Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 1-də
… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir. … Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.
martın 2-də
… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir. … Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir. … Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
martın 3-də
… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.
martın 4-də
… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Bu məsələlər Nazirlər Kabineti tərəfindən bu günlərdə təsdiqlənən "Məktəbə hazırlığın təşkili Qaydaları"nda öz əksini tapıb. Qaydalara görə, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir. Mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil üzrə kurikulum - "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında həyata keçirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər. Qaydalarda məktəbə hazırlığın təşkili üçün müvafiq tələblər də qoyulur. Belə ki, məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətləri öyrənilməli, məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsasları müəyyənləşdirilməli, gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətləri aşkara çıxarılmalıdır. Bundan başqa, uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəlikləri aparılmalı, istedadlı uşaqların aşkara çıxarılması, onların imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlər görülməlidir. Uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır. Bundan başqa, məktəb təliminə hazırlıq mərhələsində şəxsiyyətyönümlü hazırlıq, müstəqillik, məsuliyyətlilik, fəallıq, təşəbbüskarlıq, başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq tələb olunur. Ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması, intellektual hazırlıq, obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı da önə çəkilməlidir. Uşaqların idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnməsi də əsas istiqamətlərdəndir. Bu mərhələdə balacalar prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq kimi xüsusiyyətlərə yiyələnməlidirlər. Təlim prosesi sosial hazırlıq, yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı, böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsini, öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunmasını da əks etdirir. Mütəxəssislər hesab edirlər ki, uşaqların məktəbə hazırlığının təşkilində təlim prosesinin effektivliyini artırmaq üçün təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır: "Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur". Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır. Belə ki, ana dili və bədii ədəbiyyat üzrə iş, savad təliminə hazırlıq və nitq inkişafı, ətraf aləmlə tanışlıq - təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi üzrə sahələrin hər birinə 1 məşğələ ayrılmalıdır. Azərbaycan (rus) dili üçün 2 məşğələ, sadə riyazi təsəvvürlərin inkişafı üçün 1 məşğələ nəzərdə tutulmalıdır. Həftəaşırı tövsiyə olunan təsviri sənət və kəsib yapışdırma, quraşdırma, gil işi sahələrinin hər biri üçün 1 məşğələ məsləhət görülür. Musiqi və Fiziki mədəniyyətin hər birinə isə 2 məşğələ nəzərdə tutulur. Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi də keçirilməlidir: "Gün rejimi Təhsil Nazirliyi tərəfindən təsdiqlənən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur". Məktəbəqədər təhsil müəssisələrinə gəlincə, Təhsil Nazirliyindən bildirilib ki, paytaxtda bağçalara cəlb olunmuş uşaqların sayı 4 min nəfər çoxalıb. Bu pillə üzrə əhatə səviyyəsi isə 26 faizi ötüb. Ötən il nazirliyin lisenziyası əsasında fəaliyyətə başlayan 6 özəl məktəbəqədər təhsil müəssisəsində hazırda 515 uşaq tərbiyə alır. Dövlət uşaq bağçalarının sayı isə 1604-dür. Bu bağçalarda 103617 uşaq tərbiyə olunur. Gülər KƏRİMLİ.
- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Qənimət HÜSEYNOV, Hacıqabul rayonu.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin: o Avtoklavçının 18 təqvim günü, o Sterilizasiya aparatçısının 18 təqvim günü, o Baytar həkiminin 24 təqvim günü, o Həkim, zooloq və entomoloqun 24 təqvim günü, o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü, o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü, o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü, o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.