Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
BUNUN ÜÇÜN ƏN VACİB MƏSƏLƏ ƏLİLLƏRƏ LAZIMİ SƏVİYYƏDƏ TƏHSİL ALMAQ İMKANI YARADILMASIDIR
Həssas təbəqə hesab olunan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Hazırda respublikamızda bu təbəqədən olan insanlar bir sıra problemlərlə qarşılaşır. Onların qarşılaşdıqları problemlər eyni olsa da, əlilliyin səbəbləri müxtəlifdir. Əlilliyin yaranma səbəbləri sırasında ilkin yeri irsi xəstəliklər tutur. Araşdırmalar göstərir ki, təkcə anadangəlmə korluğun yaranmasının 40 faizi irsi xəstəliklərlə bağlıdır. Azərbaycanda qohumlar arasında ailə qurma halları təxminən 60 faizə bərabər olduğu üçün uşaqların əlil doğulması ehtimalı böyükdür. Problemin qarşısını almaqdan ötrü bu sahədə maarifləndirmə işinin aparılması vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, hazırda Azərbaycanda 13301 nəfər əlil var. Əlillərin sosial müdafiəsinin təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində müəyyən tədbirlər görülsə də, problemləri tam aradan qaldırmaq mümkün olmayıb. Rəsmi məlumatlara görə, ikinci qrup əlil daha çoxdur. Xüsusilə 90-cı illərdən başlayaraq ikinci və üçüncü qrup əlillərin sayı artıb. Əlilliyə görə təqaüdə çıxanların sayı digər səbəbləri üstələyib. Son 15 il müddətində yalnız 2006-cı ildə ilk dəfə olaraq yaşa görə təqaüd alanların sayı əlilliyə görə pensiya alanlardan çox olub.
"KÖNÜLLÜ ƏLİLLİK" PROBLEMİ Araşdırmalar göstərir ki, əlillər arasında "könüllülər " də az deyil. Könüllü əlillik dərəcəsi alma səbəblərindən biri ordudan yayınma hallarıdır. Bir qrup gənc hesab edir ki, əlillik haqqında sənəd əldə etməklə həqiqi hərbi xidmətdən yayına biləcəklər. Əksər hallarda onların bu qənaətləri özünü doğruldur. Könüllü "əlil" olmaq istəyənlərin böyük bir qismi isə əlilliyə əlavə gəlir mənbəyi kimi baxan insanlardır. Ekspert Vəfa Mütəllimovanın qənaətinə görə: "Hazırda Azərbaycanda əlillər orta hesabla 50-55 manat təqaüd alır. Lakin əvvəlki iş yerləri ilə bağlı onlar arasında daha yüksək sosial təminatı olanlar da var. Əlilliyə görə verilən müavinətlərin növbəti illərdə artırılacağı gözlənilir. Müavinətlər artırıldıqca əlilliyə meyilin güclənməsi tendensiyası dünyanın əksər ölkələrində özünü göstərir. Belə ki, bəzi insanlar bu yolla özləri üçün maddi təminat yaratmaq istəyirlər. Digər tərəfdən isə, əlillər cəmiyyətə döndükdən sonra iş yeri və digər problemlərlə üzləşməsi onların müxtəlif yollara əl ataraq əlil kimi təqaüd almağa cəhd göstərməsinə rəvac verir. Bu tendensiya hazırda daha çox III qrup əlillər arasında müşahidə olunur. Reabilitasiya mərkəzlərində müalicə alaraq sağlam şəxs kimi cəmiyyətə qayıtmaq onları narahat edir. Əksinə, bəzi əlillər canfəşanlıq göstərərək II qrup əlillik dərəcəsi almağa çalışır". Belə neqativ halların qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi əməkdaşlarından ibarət birgə komissiya bütün əlillərin təkrar müayinəsini keçirəcək. Artıq bu işə başlanılıb və cari ilin birinci yarısında yekunlaşmalıdır. Rəsmi qurumlar yeni yaradılan komissiyanın tərkibinin daimi dəyişəcəyini əsas gətirərək bu dəfə şəffaflığın təmin olacağını proqnozlaşdırır. Ekspertlər isə bunun üçün ilk növbədə kriteriyaların düzgün müəyyənləşdirilməsinin vacib olduğunu bildirir. Həmçinin dövlət qurumlarının mətbuat ilə birlikdə cəmiyyətin maarifləndirilməsinə yönələn tədbirlər həyata keçirməsi vacib olardı. Digər tərəfdən isə, əhalinin psixologiyasının dəyişməsi istiqamətində tədbirlərin görülməsinə ehtiyac var. Əgər heç kimdən asılı olmadan insanların özünü təmin etmək imkanı varsa, əlil adını daşımasına meyil göstərməsi ciddi tənqid olunmalıdır. Dövlət ilk öncə insanların özünə hörmət hissinin güclənməsinə çalışmalıdır. Bu sahədə tədbirlərin də yenidən təkmilləşdirilməsinə ehtiyac var.
