Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Bu bayram dünyanın 70-dən artıq ölkəsində azərbaycanlıları bir araya gətirir
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin prezidenti "Ülfət" qəzetinə açıqlamasında bildirdi ki, həmrəylik günü münasibətilə Qarsda, Ankarada, İstanbulda, Manisada tədbirlər keçiriləcək. Bu tədbirlərdə xilaskar Heydər Əliyevin müstəqillik yolunda atdığı addımlar və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma həsr edilən tamaşalar nümayiş etdiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata əsasən, artıq bayramla əlaqədar bir çox ölkələrdə tədbirlər keçirilib. Dekabrın 28-də İsveçrənin Bazel şəhərində "Azərbaycanın dostları" Birliyinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat verildikdən sonra Mariya Azad Xan-Xoyskaya, Elcan təxəllüslü Elxan Rzayev çıxış etdi. Elxan Rzayev Niderland Krallığındakı Azərbaycan diasporunun təşkilatçılığı ilə dekabrın 31-də Rotterdamdakı "Bakı" restoranında baş tutacaq azərbaycanlı ifaçıların konsertində də iştirak edəcək. Qeyd edək ki, Elxan Rzayev 2012- ci ilin may ayında Bakıda keçiriləcək "Eurovision" beynəlxalq mahnı yarışmasında Niderland Krallığını təmsil edə bilər. İtaliyanın Milan şəhərində də "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respubikasının İtaliyadakı səfirliyinin dəstəyi ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. Konsert proqramında soydaşlarımızla yanaşı italiyalı qonaqlar da iştirak edəcəklər. Konsert salonunun foyesində Azərbaycana həsr olunmuş sərgi təşkil olunacaqdır. Almaniyada Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) "Azərbaycan günü" adlı tədbir keçirilmişdir. AAKM - in təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində baş tutan tədbiri Mərkəzin icraçı direktoru Samira Patzer-İsmailova açaraq qonaqları salamlamış və hamını Həmrəylik Günü, eləcə də qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir. O, əsası mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulmuş həmrəylik gününün yaranma tarixi haqqında qısa məlumat vermiş və həmin günün dünyanın hansı hissəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların bir araya gəldiyi simvolik bir gün olduğunu vurğulamışdır. Sonra Azərbaycanın tarixini və incəsənətini, tarixi abidələrini və mədəniyyətini təqdim edən "Azərbaycan motivləri" adlı sənədli film nümayiş etdirilmişdir. Tədbirdə Koordinasiya Mərkəzinin digər əməkdaşları, Almaniyada təhsil alan azərbaycanlı tələbə və doktorantlar, eləcə də Azərbaycan cəmiyyətlərinin üzvləri və diaspor nümayəndələri iştirak etmişlər. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə BƏƏ rəsmiləri, bu ölkədə yaşayan azərbaycanlılar, türklər, ərəblər və digər xalqların diasporlarının nümayəndələri iştirak etmişlər. Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov bu gün haqqında qonaqlara geniş məlumat vermiş, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar tarixin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirmişdir. Bayram tədbirində sənədli film nümayiş etdirilmiş, qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi müxtəlif kitablar, Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusu, jurnallar, DVD-disklər və Azərbaycan Respublikasının Misirdəki səfirliyinin ərəb dilində hazırladığı "Azərbaycanın xalçaçılıq sənəti" və "Azərbaycan haqqında 100 suala cavab" kitabları paylanmışdır. Ukraynanın Donetsk şəhərinin Opera və Balet Teatrında Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan bayram tədbirində Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, Donetsk vilayət dövlət admnistrasiyası rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycan Xarici İşlər Nazirliyinin,Ukraynadakı səfirliyimizin və Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı rəsmi nümayəndələri, çoxsaylı diaspora fəalları iştirak edirdi. Mərasim iştirakçılarını qarşıdan gələn Üeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu tarixi günün əhəmiyyətindən söz açdı. Bu əlamətdar günün ötən 20 il müddətində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli dövlətçilik məfkurəsi ətrafında birləşməsində müstəsna rol oynadığını diqqətə çatdirdı. Həmrəylik günü münasibətilə Azərbaycan xalqına xoş və səmimi arzularını çatdıran Donetsk Dövlət Administrasiyasının rəsmi nümayəndəsi Svetlana Kuznetsova son illər azərbaycan diasporunun təşkilatlanaraq Ukraynanın ictimai mədəni həyatında fəal iştirak etmələrini milli diasporumuzun böyük uğuru kimi dəyərləndirdi. Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxış edərək, dünya Azərbaycan diaspor hərəkatının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı. Sonra söz musiqiyə verildi. Bayram gecəsinə qatılanları şən və həzin musiqi töhfələri ilə salamlayan gənc muğam ustaları öz peşəkar ifa tərzləri ilə qəlbləri Vətən sevgisi ilə döyünən soydaşlarımıza xoş və yaddaqalan anlar yaşatdılar. 2 saat davam edən muğam gecəsinə “Qarabağ Şikəstəsi” ilə yekun vurulması sürəkli alqışlarla qarşılandı. Bayram tədbiri atəşfəşanlıqla sona çatdı. Gülər KƏRİMLİ.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.