“Tarix bizə ümumi dil, kök, varlıq, vahid keçmiş bəxş edib”

- Ustad, Siz bir neçə dəfə Azərbaycanda olmusunuz. Sizi burada sevirlər, tanıyırlar, əsərlərinizi dönə-dönə oxuyurlar. Demək yerinə düşər: Sizin yaradıcılığınız cavanlar arasında çox sevilir… Maraqlıdır, Azərbaycanın adı gələndə Sizdə hansı hisslər oyanır? Ümumiyyətlə, Azərbaycan və azərbaycanlılar Sizin üçün nə deməkdir?
- Azərbaycan mənim üçün həm tariximizin, həm də müasir dövrümüzün ayrılmaz hissəsidir. Yenidənqurmadan, bizlər öz müstəqilliyimizi qazandıqdan sonra özümüz üçün türk dünyasının mahiyyətini yenidən dərk etməyə başladıq. Bu zəmində də dünyanın mədəni-etnik varlığı böyük əhəmiyyət daşıyır. Biz bir-birimizi dərindən dərk etməliyik. Bu mənada Azərbaycanın aparıcı rolu danılmazdır… Yeri gəlmişkən, biz sizinlə "Lider" televiziyasının studiyasındayıq. Bir məsələni deməyi özümə borc bilirəm: uzun illər Avropada diplomatik vəzifədə çalışarkən, bir çoxları üçün və şəxsən mənim üçün sizin kanal çox vacib informasiya mənbəyi olub.
- Yəni Siz hazırda Qırğızıstanın Belçikada fəaliyyətdə olan səfiri kimi türk dünyası haqda bilgilərinizi inkişaf etdirməyə ehtiyac duyursuz və "Lider" kanalı Sizin yardımçınızdır?
- Bəli, imkan düşən kimi mən həmişə "Lider" telekanalına köklənirəm, tez-tez maraqlı proqramları izləyirəm. Bununla yanaşı, həm də Qazaxıstanın "Kaspionet" kanalını izləyirəm. Sevindirici haldır ki, bu iki kanal Avropada daim yayımlanır və onların vasitəsilə bizim ölkələrdə, ümumiyyətlə, türk dünyasında baş verənlərdən xəbər tutmaq imkanımız var.
- Bu sözləri Sizdən eşitmək çox xoşdur, təşəkkür edirəm… Ustad, bizlərə fəal dəyişikliklər, islahatlar dövründə yaşamaq nəsib oldu. Təbii haldır ki, hamımız bu islahatların bəhrələrini görməyə tələsirik. Amma arxada qalan illərin əsas nəticələrindən biri də ondan ibarətdir ki, bütün islahatların müqəddəratının şüurlarda baş verən dəyişikliklərlə əlaqəli olduğunu dərk etdik. Hətta "şüurun yenidən qurulması, islahatı" kimi ifadə də var. Sizin son 15-20 ildə şüurlarda baş vermiş dəyişikliklərə münasibətiniz necədir?
- Elə başa düşürəm ki, siz ilk növbədə özünüdərk hissinin təkamülündə gedən dəyişiklikləri nəzərdə tutursuz. Belə ki, bu proses əsasən fərdi halda hər bir kəsdə baş verməlidir. Sonrakı mərhələdə bu proses kollektiv formada gərək özünü büruzə versin. Hər iki mərhələ bir-birilə sıx bağlı olmalıdır. Ümumilikdə isə bu prosesin cəmiyyət üçün çox vacib əhəmiyyəti var və o, getdikcə artır. Düşünürəm, bizim 21-ci əsrə qədəm qoymamız, hadisələrlə, böyük ixtiralarla, sivilizasiya sıçrayışları ilə ayaqlaşmağımız hamımızın şüuruna təsirsiz ötüşməyib. Müasirlərimizin dünyagörüşü, dünyaya baxışları, milli mənlik hissimiz güclənib. Bu prosesə yeni texnologiyaların da böyük təsiri olub. Media da öz müsbət təsirini göstərib… Fikir versək görərik ki, "kosmos" anlayışı artıq kollektiv şüura həkk olub, adiləşib, gündəlik həyatımızda müəyyən yer tutur. Belə olan halda hər şey aydınlaşır. Əvvəllər bu anlayış daha çox fantastika aləminə aid idi, indi isə reallığımızın bir parçasıdır. Dünyanı, ətrafımızı dərk etmək üçün əzəmətli imkanlar qazanmışıq. Özünüdərk hissi hamımızı zamanın tələblərinə, çağırışlarına müvafiq cavab verməyə sövq edir…
İndi bizlər yeni epoxaya qədəm qoymuşuq. 21-ci əsrin aparıcı tələbi demokratiya və sabitliyə, bütün sahələrdə irəliləyişə doğru aparan yola çıxmaqdır. Elə bu tələblər özləri böyük nailiyyət deməkdir. Ola bilsin hamı və hər yerdə bunlara çevik şəkildə yiyələnə bilmir. Amma əsas məsələ ondan ibarətdir ki, perspektivə baxanda, boşluq görmürük. Orada konkret məqsədləri seçə bilirik. Mənim qənaətim ondan ibarətdir ki, biz tarixin vacib və fəal fazasındayıq.
