Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
BELƏ MÜƏSSİSƏLƏRİN HAMISININ LƏĞVİ MƏQBUL SAYILMIR
SON ALTI İLDƏ NİKAHDANKƏNAR DOĞULAN UŞAQLARIN SAYI 22 DƏFƏDƏN ÇOX ARTIB
Uşaq qığıltısı dünyanın ən gözəl musiqisi ilə müqayisə edilir. Hazırda Azərbaycanda bir çox ailələrin dağılmasının başlıca səbəblərindən biri sonsuzluqdur. Amma təəssüf ki, bunlarla yanaşı, övladından imtina edən ailələrə də rast gəlinir. Bunun nəticəsidir ki, hazırda respublikamızdakı internat evlərində xeyli sayda uşaq böyüyür. Bu gün ölkədəki xüsusi uşaq müəssisələrində 28 minə yaxın uşaq yaşayır və təhsil alır. Bu uşaqlardan yalnız 1600 nəfəri yetimlərdir. Araşdırmalar göstərir ki, valideynləri övladından imtina etməyə məcbur edən səbəblərdən birincisi ailələrin maddi imkansızlığıdır. Eyni zamanda nikahdankənar uşaqların doğulması da sonda körpələrin uşaq evlərinə verilməsi ilə nəticələnir. Məlumat üçün bildirək ki, 2000-ci ildə respublikada 6 min nikahdankənar uşaq qeydə alındığı halda, ötən il bu rəqəm 140 minə yüksəlib. Bu gün uşaqlarını böyütməkdə çətinlik çəkən valideynlər çox hallarda çıxış yolu kimi onu dövlətin himayəsinə verməyi düşünür. İnternat evlərində isə həmin uşaqlar üçün müəyyən şərait yaradılsa da, əksər hüquqları pozulur. Bir neçə il əvvəl internat evlərinin birində uşaqlara ağlagəlməz fiziki işgəncələr verən tərbiyəçi müəllimin aşkar edilməsi də bunu sübut edir. Bu kimi amillərin nəzərə alındığı əksər ölkələrdə internatlar ləğv edilir. Dünyanın sivil ölkələrində artıq insanların ümumi yerlərdə yaşamasının qarşısı alınır. Bu kimi müəssisələrin saxlanmasına çəkilən xərclər isə yetim və himayəsiz uşaqların yerləşdirildiyi ailələrə yönəldilir. Azərbaycanın da qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə, uşaq evləri, internatlarda uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar. Azərbaycanda isə ailə himayəsindən məhrum uşaqların internatlara yerləşdirilməsinə son imkan kimi yox, ilk imkan kimi baxılır. İnternat məktəblərində uşaqlara lazımi səviyyədə təhsil verilməməsi də sonradan əlavə problemlər yaradır. Bu mənada internat tipli müəssisələrdə uşaqların hüquqlarının qorunmasını təmin etmək çox çətinlik yaradır.
İNTERNATLARI NECƏ ƏVƏZLƏMƏLİ?
Artıq Avropa ölkələrinin əksəriyyətində internatların əvəz olunması üçün müxtəlif variantlardan istifadə olunur. Bir sıra ölkələrdə internatlar ləğv olunandan sonra oradakı uşaqlar "üçüncü ailə"lərə verilir. Bu qohum ailə də, tamamilə kənar bir ailə də ola bilər. Dövlət həmin ailəyə müvafiq miqdarda maliyyə vəsaiti ayırır və "üçüncü ailə" yetkinlik yaşına çatana qədər həmin uşağa qayğı göstərir. Bundan başqa, internatların yerində ailə şəhərcikləri də yaratmaq modeli var. Belə şəhərciklərdə yaradılan evlərin hər birində 3-5 kimsəsiz uşaq olmaqla "süni ailə"lər yerləşdirilir. Belə ailələrdə adətən bir valideyn - ana olur. Xüsusi yolla seçilən "ana"lar öz ömrünü kimsəsiz uşaqlardan qurulan ailəyə həsr etməyə söz verir. Dövlət hər ay ailənin bütün xərclərini ödəyəcək qədər məbləği həmin qadına verir. Bu qadın isə ay ərzində ailə üçün aldığı ərzaq və sənaye məhsullarının, xidmət haqlarının məbləğini əks etdirən çekləri xüsusi idarəyə təhvil verir. Azərbaycanda da internatların "üçüncü ailə"lərlə əvəz olunması üçün proqramlar həyata keçirilməsi müsbət nəticə verə bilər. Belə proqramların həyata keçirilməsi üçün ən vacib məsələlərdən biri də cəmiyyəti bu işə hazırlamaqdır. Azərbaycanda çox vaxt övladlığa götürmə, qəyyumluq məsələləri cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Bu münasibətin formalaşmasında son illər xarici ölkə vətəndaşlarına övladlığa uşaq verilməsi zamanı qeydə alınan neqativ hallar da öz təsirini göstərib. Azərbaycanda da artıq uşaq evlərinin ləğvi prosesinə başlanması nəzərdə tutulsa da, bu istiqamətdə işlər ləng aparılır. Uşaqların ailələrə verilməsi (De- institusionalizasiya) və alternativ qayğı ilə bağlı Dövlət Proqramı 2006-2015-ci illəri əhatə edəcək. Bu işin həyata keçirilməsi üçün uşaq müəssisələrində böyüyən uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması vacibdir. Proqrama görə, qarşıdakı 9 il ərzində ölkədəki uşaq evləri və internat tipli dövlət müəssisələrinin sayı azaldılacaq və bu müəssisələrin çoxu uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevriləcək. Bu iş həyata keçirilərkən qarşılanan əsas problemlərdən