Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Azərbaycanda isə bununla bağlı hələ heç bir yenilik yoxdur
Artıq iki həftə sonra Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən, Azərbaycanda qış vaxtına keçiriləcək. Amma artıq dünyanın bir sıra ölkəsində, o cümlədən Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Moldova, Rusiya və Ukraynada qış vaxtına keçid ləğv edilib. Çox qəribədir ki, bu vaxtdəyişmə prossesinin zərərli və ya faydalı olması barədə birmənalı fikir yoxdur. Bəzi ekspertlərin qənaətinə görə, qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu ölkələrdə, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə təxminən 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinə qənaət atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır. Əks mövqedə olanlar isə yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsir göstərdiyini əsas gətirirlər. Həkimlər saat əqrəblərinin irəli və geri çəkilməsinin uşaqlar və yaşlılar arasında yuxu pozğunluğuna, stressə, ürək-damar və immun sistemində mənfi dəyişikliyə səbəb olduğunu deyirlər. Bir müddət əvvəl Rusiyada aparılan hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12 faiz, bədbəxt hadisələr 29 faiz, miokard infarktından ölüm halları 75 faiz, intiharlar isə 66 faiz artıb. Rusiyada qış və yay vaxtına keçiddən imtina edilərkən əlavə bir arqument də gətirildi ki, hər il saat dəyişikliyi nəticəsində Rusiyada 60-70 min insan dünyasını dəyişir. İqtisadçı Vahid Əhmədov da Azərbaycanda qış və yay vaxtına keçidin ləğvini mümkün sayır: "Saatların irəli və geri çəkilməsi sovetlərdən qalma ənənədir. Azərbaycan vaxtilə keçmiş SSRİ-nin tərkibində olduğu üçün bu sistemə qoşulmuşdu. O vaxt SSRİ-də bu üsul tətbiq edilərkən deyirdilər ki, bu addım iqtisadi məsələlərdə yardımçı rolunu oynayacaq, iqtisadi artıma gətirib çıxaracaq. Amma hazırda qış və yay vaxtına keçiddən imtina etmək üçün əsaslar var. Həkimlər də saat əqrəblərinin geri və irəli çəkilməsinə tərəfdar deyillər və bunun insanlarda gərginlik yaratdığını qeyd edirlər". Respublikamızda qış və yay vaxtına keçidə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi ilə bağlı qərarın ləğvi istiqamətində hər hansı müzakirələr aparılmadığını bildirdi: "Bu qərar qüvvədədir. Yay vaxtının tətbiqi enerjiyə, təbii qaza qənaət və gün işığından maksimum istifadə baxımından əlverişlidir. Amma Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu işə yalnız nəzarət edir". Qış vaxtına keçidin ləğvi ilə bağlı təklif verilməsinə gəldikdə isə, F.Talıblı bu barədə məlumatsız olduğunu qeyd etdi. Qeyd edək ki, saat əqrəbinin irəli və geri çəkilməsilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Saatlar isə ilk dəfə 1908-ci ildə Böyük Britaniyada geri və irəli çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi Azərbaycanla yanaşı, dünyanın 110 ölkəsində irəli və geri çəkilir. Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna kimi ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib. ELTAC.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.