- Təəssüf doğuran məqam odur ki, 15-20 il əvvəl xalqlar demokratiya, azadlıq arzusu ilə yaşayaraq, tez bir zamanda nəticə əldə etmək gözləntisində idilər. Amma əsas proseslər onların fikirləşdiyi tərzdə keçmədi. Bir çox xalqlar çox çətin və gözlənilməz prolemlərlə qarşılaşdılar, çünki digərləri üçün demokratiya və azadlıqlar tam başqa məna daşıyırdı. Bizim payımıza qonşumuz tərəfindən hərbi təcavüz düşdü. Sonra isə müharibə başladı… Görün, bizim sizinlə görüşümüz hansı günə təsadüf edir? Bu gün tək Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün kədərlidir, çünki 16 il əvvəl balaca Xocalı şəhərinin dinc əhalisi qonşu ölkənin silahlı birləşmələri üçün hədəfə çevrildi… Siz də bu gün Xocalı qurbanlarının abidəsi önünə əklillər qoydunuz, elə deyilmi?
- Bəli, əklil qoydum, sayğı duruşunda onların xatirəsi qarşısında baş əydim. Məni heykəldə təsvir olunmuş qadın və uşaq obrazı çox təsirləndirdi… Nə deyə bilərəm? Əlbəttə ki, belə ağır hadisələr insanların qəlbində dərin iz qoyur. Bu, çox dəhşətli hadisədir. Qəribə, məntiqsiz ideyalara, sayıqlamalara qapılan adamların əməllərinə varanda, özü də belə davranışın arxasında qətl hadisələri durursa, yalnız bir qənaətə gəlmək olur: bəzi adamlar hələ də humanistlik baxımından geridə qalaraq, kamillikdən çox uzaqdadırlar. Qlobal baxımdan da bu kateqoriya müasirliyə cavab vermir. Geosiyasi nöqteyi-nəzərdən bu, əsl barbarlıqdır… Təəssüflənməkdən başqa heç nə qalmır… Gərək çalışaq ki, belə hallar, dəhşətlər təkrarlanmasın, heç yerdə bir də baş verməsin…
- Faciənin daha bir təzahürü ondadır ki, bizim xalq böyük itkilərə məruz qaldı. Ermənistandan, Qarabağdan da milliyyətcə ermənilər mühacirətə getməli oldular. Çünki onlar da öz ölkələrinin təcavüzkarlığıyla barışmadılar. İndi Avropada, Amerikada yaşayan bu insanlar gizlətmirlər ki, onları yerindən eləyən müharibənin vəhşilikləri oldu. Bir sözlə, bu müharibə öz qanı-qadasıyla milliyyətindən asılı olmayaraq, bir çox insanların taleyini qaraltdı. Belə olan halda təəccüb doğuran odur ki, dünya birliyi sanki heç bir şey olmamış kimi, baş verənləri düzgün qiymətləndirməkdən boyun qaçırır. Bunun səbəbini nə ilə izah etmək olar? Niyə həqiqəti deməkdən qorxmaq lazımdır?
- Bu sualı cavablandırmaq mənə bir qədər çətindir. Deyə bilmərəm, belə münasibət hansı motivlərdən, niyyətlərdən doğur. Amma heç nəyə baxmayaraq, hadisə öz dəhşətli mahiyyətini itirmir və göstərir ki, günü bu gün də barbarlıq hər an təkrarlana bilər. Tarixdə yer almış bu olayları süzgəcdən keçirdikdə, bir şeyi nəzərə almaq lazımdır ki, bizlər ayrı-ayrı qrupların deyil, insan çoxluğunun qayğısına qalmalıyıq və bu istiqamətdə hələ çox səylər göstərilməlidir.
