır. Onun sözlərinə görə, bu qanun layihəsini hazırlamağı 6-7 il öncə Parisdə YUNESKO-nun keçirdiyi tədbirdə qərara alıb. Həmin tədbir YUNESKO-nun çox vacib konvensiyalarından birinin - Dünyanın müasir və təbii irsi Konvensiyasının qəbulunun 30 illiyinə həsr olunubmuş: "Orada gördüm ki, dünyanın ən müxtəlif ölkələrindən onlarca çox qiymətli müasir mədəniyyət abidələri, eləcə də təbiət abidələri həmin Konvensiyaya daxil edilib, onun çərçivəsində qorunur. Məsələn, o çərçivədə qorunan təbiət abidələrindən biri məşhur Baykal gölüdür. Mən də o zaman oraya bir siyahı tərtib edib verdim. Mənə dedilər ki, bu yöndə təkliflər vermək olar, ancaq həmin təkliflərin arxasında müəyyən qanunverici baza olmalıdır. Məsələn, Baykal gölü haqqında ərazisində yerləşdiyi ölkənin ayrıca bir qanunu var. O zaman Konvensiya çərçivəsində Azərbaycanın maddi-mədəniyyət abidələri arasında yalnız İçərişəhər qorunurdu. Amma sonradan bu istiqamətdə böyük irəliləyişlər baş verdi. Xüsusən Mehriban xanım Əliyevanın YUNESKO çərçivəsindəki fəaliyyəti bu işlərin irəliləməsində böyük təkan oldu. İndi Qobustan da ora daxildir. Bundan başqa, muğam, aşıq sənəti də bu cərgəyə daxil olmaqdadır. Göygöl dünyada yeganə göldür ki, dəqiq doğum tarixi var: 1139-cu ilin sentyabr ayının şənbə günü”.
Millət vəkili qeyd edib ki, son dövrlər Göygölün qorunmasına çox böyük diqqət ayrılıb. Dövlətin bu istiqamətdə qayğısı özünü göstərməkdədir. Amma bir tək Göygöl deyil, onun ətrafı da qorunmalıdır.

Gülər KƏRİMLİ.



«Avropa ölkələrində baxımsız məzarlıqlar ya başqasına verilir, ya da...»   -
«Ülfət Qazeti»   -