Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
İmişli və Saatlıda da vəziyyət təhlükəli həddə çatıb
Kür çayı şıltaqlığını davam etdirir. Çayın daşması nəticəsində 9 kənd artıq tamamilə boşaldılıb. 5 kənddən olan bəzi ailələr isə ehtiyat etdikləri üçün ərazini tərk ediblər. Son məlumatlara əsasən, artıq İmişli və Saatlı rayonlarının kəsişməsində yerləşən Sarısu gölü də məcrasından çıxıb. Gölün ətrafında yerləşən 5 kənddə təhlükəli vəziyyət yaranıb. Mil-Muğan kollektorunda suyun səviyyəsi artdığından Sarısu gölündəki su Saatlı və İmişli rayonu istiqamətində axmağa başlayıb. Əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə İmişli və Saatlının 7 kəndinin əhalisinin evakuasiyasına başlanılıb. Ən təhlükəli vəziyyət isə məcburi köçkünlərin məskunlaşdığı və gölün 12 kilometrliyində yerləşən Nərimankənd kəndində müşahidə edilməkdədir. Respublika Prezidenti və bütün müvafiq strukturların rəsmiləri də hadisə yerində olub, əhalinin vəziyyəti ilə maraqlanıblar. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bağlanan Qazıməmməd-Bəhramtəpə yolunda hərəkət bərpa olunub. Yol ötən gün səhər saatlarından açılıb. Hələlik həmin yolda yalnız iritutumlu maşınların hərəkətinə icazə verilir. "Kürün daşması nəticəsində su basmış ərazilərdə vəziyyət getdikcə stabilləşir. Yəqin ki, yaxın bir neçə saat ərzində Kürün dağıtdığı ikinci bənddə suyun axını tam dayandırılacaq", - deyə daxili işlər naziri Ramil Usubov bildirib. R. Usubov fəlakət bölgəsində ölüm hadisəsi qeydə alınmadığını deyb. "Kürün deltasının lildən təmizlənməsi prosesində müsbət nəticələr var". Bunu isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir Neftçala ərazisində Kürün deltasına baxış keçirdiklərini, Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisinin orada işlədiyini bildirib: "Çayın dənizə tökülən hissəsində lildən təmizləmə işləri aparılır. İki gün əvvəl orda olan mayakın ətrafı suyun içində idi. Amma bu gün görülən işlər artıq müsbət nəticələr verib". Nazir Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün dağıtdığı bənddə bərkitmə işlərinin tam başa çatdığını deyib: "Özünüz də görürsünüz ki, əvvəllər su basan ərazilərdə indi su durulub. Bu o deməkdir ki, artıq ora su axmır. Mürsəlli kəndində uçan bənd iki saat əvvəl bağlandı. Orda bəndin bərkidilməsi işləri gedir. Yaxınlıqdakı evlərdən, aparılan müşahidələrdən də görünür ki, suyun səviyyəsi 1 metr yarıma qədər düşüb. Artıq əhalinin yaşadığı yerlərə, əkin sahələrinə, örüş yerlərinə su axmır. Görülən işin ilkin nəticəsi tam qənaətbəxşdir". K.Heydərov başqa təhlükələrin olmaması üçün tədbirlərin görüldüyünü də açıqlayıb: "Yəqin ki, bu gündən başlayaraq çadır şəhərciklərində yerləşdirilən əhalini öz evlərinə köçürəcəyik. Bunlar iki-üç gün əvvəl köçürülən, evlərini su basmamış sakinlərdir. Su basan evlərdə, həyətlərdə isə bu gündən etibarən Fövqəladə Hallar Nazirliyinin su nasosları suyu çəkməyə başlayacaq, Səhiyyə Nazirliyinin əməkdaşları orda antisanitariya işləri görməlidir. Hər hansı xəstəliklərin yayılmaması üçün lazımi addımlar atılmalıdır. Proses bu gündən