RƏSMİ QURUMLAR ƏLİLLƏRİN CƏMİYYƏTƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ İŞ APARIR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyası üçün dövlət səviyyəsində xeyli işlər görülüb. Hazırda respublikamızda 10 reabilitasiya mərkəzi fəaliyyət göstərir və 3 yeni mərkəzin tikilməsi nəzərdə tutulub. Bakı, Naxçıvan və digər şəhərlərdə fəaliyyət göstərən Əlillərin Reabilitasiya mərkəzlərində müalicə dövlət hesabına həyata keçirilir. Şəhid ailələri və Qarabağ əlillərinin evlə təmin edilməsində mənzillə təminat zamanı əlillərin kompakt yerləşdirilməsinə üstünlük verilir. Bu günədək bina və fərdi yaşayış yerlərində 1118 əlil ailəsi evlə təmin edilib. Halbuki inkişaf etmiş ölkələrdə əlillər üçün ayrıca yaşayış yeri təşkil edilmir. Ötən il 600 əlil isə dövlət hesabına əlil arabaları ilə təmin olunub ki, bu da indiki dövr üçün ehtiyacı ödəyib. Əlilliyin aradan qaldırılması və onların sağlam fərd olaraq cəmiyyətə inteqrasiyasının tərkib hissəsi kimi yeni açılan müəssisələrdə işlə təmin edilmələrinə 20 faiz kvota ayrılır. Lakin onların heç də hamısı qanunun verdiyi bu imkandan bəhrələnə bilmir. Hazırda əlillərin iqtisadiyyatın 70 faizini təşkil edən özəl sektorda iş tapması böyük problemə çevrilib. Buna səbəb isə özəl sektorda əlillərə etibarın olmamasıdır. Çünki 1994-1995-ci illərdə bəzi əlillər müxtəlif obyektlərə daxil olaraq oranı özününküləşdirmişdi. Dövlət qurumlarında da işlə təmin olunmaq məsələsi tam həllini tapmayıb.
GÖZDƏN ƏLİLLƏRİN MÜASİR TEXNOLOGİYALARDAN İSTİFADƏ İMKANI MƏHDUDDUR Daha həssas təbəqə olan gözdən əlillərin cəmiyyətə inteqrasiyası üçün xeyli iş görülməsinə ehtiyac var. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayevin qənaətinə görə, bundan ötrü onların bacarıq və qabiliyyətləri inkişaf etdirilməlidir. Hazırda boş iş yerlərinə qəbullar çox vaxt qeyri-leqal aparılır. Əksər hallarda isə həmin yerlərin tutulmasında əlillərə sağlam insanlarla yanaşı bərabər imkanlar yaradılmır. Əlillərin müasir texnologiyalardan istifadə imkanları məhduddur. Xüsusilə də, gözdən əlillərin informasiya ilə təmin olunması və müasir texnologiyalardan istifadə imkanları çox zəifdir. Əksər ölkələrdə bu təbəqədən olan insanlar üçün xüsusi televiziya proqramları hazırlanır. Respublikamızda belə verilişlər yoxdur. Əlillərə cəmiyyətin digər üzvləri kimi təhsil almaq və peşə bacarıqlarını artırmaq üçün şərait yaradılmalıdır. Ölkəmizdə gözdən əlillərin problemləri ilə məşğul olan kifayət qədər mütəxəssis yoxdur. Bu isə respublikamızda vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərir. Əlil arabaları ilə hərəkət etmək üçün yaşayış binaları və səkilərdə müvafiq yerlər nəzərdə tutulmur. Bu problemin həlli üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var. Bu günədək Azərbaycanda ayrı-ayrı təbəqədən olan əlil insanlar barədə ayrıca məlumat bankı yaradılmayıb. Dövlət Statistika Komitəsi indiyədək bu məsələyə kifayət qədər diqqət yetirməyib. Belə məlumat bazasının olmaması isə əlillərin sosial problemlərinin həlli üçün layihələrin həyata keçirilməsinə maneələr yaradır. Azərbaycanda da həssas təbəqədən olan insanlara qarşı münasibəti dəyişmək vaxtı artıq çatıb...
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.