- Siz özünüz dəfələrlə uşaqlığınızın müharibə dövrünə təsadüf etməsindən, o illərin əzablarından yazmısınız. Məntiq etibarilə, cinayətin arxasında duranlar öz cəzalarını çəkməlidirlər. Onlara qarşı ictimai qınaq, nifrət mütləq ifadə olunmalıdır, elə deyilmi?
- Bəli, ilk növbədə ictimai ittiham olmalıdır. Əks təqdirdə hər şey təkrarlana bilər… Məsələ münaqişəlidir, çoxölçülüdür.
- İstərdim türk dünyasının çağdaş durumuna münasibətinizi bildirəsiniz. SSRİ dağıldıqdan, soyuq müharibə bitdikdən sonra onun gələcəyilə bağlı böyük ümidlər var idi, münasibətlərin sürətli inkişafı təxmin edilirdi. Belə oldumu?
- Bu münasibətlər var, yaxşı olardı ki, onlar daha dərin, daha səmərəli xarakter daşısın.
- Siz müxtəlif "…izm"lərdən qurtulmuş münasibətləri nəzərdə tutursunuz?
- Bəli, perspektivlər, imkanlar genişdir. Həm də dərin mənalı münasibətlərin qurulması üçün yetərincə resurslarımız var. Onlar böyük amallar, ideyalar ətrafında formalaşır. Düşünürəm, ilk növbədə humanitar, mədəni-etnik müstəvidə səylərimizi artırmalıyıq. Tarix bizə ümumi dil, kök, varlıq, vahid keçmiş bəxş edib. Biz bir neçə epoxanı birlikdə keçmişik. Bir-birimizi başa düşməməyimiz, bir-birini başa düşməyə can atmamağımız bağışlanmaz olar. 21-ci əsrdə insan sivilizasiyası bizə birlikdə olmaq üçün əlverişli imkanlar verir.
Avrasiya, bir çoxları üçün mücərrəd səslənsə də, mənim üçün çox konkret mahiyyət daşıyan anlayışdır. O, Rusiyanı və bizim hamımızı əhatə edir. Biz uzun müddət Rusiya ilə birlikdə çiyin-çiyinə addımlamışıq. Böyük sarsıntılardan birgə keçmişik, böyük nailiyyətləri birgə əldə etmişik. Elə götürək kosmos mövzusunu: orada möhkəmlənməkdə bizim hamımızın birgə zəhməti oldu. Avrasiya ideyasını mən çox bəyənirəm, ona ümidli olduğumdan çox dəstəkləyirəm. Düzdür, vaxt ötdükcə onu konkretləşdirmək, təkmilləşdirmək lazım gələcək. Çünki söz yenə də bizim birliyimizdən gedir…
Mən neçə illər Avropada yaşayaraq, Avropa Birliyinin nə olduğunu əyani şəkildə müşahidə edirəm. Birləşmə Avropa ölkələrinin xalqlarına az şey verməyib. Niyə biz bu cərəyandan kənarda qalaq?
- Ustad, bizim milli lider Heydər Əliyev həmişə türk birliyinin mədəni vəhdət kimi təşəkkül tapmasını önə çəkirdi. Çünki geosiyasi sahədə hər kəsin öz maraqları, öz vektorları var. Bu ideologiyaya sadiq qalaraq, o, çox səylər göstərdi ki, mədəni-humanitar məsələlər birlik daxilində öz həllini tapsın. Onun təşəbbüsüylə türkdilli xalqların birinci qurultayı da ərsəyə gəldi. Amma təəssüflər olsun ki, həm onda, həm də indi bəzi ölkələr bu təşəbbüsləri dəstəkləməkdə ləng tərpənirlər...
- Bu o demək deyil ki, həmin ideyalar öz həyati mahiyyətini, aktuallığını itirir. Heydər Əliyev böyük rəhbər və xadim idi. O, təkcə Azərbaycana mənsub deyil. Onun birləşdirici ideyaları hətta zamanı üstələyir. Və onların zəfərinə qətiyyən şübhə etmək olmaz.
- Proseslər dayanmayıb, indi də gedir…
- Elə proseslərin bu tərzdə getməsi təbiidir. Heç vaxt bir anda hər şey öz həllini tapmır; böyük işlər zaman-zaman öz axarına düşür, məqsədə həmişə addım-addım yaxınlaşmaq mümkün olur.