biri internat evlərində böyüyən uşaqlara sahib çıxan ailələrin onlara münasibətinin necə olmasıdır. Həmin uşaqlar ailələrə verilərkən internat evlərindən fərqli həyat yaşaya biləcəyi və həqiqi ailə qayğısı ilə əhatə olunacağı sual altındadır. Bu amilləri nəzərə alan ekspert Nabil Seyidov internatlar ləğv edilərkən oradakı uşaqların mümkün qədər öz bioloji ailələrinə verilməsini düzgün sayır: "Hazırda xüsusi tipli məktəblərdəki uşaqların böyük əksəriyyətini "sosial yetimlər" təşkil edir. Yəni həmin uşaqların ata-anası var, sadəcə onların uşağı saxlamaq üçün maddi imkanları olmadığından övladlarını internata veriblər. Dövlət bir uşağın internatda saxlanması üçün tələb olunan pulu onun öz ailəsinə versə, valideynlər heç düşünmədən gəlib uşağını internatdan götürər. BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycana tövsiyəsi əsasında həyata keçirilən proqram bütün internat məktəblərinin tamamilə ləğvini nəzərdə tutmur. Bir sıra ümumi tipli internat məktəblərinin bazasında lisey və gimnaziyaların yaradılması, sağlamlıq imkanları məhdud uşaqların saxlandığı bəzi müəssisələrin isə reabilitasiya mərkəzlərinə çevrilməsi nəzərdə tutulub". Ekspertin qənaətinə görə, ölkəmizdə kifayət qədər xəstə uşağın yaşadığı internat evləri fəaliyyət göstərir: "Çox vaxt əqli və fiziki cəhətdən qüsurlu olan belə uşaqlara heç doğma valideynləri yiyə durmaq istəmir. Yəqin ki, "üçüncü ailə"lərin bu uşaqları qəbul etməsi də çox çətin başa gələr. Bu məqsədlə dövlət diferensiallaşma metodundan istifadə edə bilər. Yəni xəstə uşağı himayəyə götürən ailələrə daha böyük həcmdə vəsait ayıra bilər. Lakin imkansızlıqdan öz uşağını internata verən bəzi valideynlərin bu məsələdən yararlanaraq dövlətin ayırdığı vəsaiti öz maraqlarına uyğun istifadə etməsi də mümkündür. Əgər dövlət uşağını internatdan götürən ailəyə ayda yüz manat müavinət versə, onda çoxları öz uşağını inteternata qoyacaq ki, 2-3 aydan sonra geri götürüb, bu pulu alsın. Digər tərəfdən bütün vəsaiti ailələrə birdəfəlik vermək olmaz". Qeyd edək ki, hazırda bir ildə dövlət bir uşağın internatlarda saxlanması üçün 500-1500 dollar həcmində vəsait ayırır. Həmin vəsait ailəyə birdəfəlik verilərsə, onun uşağın özünə sərf ediləcəyinə heç kim təminat verə bilməz.
KİMSƏSİZ UŞAQLARA DÖVLƏT QAYĞISI VACİBDİR
Nəzərə almaq lazımdır ki, istənilən halda internatda böyüyən uşaqlar müəyyən yaşa çatdıqdan sonra oranı tərk edir. Üç yaşına qədər körpələr evi, 3 yaşından sonra isə internat evlərinə yerləşdirilən bu uşaqların sonrakı taleyi qaranlıq qalır. Sovet dönəmində isə onların hər biri himayə olunurdu. Keçmişləri haqqında özlərindən daha çox dövlətin məlumatlı olduğu həmin uşaqlar xüsusi xidmət orqanlarına qədər müxtəlif qurumlarda fəaliyyət göstərə bilirdi. Əvvəlcədən kifayət qədər hazırlanan uşaqların bir qismi isə müxtəlif istehsalat sahələrində işlə və yaşayış yeri ilə təmin olunurdu. Amma bu gün həmin uşaqların taleyinə diqqət ayrılmır. 18 yaşına çatdıqdan sonra internat evlərini tərk edən, heç bir himayəsi olmayan həmin uşaqların sığındıqları ünvan ən yaxşı halda küçə olur. Həmin uşaqların bundan sonra hansısa cinayətkar qrupların təsiri altına düşməyəcəyinə heç kəs zəmanət verə bilməz. Bu məsələlərin həllinə cavabdeh qurumlar isə öz işlərini həyata keçirmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ən yaxşı halda həmin uşaqlar 18 yaşa çatdıqdan sonra onlar haqqında müvafiq rayonun icra hakimiyyəti orqanlarına məlumat verməklə kifayətlənir. Körpəlikdən, V.Hüqonun təbirincə desək, valideynlərinin təpiklə vurub həyata atdıqları günahsız körpələr ikinci zərbəni də cəmiyyətdən alır. Həyatın sərt qanunları onları ən yaxşı halda caniyə və fahişəyə çevirir. Onların içindən insan alverçilərinin qurbanları, dünyasını dəyişənlər, küçələrdə bomj həyatı keçirənlərə rast gəlsək, təəccüblənməyə dəyməz. Çünki bu uşaqların gələcək taleyi heç nə ilə sığortalanmayıb. Beləliklə, ailə qayğısından məhrum olan bu uşaqlar internatdan çıxandan sonra da xeyli problemlə üzləşirlər. Mənzil, iş, gündəlik yaşam problemləri həmin uşaqları öz girdabına alır. Halbuki gələcəyin ailə başçısı, anası olacaq həmin gənclərin problemlərini həll etmək dövlətin başlıca vəzifəsi olmalıdır. Ən azı bu ölkənin sərvətlərində taleyin amansızlığı ilə üzləşən həmin uşaqların da payı var.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.