Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Sakinlər isə az miqdarda kompensasiya müqabilində mənzildən çıxmaqdansa, bu şəraitdə yaşamağa üstünlük verir
Əməkdar memar Feyzulla Quliyev: "Hazırda həmin evlərin böyük bir hissəsi yaşayış üçün yararsızdır"
Bakının mərkəzində gecəqonduların sökülməsi ilə bağlı neçə illərdir verilən vədlər, deyəsən, reallaşacaq. İstismar müddətini başa vurmaqda olan "Sovetski", "Papanin" "Kubinka" kimi tanınan ərazilərin sökülməsi məsələsi yenidən gündəmə gəlir. Jurnalistlərə açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Bakı şəhəri ərazisində istismarda olan köhnə yaşayış binaları söküləcək: "Bunlar əsasən "Sovetski" və "Kubinka" kimi tanınan ərazilərdə olan evlərdir. Bu yaşayış evlərinin əksəriyyəti istismar üçün yararsızdır, bəzi binaların istismar müddəti artıq 100 ili keçib. Bu binalar qəza təhlükəsi altındadır və istismara yararsızdır". Son illərin təcrübəsi göstərir ki, paytaxtda evlərin sökülməsi istənilən halda əhalinin narazılığı ilə qarşılanır. Əhali bir tərəfdən evlərinin sökülməsini istəyirsə, digər tərəfdən verilən kompensasiyanın azlığından və köçürüldükləri binaların vəziyyətindən narazılıq ifadə edir. Bu yaxınlarda qış parkı salınacaq ərazidə söküntü işləri aparılarkən bunun bir daha şahidi olduq. Verilən kompensasiyanın azlığından narazı olaraq evindən çıxmayan şəxslərdən özünə qəsd edənlər də oldu. Maraqlıdır, "Sovetski", "Papanin" "Kubinka" kimi tanınan ərazilərdəki köhnə evlər sökülərkən eyni vəziyyətlə rastlaşılmayacaqmı? "Sovetski" adlanan ərazidə yaşayan Etibar Qiyasovun sözlərinə görə, evlərinin tikinti şirkəti tərəfindən alınacağı barədə bir neçə dəfə məlumat dolaşsa da, sonda reallaşmayıb: "Deyilənə görə, hazırda yeni plan hazırlanır və həmin plan əsasında bu ərazilərdəki evlər söküləcək. 100 ilə yaxın yaşı olan bu binaların sökülməsinin biz də tərəfdarıyıq. Amma indiyədək də tikinti şirkətləri bu ərazilərə maraq göstərib. Hətta bir neçə dəfə əhali ilə danışıqlar da aparılıb. Əvvəllər evlərdə qeydiyyatda olan şəxslərin sayına görə pul təklif edilirdi. Sonradan evin sahəsinə görə, sonuncu dəfə sakinlərə hər kvadratmetrə görə 1500 dollar pul təklif edilib. Buradakı mənzillərin əksəriyyətinin də 50-60 kvadratmetr sahəsi var. Həmin pulla bu ərazidən ev almaq qeyri-mümkündür. Çünki şəhərin mərkəzində evin hər kvadratmetrinin ən aşağı qiyməti 3000-4000 manatdır. Buna görə də danışıqlar zamanı sakinlərin bəzisi tikiləcək binada eyni sahəyə malik ev verilməsini istədi. Lakin şirkət bununla razılaşmır". Həmin ərazidə yaşayan Adil Səlimov "Sovetski"də olan evlərin söküləcəyini o qədər də inandırıcı saymır: "Neçə ildir bu ərazilərin sökülməsi barədə söhbət olsa da, bu elə söz olaraq da qalıb. Sakinlər evlərin qiyməti ilə bağlı söküntü aparmaq istəyən şirkətlərlə razılaşmır. Biz qış parkının salınacağı ərazidə yaşayan sakinlərin aqibətini yaşamırıq. Qəpik-quruş verərək bizi evimizdən çıxarmaqdansa, indiki şəraitdə yaşamaq daha yaxşıdır. Bəziləri evlərimizi gecəqondu adlandırsa da, bütün sənədlərimiz qaydasındadır. Şəhərin mərkəzində yaşamaqdan isə heç kim imtina etməz. Buna görə də ərazi söküləsi olsa belə, əksəriyyət elə burada ev istəyəcək". "Baş Plan"ın müəlliflərindən biri, əməkdar memar Feyzulla Quliyev həmin ünvanlarda olan evlərin sökülməsinin sahibkarların istəyindən asılı olduğunu bildirdi: "Hazırda həmin evlərin böyük bir hissəsi yaşayış üçün yararsızdır. Həmin ərazilər plan üzrə sökülməlidir. Amma hazırda bu işləri dövlət aparmır. Bu, iş adamlarından asılıdır. Həmin ərazilərdə bina tikmək istəyən sahibkarlar o yerləri aldıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edir. Bundan sonra həmin komitədən rəy verilir ki, ərazidə bu şəkildə bina tikmək olar". Əməkdar memarın sözlərinə görə, köçürülmə zamanı sakinlərin də hüquqları pozulmamalıdır: "Paytaxtın əraziləri müəyyən kateqoriyalara bölünür. Əgər vətəndaş hansısa kateqoriyada yerləşən evdən köçürülürsə, həmin ərazi daxilində yerləşdirilməlidir". "MBA Group" Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə son illər tikinti sektorunda müəyyən problemlər yaşandığından həmin evlərin yaxın vaxtlarda sökülməsini inandırıcı saymır: "Bazar qaydalarına uyğun olaraq paytaxtda ilk öncə az xərc tələb edən evlərin söküntüsü aparılıb. Bu da indiki şəraitdə ictimai binaların həyətləri, köhnə tikililər və nisbətən qədim, çoxmənzilli binalardır. Gecəqonduların sökülməsində isə xərc çox tələb olunduğu üçün onların sökülməsi reallaşmayıb. Bunun səbəbləri sırasında şəhərin mərkəzi ərazilərində gecəqonduların sıx tikilməsi və orada yaşayan insanların sayının çoxluğu da rol oynayır. Bu baxımdan tikintinin maya dəyərini aşağı salmaqda maraqlı olan investorlar gecəqonduların sökülməsinə maraq göstərmir".
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.