- Sovet dövründə bizlərin muxtariyyatı böyük ölkə daxilində məhdud xarakter daşıyırdı. İndi məhdudiyyət yoxdur. Bəs keçirilən toplantılarda iştirakdan boyun qaçırmağa nə ilə bəraət qazandırmaq olar? Axı indi hamımız eyni hüquqa malikik, heç kim heç kimi nədənsə məhrum etmək imkanında deyil… Problemləri həll etmək üçün əvvəlcə bir araya gəlmək lazımdır. Həll yolları müzakirələrdən sonra qəbul olunur və həyata keçir… İstər-istəməz belə bir sual ortaya çıxır: yəni bizlər, doğrudanmı, birgə olmaqda maraqlı deyilik?
- Zaman ötdükcə biri-birimizə yaxın olmağımızın aktuallığı daha qabarıq görünür. Eləcə də Avrasiya ideyası ətrafında birləşməyimiz də lazım görünür. Əsaslarımız, impulslar ortaya çıxır. Düzdür, bəzən haçalanan maraqlar diqqəti yayındırır. Heç bu məqam da bizlər üçün maneəyə çevirilə bilməz. Müvəqqəti problemlər yaranır, amma yaddan çıxarmaq olmaz ki, onlar müvəqqətidir. Başqa yolumuz yoxdur. Əgər öz varlığımızı, mənliyimizi saxlamaq istəyiriksə, bir-birimizin yanında olmalıyıq.
- Sizin bu fikrinizi yenə bizim ən əsas problemimizə tərəf yönəltmək istəyirəm: Azərbaycan-Ermənistan qarşıdurması kontekstinə qayıdaraq, yada salmaq istəyirəm ki, Qarabağ problemi yeni yaranan vaxtlarda biz gözləyirdik ki, ilk növbədə qardaş türk xalqları erməni istilasına prinsipial münasibət göstərəcəklər. Amma təəssüf ki, biz onlardan ədalət səsini eşidə bimədik. Yalnız Türkiyə Cümhuriyyəti bizi dəstəklədi…
- Bu istiqamətdə də güman edirəm münasib yollar araşdırılacaq, münasibət bildiriləcək…
- Ustad, türkşünaslıq bir elm kimi SSRİ dağıldıqdan sonra mövqelərindən geri çəkilib. Niyə?
- Bu məsələnin həlli bizdən asılıdır. Biz özümüz onu inkişaf etdirməsək, müasirləşdirməsək, başqaları üçün o, bəlkə də, maraq kəsb etməz. Bütün intellektual qüdrətimizi bu elmin inkişafına yönəltməliyik.
- Türkşünaslıq elmi cərəyan kimi Avroasiya ideyasıyla rəqabət aparmır, ona alternativ deyil. Belədirmi?
- Bəli, onlar başqa-başqa sahələrdir. Türkşünaslıq bizim hamımızı vahid sxemə bağlayır.
- İndi də, keçmişdə də qəhrəman obrazının axtarışı ədiblər üçün aktual idi. İnsanlar və cəmiyyət daim dəyişilir. Zəmanəmizin insanı bədii təfəkkür nöqteyi-nəzərindən nə qədər dəyərlidir? Axı 30-40 il əvvəl insanın əsas problemi ətraf mühitlə ünsiyyət tapmaqdan ibarət idi. İndisə fərd mutasiya prosesinə məruz qalmış cəmiyyətlə üz-üzədir. Və onun problemi öz mahiyyətini qorumaqdadır, deyilmi?
- İdeal vəziyyət heç vaxt olmur, yəni insan nadir hallarda öz ətrafıyla harmoniyada yaşayır. Fərd həmişə öz müasirlərilə, mədəni aləmlə, siyasi çevrəylə uyğunlaşa bilmir. Buna baxmayaraq, o, dayanmır, çətin yollarla hərəkətinə davam edir. İnsanın daxilində barış hissini yaratmaq çox çətin işdir. Mən nahaqdan demirəm ki, mürəkkəb elmlərlə məşğul olmaq bəzən ədəbi fəaliyyətdən daha asan görünür. O elmlərin dərinliyinə getmək bəzən insanla davranmaqdan yüngül olur. Buna baxmayaraq, insaniyyət durmadan barbarlıqdan vahid sivilizasiya istiqamətinə hərəkət edir. Bu hərəkət çox baha başa gəlir, amma nə etməli?
