Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
Bu fikir Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası (MİHİF) Mərkəzi Komitəsinin bu günlərdə keçirilmiş IV iclasının leytmotivini təşkil etmişdir Geniş məruzə ilə çıxış edən Federasiyanın prezidenti Əli Hümbətov demişdir ki, MİHİF-in xidmətində olan müəssisə, idarə və təşkilatlarda çalışan gənc üzvlərin, peşə məktəbi şagirdlərinin əmək, sosial və iqtisadi problemlərinin həllini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən sayırlar. Gənclər təşkilatımızın MİHİF-in diqqət və qayğısına, dayağına ehtiyacı duyduğu kimi, Federasiyanın da öz sıralarına fəal və təşəbbüskar gənclərin cəlb olunmasına, onların biliyinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə böyük tələbatı vardır. Məhz bu səbəbdəndir ki, Federasiya gənclərlə işə, onların təhsilə cəlb olunmasına, istehsalat fəaliyyətinin və məişətinin təşkil olunmasına xüsusi diqqət yetirir. MİHİF-in Gənclər Təşkilatı var və o, üç il öncə yaradılmışdır. Təşkilatın əsas vəzifəsi gənclərin problemlərini öyrənib həlli yollarını tapmaq, onların maraq və mənafelərini qorumaq, gənclərlə əlaqədar proqram hazırlayıb həyata keçirmək, mədəni-kütləvi tədbirlərə cəlb etmək, ictimai həyatda və iş yerlərində fəallıqlarını artırmaqdır. Qeyd edilmişdir ki, ötən bu müddət ərzində Suraxanı Maşınqayırma Zavodu Törəmə Açıq Səhmdar Cəmiyyətində "MİHİF-in nəzdində yaranmış Gənclər Təşkilatının fəaliyyəti və vəzifələri haqqında", "Bakı Fəhləsi" Maşınqayırma Zavodu Törəmə ASC və Gəncə "Gil-Torpaq" İstehsalat Sahəsində "MİHİF-in gənclər siyasəti və gənclərin həmkarlar ittifaqına cəlb edilməsi məsələləri", "Azəralüminium" ASC və "Zərgərsənaye" İstehsalat Birliyində "İşçi qadınların və gənclərin əməyinin xüsusiyyətləri, onlara verilən güzəştlər, imtiyazlar və kompensasiyalar" mövzularında seminarlar keçirilmişdir. Federasiyanın texniki imkanlarından istifadə edilərək gənc Hİ fəalları üçün "Əmək münasibətlərində gənclərin hüquqları", "Əməyin və sağlamlığın mühafizəsi haqqında" və s. bu kimi kiçikformatlı metodik vasitələr hazırlanmışdır. MİHİF-in Gənclər Təşkilatının sədri Z.Muradov bir sıra ölkədə keçirilmiş beynəlxalq səviyyəli seminarlarda təlimçi və aparıcı - moderator kimi iştirak etmişdir. Yay mövsümlərində ilk Hİ təşkilatlarının gənc üzvləri üçün Nabrana səyahətlər təşkil olunmuşdur. Dost ölkələrin həmkarlar ittifaqı təşkilatları ilə sıx əlaqələrin və qarşılıqlı həmrəyliyin davam etdirilməsi uşaq və gənclərin dünya görüşlərinin artmasına və mənəvi inkişafına zəmin yaratmışdır. Bu sözlər də iclasda səslənmişdir. Deyilmişdir ki, Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılması üçün 2003-cü ildən üzü bəri sahə müəssisələri işçilərinin uşaqlarından ibarət qrupların Türkiyə Cümhuriyyətində keçirilən Beynəlxalq Uşaq Festivalına və türkiyəli uşaqların respublikamıza səfərləri təşkil olunmuşdur. Nəzərə çatdırılmışdır ki, sahə müəssisələrinin nəzdində fəaliyyət göstərən mədəni-məişət müəssisələrində və idman obyektlərində uşaq və gənclər üçün təşkil olunmuş tədbirlərə xüsusi yer verilmişdir. Əsasən gənclərdən ibarət olan metalçı idmançılar "Zenit" İdman Cəmiyyətinin xətti ilə keçirilmiş respublika spartakiadasında öncül yerlərdən birini tutmuşlar. Yığıncaqda Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsi metal sənayesinin gənc işçilərinə müraciət qəbul etmişdir. İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına nümayəndələr və rəhbər seçkili orqanlarına üzvlər seçilmişdir.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.