Spartakiada başa çatdı
Rabitə və İnformasiya Texnolog iyaları Nazirliyinin (RİTN), Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilmiş sahə işçilərinin spartakiadası başa çatmışdır. Bir aydan çox çəkən bu böyük idman tədbirinin təşkilində əsas məqsəd rabitə işçilərinin sağlamlığını möhkəmləndirmək və AHİTA-nın növbəti spartakiadasında çıxış edəcək idmançıları müəyyən etmək idi. Yarışlarda 9 müəssisənin komandaları tərkibində 400 nəfərdən çox idmançı mübarizə aparmışdır. İdmanın 8 növü - şahmat, dama, nərd, stolüstü tennis, kəndirdartma, voleybol (kişilər arasında), mini-futbol, atletika (kross) üzrə keçirilən spartakiadanın qalibi adını "Aztelekom" İstehsalat Birliyinin təmsilçiləri qazanmışlar. Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yığması ikinci nəticə göstərmişdir. Üçüncü yeri isə Dövlət Radiotezlikləri İdarəsinin komandası tutmuşdur. Dekabrın 3-də qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. İlk üç yerin sahiblərinə RİTN-in Fəxri fərmanları və pul mükafatları verilmişdir.
|