- Ədəbiyyat, mədəniyyət həmişə insanı biliyə yaxın olmağa sövq edir. Çünki bilikli insan məqsədinə tez çatır, zəngin dünyagörüşünə malik olur. İndi total informasiya mühitində bilik toplamaq da asan iş deyil. İnternet, digər vasitələr geniş imkanlar yaradır. Belə olan halda hansı qəbildən olan biliklərə yiyələnmək daha məsləhətdir?
- Düşünürəm, hər adamı erkən yaşlarından - uşaqlıqdan istiqamətləndirmək lazımdır ki, o, dünyanı dərk edə bilsin. Bilik həm də ünsiyyət əsnasında digər tərəflərlə vahid məxrəcə gəlmək üçün vacib rol oynayır. Ailədə, məmləkətdə, ümumilikdə sivilizasiya miqyasında bu proses durmadan getməlidir… Bu işin əsasında kamillik məsələsi durur. Özünü kamilləşdirmək isə başqa anlamda sonsuzluq deməkdir. Biz deyəndə ki, dünya sonsuzdur, məhz insan prizmasından baxıb deyirik. Maddiyyat aləmi haqda bunu demək olmaz. Amma mənəvi anlamda sonsuzluq həm də şüurun hədsizliyi deməkdir. Bu gün gündəmdə olan anlayışlar müəyyən müddətdən sonra öz mahiyyətini itirəcək. Və onları yeni-yeni baxışlar əvəzləyəcək.
- Bütün dövrlərdə yüksək mənəvi dəyərlərə malik insan öz mənliyini qorumağa və müsbət keyfiyyətlərini ətrafdakılara aşılamağa çalışır. İndi Qərbdən liberal küləklər əsir. Şərqdən qüdrətli nizam fəlsəfəsinin cizgiləri özünü büruzə verir. Üstəlik, Siz dediyiniz kimi, böyük slavyan mədəniyyətinin də təsiri sezilməkdədir. Müasir türk oğlu öz varlığını qorumaq üçün nə etməlidir?
- Şübhəsiz, türk övladı öz keçmişini unutmadan, haradan faydalı nə gəlirsə, onu dərk edib, mənimsəməyə çalışmalıdır. Biz Avropa, slavyan və digər sivilizasiyaların incilərini kənarda qoymamalıyıq. Artıq biz də dünyaya öz töhfələrimizi verməyə başlamışıq.
- Bir il əvvəl Sizin "Dağlar çökəndə" adlı sonuncu romanınız işıq üzü gördü. Zəngin yaradıcılığınızda onun yerini necə müəyyənləşdirirsiniz?
- Ona çox böyük maraq var. Səbəblərdən biri ondan ibarətdir ki, roman aktual mövzuya - qloballaşmaya həsr olunub. Fərdlə bu sistemin mücadiləsi diqqət mərkəzindədir.
- Biz Sizinlə elə bu haqda danışırdıq, elə deyilmi?
- Bəli. Əsas fikir bazar iqtisadiyyatıyla müasir insanın arasında olan münasibətlərin üzərində cəmləşib.
- Həmkarlarınızın fikrincə, bu əsəriniz əbədilik mövqeyindən qələmə alınıb. Bu, düzgün yanaşmadır, ya yox?
- Deyə bilmərəm, gərək oxucular və mütəxəssislər buna qəti rəylərini bildirsinlər. İntuisiyamda olan duyğulara arxalanaraq yeni əsəri qələmə almışam.
- Əgər özünüz haqda əsər yazmağı qarşıya məqsəd qoysanız, bu əsərin ana fikri, leytmotivi nə ola bilər?
- Özüm haqda? Deyə bilmərəm… Hələ ki, belə fikrim yoxdur. Hələ ki, ürəyimdə olan fikirlərin hamısını yaradıcılığıma köçürməmişəm. Bir də ki, yaxşı olardı, mənim haqqımda başqaları yazsınlar.
- Ustad, səksən illiyiniz və dövlətimizin yüksək mükafatı ilə təltif olunmağınızla bağlı Sizi ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.
- Həm də, bilirsiniz, mənə verilmiş "Dostluq" ordeni 1-ci nömrə ilə qeydə alınıb.
- Çox gözəl. İndi görürsünüzmü, Siz bizim üçün Kimsiniz!..
- Təşəkkürlər və uğurlar!



«“Tarix bizə ümumi dil, kök, varlıq, vahid keçmiş bəxş edib”»   -
«Ülfət Qazeti»   -