Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ ŞADLIQ EVLƏRİNDƏ YOXLAMALARA BAŞLAYIB
Binə, Bərdə və Xanlarda toy məclislərində baş verən kütləvi şəkildə zəhərlənmələrin baş verməsi Gigiyena və Epidemiologiya Mərkəzini şadlıq evlərində yeməklərin və içkilərin saxlanma şəraiti ilə bağlı araşdırmaları gücləndirməyə məcbur edib. Mərkəz qida zəhərlənmələri ilə əlaqədar ictimai iaşə müəssisələrində, restoranlarda, şadlıq evlərində və digər ticarət obyektlərində yeyinti məhsullarının keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinqlərə başlayıb. Mərkəzin şöbə müdiri İmran Abdullayev bildirib ki, gigiyenik rejimə riayət etməyən obyektlərə qarşı cərimələr tətbiq olunacaq, bəzi obyektlərin fəaliyyətinin dayandırılması istisna edilmir. İ.Abdullayev bildirib ki, zəhərlənmələrin baş verməsində əsas faktor isti hava şəraitində yeyinti məhsullarının tələb olunan rejimə uyğun saxlanmamasıdır. Belə ki, istər mal əti, istər toyuq və digər qida məhsulları bişirildikdən bir neçə saat sonra süfrəyə gətirilir. Bu zaman həmin məhsulun tərkibindəki stafilakok bakteriyaları aktivləşir və insan orqanizminə daxil olduqdan sonra zəhərlənmələrə səbəb olur. Gigiyenik rejimə əsasən, toy məclislərində mal və toyuq əti, eləcə də digər qida əlavələri hazırlandıqdan sonra soyuducularda saxlanmalıdır. Həmin məhsulların saxlandığı yerdə havanın temperaturu 5 müsbət dərəcədən artıq olmamalıdır. Amma reallıq bundan ibarətdir ki, əksər toy məclislərində yeməklərin saxlandığı yerdə havanın temperaturu 20-25 dərəcə olur. Bundan əlavə, həmin qida əlavələri hazırlandıqdan 5-6 saat sonra süfrəyə qoyulur. Bu isə stafilakok çöplərinin aktivləşməsinə və zəhərlənmələrin yaranmasına gətirib çıxarır. İ.Abdullayev bildirir ki, toy sahibləri bu amilləri nəzərə alaraq yeməyin saxlanma şəraitinə ciddi fikir verməlidir. İqtisadi İnkişaf Nazirliyi isə əhalinin zəhərlənməsində başlıca rol oynayan qida məhsullarının istehsal və satış obyektlərində ciddi yoxlamalara başlanılacağını xəbərdar edib. Nazirlik Respublika GEM-in apardığı müayinələrdən sonra hansı məhsulların zəhərlənmələrdə əsas yer tutmasının məlum olmasından sonra həmin malların istehsal şəraitinin araşdırılacağını bildirir.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.