Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

Temperatur 40 dərəcəni ötərsə...

09.07.10 - 17:46253 baxılıb

…İş dayandırıla bilərmi?

Yaxın günlərdə havanın temperaturunun 40 dərəcə selsini ötəcəyi xəbəri insanlar arasında əsl təşvişə səbəb olub. Yay mövsümü başlayandan bəri 42 nəfərin günvurma şikayəti ilə əlaqədar həkimə müraciət etməsi bu təşvişin əsassız olmadığından xəbər verir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyevin kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, günvurma ilə bağlı müraciət edənlərin 12 nəfəri xəstəxanaya yerləşdirilib. R.Nağıyev günvurma hallarının ən çox gənclər və uşaqlar arasında baş verdiyini qeyd edib. Yaşlılar arasında isə bu mövsümdə günvurma halı müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, yaxın bir həftə ərzində havanın hərarəti gecə 23-26, gündüz 35-40, Abşeron çimərliklərində isə dəniz suyunun temperaturu 28-29 dərəcəni ötəcək. Hətta dağlıq ərazilərdə də temperaturun 29-34 dərəcəyə kimi yüksələcəyi gözlənilir. Bu həftənin sonu meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, isti və rütubətli hava onlarda narahatlıq hissi yaradacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın temperaturunun yaxın bir həftə ərzində 40 dərəcə təşkil edəcəyini proqnozlaşdırsa da, hərarətin daha yüksək həddə çatacağı ehtimalı hələ də qalmaqdadır. Maraqlıdır, qızmar istilərdə açıq hava şəraitində işləyənlərin taleyi necə olacaq? Çünki Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən, onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Həmçinin havanın temperaturu 41 dərəcə selsidən çox olan açıq şəraitli yerdə işləyənlərə bu qaydalar tətbiq olunur. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Əmək Məcəlləsində işçilərin sağlamlığının qeydinə qalan bütün lazımi qaydalar öz əksini tapsa da, bəzi işəgötürənlər buna əməl etmirlər. Çünki son günlər havanın temperaturunun kölgədə 40 dərəcə selsi təşkil etməsinə baxmayaraq, yol çəkənlər, tikintidə işləyənlər və açıq hava şəraitində çalışan digər işçilərin günorta saatlarında da işə ara vermədiklərinin şahidi olduq. Maraqlıdır, müvafiq strukturlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iyul ayı ilə bağlı proqnozlarına nə dərəcədə əhəmiyyət verəcəklər? Temperaturun 41 dərəcəni ötəcəyi təqdirdə iş dayandırıla bilərmi? Əgər dayandırılmasa, hansı qabaqlayıcı tədbirlər həyata keçiriləcək?
Məsələyə münasibət bildirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev kütləvi informasiya vasitələrinə açıqlamasında deyib ki, 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir: "Amma iş yerlərində bu tələbə çox vaxt əməl edilmir. Bəzi qapalı yerlərdə ola bilsin ki, sərinləşdirici sexlər var və orada iş prosesinin davam etdirilməsi mümkündür. Lakin belə yerlərdə də işçilərin istidən əziyyət çəkməməsi üçün zəruri tədbirlər görülməlidir. Hansı müəssisələrdə həmkarlar təşkilatları varsa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası orada bu işlərə cavabdehlik daşıyır. Hansı müəssisələrdə ki, həmkarlar təşkilatları yoxdur, orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları bu işlərlə məşğul olmalı, lazımi tədbirlər görməlidirlər".
Konfederasiya sədrinin sözlərinə görə, işçi hüquqlarının pozulmasına daha çox tikinti sektorunda yol verilir: "Bu sektorda işçilərin istirahətinə, yemək təminatına fikir verilmir və onlar günün altında işləyirlər. İndiki vəziyyətdə asfalt salanlar daha çox əziyyət çəkir. Bir yandan 40 dərəcə isti, digər tərəfdən isə asfaltın özünün 30 dərəcəlik istisi işçilərin səhhətində problemlər yarada bilər. Bu cür problemlər inkar olunmazdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən, heç bir halda 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir. Amma iş yerlərində bu tələblərə əməl olunmur".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin səlahiyyətlisi Məhərrəm Məhərov hərarətin hələ ki, 40 dərəcəni ötmədiyini deyərək, narahatlığa heç bir əsas olmadığını bildirdi. Mövcud neqativ hallarla mübarizəyə gəlincə, qurum səlahiyyətlisi bildirdi ki, reydlərin keçirilməsi vacibdir: "İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi olmadan gedib özəl müəssisələrin işlərinə müdaxilə edə bilmirik. Ancaq buna baxmayaraq, biz bütün lazımi tədbirləri həyata keçirməyə çalışırıq".
42 nəfərin günvurması barədə danışan M.Məhərov dedi ki, ola bilər onları iş şəraitində gün vurmayıb: “Həmin insanları iş şəraitində gün vurmayıb. Diqqətinizə çatdırım ki, belə olan halda dərhal işin dayandırılması barədə göstəriş verilir”.
Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, əvvəllər qanunvericilikdə bu hədd 45 dərəcə göstərilmişdi: "Lakin ölkə ərazisində 45 dərəcə temperatur xarakterik deyildi. Buna görə də həmin qanunda dəyişiklik edildi və 41 dərəcə göstərildi. Amma o iş yerlərində iş dayandılır ki, orada havanın temperaturunu süni yolla nizamlamaq mümkün deyil. Yalnız açıq havada və havanın temperaturunu süni yolla tənzimləmək mümkün olmayan yerlərdə temperatur 41 dərəcəni keçdikdə işlər dayandırılır. Həmçinin işdə fasilələr də vermək olar. Yəni işəgötürən elə tədbirlər görməlidir ki, işçinin səhhətində hər hansı problem yaranmasın. Bu işlərə nəzarəti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir".
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bu cür neqativ halların əsasən əhalinin verilən məsləhətlərə əməl etməməsi nəticəsində yaşandığını deyir: "Tibbi Yardım Stansiyasına belə müraciətlər demək olar ki, hər gün daxil olur. İnsanlar bəzən hansı saatlarda açıq havada gəzə biləcəklərinə bir o qədər önəm vermirlər. Nəticədə də bu, onların səhhətində fəsadlar yaradır. Məsələn, açıq havada, eləcə də çimərliklərdə səhər və axşam saatlarında olmaq məqsədəuyğundur. Səhər saat 11:00-dan axşam saat 17:00-a kimi çimərliklərə getmək tövsiyə olunmur. O cümlədən açıq havada birbaşa günəş şüaları altında gəzmək də… Çünki bu vaxtlarda həm temperatur, həm də radiasiya yüksək olur. Günvurmadan əlavə günəş şüalarından dəridə yanıqlar da əmələ gələ bilər. 15-20 dəqiqə günəş şüası altında qalan hər bir adam günvurmaya məruz qala bilər".
Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.