başlayıb. Sevindirici haldır ki, qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldıra bildi. Bizi daha çox sevindirən isə insan tələfatının olmamasıdır. Vəziyyət stabildir. Açılan bəndlərin hamısı bağlanıb. Vəziyyətin stabil olduğunu söyləmək olar. Bununla belə, təhlükəsizlik tədbirləri davam etdirilir, bundan sonra da ediləcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan aldığımız məlumata əsasən, mayın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Daşqınların başvermə səbəblərinə gəlincə, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Başlıca səbəb kimi çayın əsas məcrası olan Ana Kürün lillənib suyu dənizə buraxmaması göstərilir. Kür Xəzərə yalnız şimal-şərq qolu və ona paralel qazılan kanallar vasitəsilə tökülür. Başqa sözlə, Kürə gələn su Kürdən çıxan sudan çoxdur. Ona görə də şişmə əmələ gəlir, səviyyə artmağa başlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanovun sözlərinə görə, hələ fevralın 17-dən bolsululuq dövründə, yəni aprel-iyun aylarında yağışlar və qarın əriməsi nəticəsində Kür çayının mənsəbində bəndlərin hündürlüyünün artırılmasının zəruri olduğu barədə xəbərdarlıq edilib: "Aprel ayında qarın yağması nəticəsində dağlarda qar ehtiyatları normadan artıq oldu. Həm Azərbaycan, həm də Gürcüstanda leysan yağışlar da həddən artıq oldu. Bunun nəticəsində Araz su anbarında suyun səviyyəsi maksimal həddən (776 m) 36 sm. yüksəkdir. Onlar həmin suyu aşağı buraxmalıdırlar. Mingəçevir su anbarında isə suyun səviyyəsi 82,37 sm-ə çatıb. Başqa sözlə, maksimal səviyyəyə (83 m) çatmağa cəmi 63 sm qalıb. Bütün bunların nəticəsində Kür çayına çoxlu su gəlib, çayın isə suburaxma qabiliyyəti xeyli azalıb. Beləliklə, bəndlər dözməyib və subasma halları baş verib". E. Sultanov deyib ki, vəziyyətdən əsas çıxış Kürün lilini təmizləmək üçün kompleks tədbirlər həyata keçirmək və sahilboyu qoruyucu bəndləri möhkəmləndirməkdir: "Ana Kür mütləq təmizlənməlidir. Hazırda Bankə qəsəbəsində suyun səviyyəsi dənizlə müqayisədə 2,5 metr yüksəkdir. Əgər lil təmizlənsə, su dənizə gedəcək. Əvvəllər Kürün məcrası lillə tutulmayana qədər saniyədə 2000 kub/metr su keçəndə də subasma halları baş vermirdi. Amma indiki halda məcranın suburaxma qabiliyyəti xeyli azaldığından saniyədə 1500-1700 kub/metr su keçəndə görün nə problemlər yaranır. Lilin təmizlənməsi xeyli çətin prosesdir. Ən azı 5-6 km əraziyə ekskavatorları töküb Kürün məcrasını mexaniki yollarla açmaq lazımdır. Bu, xeyli böyük vəsait tələb edir". Mərkəzin direktoru deyib ki, Kür çayında baş verən daşqınlar Xəzər dənizinin səviyyəsinin artmasına hər hansı təsir etməyib. Xəzərin su balansının qorunmasında əsas rolu Volqa çayı oynayır. 1995-ci illə müqayisədə Xəzər dənizinin səviyyəsi əksinə, yarım metr aşağı enib Məlumat üçün bildirək ki, Şirvan şəhərində artıq 200-ə qədər çadır qurulub. YAP-ın Şirvan Şəhər Təşkilatının sədri Əbdülhəsən İbrahimov şəhərcikdə 1600 nəfərin qeydiyyata alındığını deyib. Onun sözlərinə görə, çadır şəhərciyindəki vətəndaşlar Sabirabad rayonunun 9 kəndindəndir.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.