Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 1-də
… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir. … Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.
martın 2-də
… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir. … Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir. … Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
martın 3-də
… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.
martın 4-də
… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.
BMT-nin Əhali Fondu Cənubi Qafqazda gənc kişilər arasında xroniki prostatitin kəskin artdığını bildirir
Dünyada yeni qlobal problem özünü göstərməkdədir. Bir çox ölkələr artıq demoqrafik böhranla üzləşib. Dünya əhalisinin sayının kəskin şəkildə azalması tendensiyası dərinləşib. Avropa ölkələrində demoqrafik situasiya daha ciddi xarakter alıb. Bu ölkələrin əksəriyyətində doğumun səviyyəsi son illərdə xeyli azalıb və insan ölümü doğumu 2 dəfə üstələyib. Doğum səviyyəsinin azalmasında bir sıra ginekoloji-genetik problemlər olsa da, avropalı alimlərin qənaətinə görə, sonsuzluğun yaranmasında kişilər əsas rol oynamağa başlayıb. Son illərdə kişilərdə xroniki prostatitin kəskin şəkildə artması demoqrafik vəziyyətə ciddi təsir göstərir.
BMT-nin Əhali Fondunun ekspertlərinin araşdırmalarına görə, prostat xəstəliyindən əziyyət çəkən regionların sırasında Cənubi Qafqaz ölkələrinin çəkisi iki dəfədən çox artıb. Xüsusilə də Gürcüstan və Ermənistanda prostatdan əziyyət çəkənlərin sayı bir neçə dəfə çoxalıb ki, bu da sonsuzluğun yaranmasında başlıca faktorlardan birinə çevrilib. Hazırda Gürcüstanda hər 5 nəfərdən biri prostatitə düçar olub. Ermənistanda vəziyyət daha pisdir. Bu ölkədə əhalinin (kişilərin) 25 faizi, yəni, hər 4 nəfərdən biri prostatla bağlı yaranmış müxtəlif xəstəliklərə yoluxub. Ekspertlərin qənaətinə görə, bu tendensiya Qafqazda demoqrafik vəziyyətin daha da pisləşməsinə səbəb olacaq və bir neçə ildən sonra bu regionda əhalinin təbii artımı dayanacaq. Məsələ ondadır ki, prostatitə yoluxanların yaş tərkibi dəyişməyə doğru gedir və artıq bu sırada əsas yeri gənclər tutmağa başlayıb. Əvvəllər 40-55 yaş arasında olan kişilər bu xəstəliyə tutulurdularsa, hazırda 25-40 yaşlı insanlarda sayı artıb. Gürcüstan və Ermənistanda 25-30 yaş arasında olan kişilərdə prostatitin çəkisi 3 dəfə artıb. Ekspertlərin araşdırmalarına görə, prostatitin yaranmasında başlıca faktorlardan biri düzgün qidalanmama və ətraf mühit amilidir. Ekoloji fəsadların artması kişilərdə bu xəstəliyin yaranmasına səbəb olur. Bundan başqa, ekoloji cəhətdən təmiz olmayan qidaların, yəni kimyəvi preparatlarla yetişdirilən ərzaq məhsulları bu problemin yaranmasını sürətləndirir. İstilikxanada yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə də pomidor, xiyar, bibər, badımcan, kartof, göyərti və digər məhsulların tərkibindəki kimyəvi maddələr insan orqanizminə çox ağır formada təsir göstərir. Həmin maddələrin qəbul edilməsi son nəticədə kişilərdə prostatitin yaranmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər əhalinin təbii artımında müəyyən azalmalar baş verməkdədir. Hazırda ölkəmizdə bir ailədə uşaqların orta say göstəricisi 2-yə bərabərdir. Halbuki 20 il əvvəl bu rəqəm 4-ə bərabər olub. Yəni bir neçə il əvvəl ailələrdə ən azı 4-5 uşaq doğulurdu. Bu gün bu rəqəm 2-ni keçmir. Dövlət Tibb Universitetinin kafedra müdiri Xaləddin Musayev bildirir ki, prostatitin yaranmasına stress, əsəb-sinir sistemindəki gərginliklərlə yanaşı, qida rasionuna düzgün əməl edilməməsi təsir göstərir. Bu xəstəliyə yoluxanlar gün ərzində istifadə edilən qidaların miqdarı və tərkibinə ciddi fikir verməlidirlər. Həmin xəstələr qidanın tərkibində zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara fikir verməli və həkim məsləhətinə əməl etməlidirlər. Onun fikrincə, bu xəsətəlikdən qorunmaq üçün meyvə-tərəvəzi çox yemək gərəkdir. Ümumiyyətlə, həmin insanların tərəvəz, tərkibində likopen olan qidalar, dəniz məhsulları, taxıllar, tərkibində E vitamini olan quru meyvələr, şirin kartof, avakado, yaşıl çay və nar suyu ilə qidalanması məsləhətdir. Meyvələrdən ən çox kalori banan və almadadır. Əncir, kivi, üzüm, şaftalı, heyva, gilənar, avokado, tut, armud, limon və albalıda da kalorilik yüksəkdir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev hesab edir ki, bu gün istifadə olunan malların çoxu ekoloji cəhətdən keyfiyyətli deyil. Əksər məhsulların istehsalı və emalı zamanı kimyəvi vasitələrdən istifadə olunur. Bu, təkcə prostatın deyil, digər xəstəliklərin yaranmasına səbəb olur. Mütəxəssis prostata yoluxma riskini azaltmaq üçün ət, marqarin, yağda qızardılmış qidalar, yağlı süd məhsullarını və kalsiyum qəbulunu qida rasionunda azaltmağı məsləhət görür. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov isə bildirir ki, bu gün yaranan xəstəliklərin böyük qismi qidalanmaya riayət olunmaması ilə bağlıdır. İnsanlar həddindən artıq yeməyə meyil edir, vitaminlərlə zəngin olan tərəvəzlərdən az istifadə edirlər. Vaxtilə ölkəmiz uzunömürlüyə görə əsas yerlərdən birini tuturdu. İndi bu sırada Asiya ölkələri xüsusi yer tutur. Asiyada insanlar təbii yolla yetişdirilən məhsulları daha çox istifadə edirlər. Məsələn, həmin regionda nar və limondan çox istifadə olunur. Halbuki bizim ölkədə bu məhsulların yetişdirilməsi daha geniş yayılıb. Narı təbii antibiotik adlandırırlar. Narın tərkibindəki antioksidantlar orqanizmin müdafiə sistemini gücləndirir. Bir stəkan nar suyunun tərkibində 10 stəkan yaşıl çaya bərabər antioksidant mövcuddur. Aparılan tədqiqatlara görə, nar suyu kişilərdə prostat xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir.
- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Qənimət HÜSEYNOV, Hacıqabul rayonu.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin: o Avtoklavçının 18 təqvim günü, o Sterilizasiya aparatçısının 18 təqvim günü, o Baytar həkiminin 24 təqvim günü, o Həkim, zooloq və entomoloqun 24 təqvim günü, o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü, o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü, o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü, o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.