“İdman ili"nə ciddi hazırlıq gedir
AHİTA həmkarlar idman təşkilatlarında keçiriləcək tədbirlər barədə Gənclər və İdman Nazirliyinə məlumat göndərib
Azərbaycanın idman sahəsində son illər əldə etdiyi nailiyyətlər göz qabağındadır. Yola saldığımız ildə də ölkəmiz idman sahəsində böyük uğurları ilə yadda qaldı. Olimpiya hərəkatı genişlənib, gənclər müntəzəm şəkildə idmana cəlb olunurlar. Əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzi formalaşdırılır. Yeni idman və olimpiya kompleksləri tikilir. Müstəqillik əldə etdiyimiz vaxtdan Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülüblər. Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal isə böyük tarixi nailiyyətdir. Bütün bunlar növbəti illərdə daha böyük nailiyyətlər qazanmaq üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan idmanı dünya miqyasında öncüllər sırasında mövqe tutmaq əzmindədir. İdmançılarımızın London Olimpiadasında, növbəti dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda daha yüksək göstəricilərini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il "İdman ili" elan olundu. Bakı şəhəri 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasındadır. Ötən ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin sözügedən Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq etməsi bu iddianın reallaşmasına böyük ümidlər verir. Millət vəkili Ağacan Əbiyev bildirib ki, Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən yarışların yüksək səviyyədə təşkili olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarında olduğumuzu göstərir. Onun sözlərinə görə, Azərbaycan dünyanın nüfuzlu idman ölkəsidir: "London Yay Olimpiya Oyunlarında Azərbaycandan olimpiya yarışlarında iştirak edəcək idmançılarımızın sayı tam müəyyənləşməyib. Çünki lisenziya yarışları bu ilin aprel-may aylarına qədər davam edəcək. Möhtəşəm idman tədbiri isə bu ilin 25 iyul -13 avqust tarixlərində keçiriləcək. Hələlik 30-a yaxın lisenziya qazanmışıq, amma fikrimcə, bu göstərici 40-dan çox olacaq. Ümumiyyətlə, ölkəmizin olimpiya yarışlarında göstəriciləri hər dəfə artımla müşayiət olunur. Düşünürəm ki, bu il Londonda qazanacağımız medalların sayı daha çox olacaq". Olimpiya çempionu Namiq Abdullayev düşünür ki, Prezidentin sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan olunması ölkəmizdə idmana göstərilən diqqətin nəticəsidir: "Bu, hər bir idmançı kimi mənim üçün də fəxrdir. Bu il həm də London Yay Olimpiya Oyunları keçiriləcək. İnanıram ki, ölkəmizə gələcək medalların sayı hər kəsin ürəyincə olacaq". Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sözügedən nazirliyin Nazirlər Kabineti ilə birgə Tədbirlər Planı hazırladığını bildirdi: "Saytımızda idman təqvimi bölməsində hansı idman tədbirlərinin keçiriləcəyi barədə məlumatlar yerləşdirilir. Lakin sırf "İdman ili" ilə əlaqədar hansı tədbirlər planının hazırlanması və orada nələrin nəzərdə tutulması barədə danışmaq hələ tezdir. Hazırda bunun üzərində iş gedir. Yaxın günlərdə nazirliyin mətbuat konfransı keçirilməlidir. Orada hər kəs üçün qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək". Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) vitse-prezidenti Vaqif Əliyev 2012-ci il "İdman ili" elan olunduqdan sonra cəmiyyətin idman klublarının sədrləri ilə birgə iclas keçirildiyini bildirdi: "Respublika Prezidentinin sərəncamı ilə bağlı onlara müvafiq tövsiyələr verildi. Cəmiyyət sədrləri də öz növbəsində hazırladıqları tədbirlər planlarını bizə təqdim etdilər. Əsasən kompleks yarışlara üstünlük verildi. Təqvim planına daxil edilən tədbirlərin siyahısı artıq Gənclər və İdman Nazirilyinə təqdim edilib". Sonra dedi: "Tədbirlər planı çərçivəsində noyabr-dekabr aylarında AHİTA üzrə sahə həmkarlar ittifaqları təşkilatlarının V Respublika Spartakiadası keçiriləcək. Bununla yanaşı, AHİTA-ya üzv olan idman cəmiyyətləri, klubları yarışlar, spartakiadalar və "Heydər" zirvəsinə "Ağrı dağa" beynəlxalq yürüşlər təşkil edəcək.
|