Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri bildirib ki, gələn ildən ali təhsil sisteminə bir sıra dəyişikliklər tətbiq olunacaq. Belə ki, hazırda bakalavr pilləsində tədris olunan bəzi ixtisasların sayı azaldılacaq. Bundan əlavə, gələcəkdə ali təhsildə qəbulla bağlı bəzi dəyişikliklər də gözlənilir. TN ali təhsil müəssisələrinə qəbul aparılarkən tələbi nəzərə alacaq. Yəni müxtəlif sahələr üzrə təşkilatlarda nə qədər kadr tələb olunursa, dövlət ali məktəblərinə həmin ehtiyaca uyğun tələbə qəbul olunacaq. Özəl ali məktəblərə isə belə məhdudiyyətlər qoyulmayacaq. 2008-ci ildə Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrə toxunan Misir Mərdanov başlıca məqsəd kimi təhsil sisteminin ayrı-ayrı pillələri üzrə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının dayandığını söyləyib. Bu il büdcədən həmin tədbirlərin həyata keçirilməsi üçün 196 milyon manat vəsait ayrılıb ki, həmin maliyyə hesabına 523 təhsil obyektində iş aparılacaq. Xatırladaq ki, 2004-cü illə müqayisədə bu il hökumətin təhsil sahəsinə yönəltdiyi investisiyaların həcmi 32 dəfə artıb. 2004-cü ildə bu sahəyə sərf olunan investisiyalar cəmi 5,8 milyon manat təşkil edib. Son 4 ildə ümumilikdə dövlət büdcəsindən təhsilə bütün sahələr üzrə ayrılan vəsaitlərin məbləği 3,5 dəfə çoxalıb. 2003-cü ildə büdcənin 243 milyon manatı təhsilə yönəldilirdisə, 2008-ci ildə bu rəqəm 974 milyon manata çatıb. Təkcə ötən il təhsil sahəsində 14 dövlət proqramı üzrə tədbirlər həyata keçirilib. "Məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı"na uyğun olaraq son illərdə 254 min yerlik 1217 yeni məktəb inşa olunub. Hökumət bununla yanaşı, orta məktəblərin istilik təchizatına böyük diqqət yönəldib. M.Mərdanov deyib ki, bu il 243 məktəbin istilik sistemi təmin olunacaq. Müqayisə üçün bildirək ki, ötən il 270 məktəbin istiliklə təminatı həll edilib. 2008-ci ildə Təhsil Nazirliyinin xətti ilə 115 yeni məktəb tikilib istifadəyə veriləcək. 32 məktəbin əlavə korpusu tikilməklə yanaşı, 94 orta məktəbin əsaslı təmiri aparılacaq. Bundan əlavə, 21 uşaq bağçası əsaslı şəkildə təmir ediləcək. Təhsil Nazirliyi bu ildən etibarən texniki-peşə məktəblərinin də yenidən qurulmasına diqqət ayıracaq. Bu il 4 peşə məktəbinin əsaslı təmiri nəzərdə tutulur. M.Mərdanov ilin sonuna kimi 4 rayonun təhsil şöbəsinin də tikilməsinin başa çatdırılacağını vurğulayıb. Nazirlik 10 internat məktəbinin əsaslı təmirinə də vəsait xərcləyəcək. Onu da əlavə edək ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 2005-ci ildə 132 məktəb tikilib, 2006-cı ildə 29 internat məktəbi əsaslı təmir edilib. 2006-2007-ci illərdə isə 52 yeni məktəb və korpuslar inşa edilərək ən müasir avadanlıqlarla təmin olunub. Ümumilikdə Fondun təşəbbüsü ilə son 3 ildə 34 min yerlik 184 məktəb tikilib, 37 məktəb isə əsaslı təmir olunub. M.Mərdanov yeni istifadəyə verilən məktəblərin kompyuter və digər informasiya texnologiyaları ilə təmin olunduğunu xatırladıb. Son 3 ildə 325 məktəb həmin avadanlıqlarla təmin edilib. Nazir hazırda əsas diqqətin kompyuterlə təmin olunmuş təhsil müəssisələrində informasiya texnologiyalarından səmərəli istifadədən və internet şəbəkəsinin genişləndirilməsindən ibarət olduğunu söyləyib. 2008-2009-cu illər üzrə tədris proqramının məzmununa toxunan nazir bildirib ki, bu il yeni çap olunan dərsliklər milli kurrikulum sənədinə əsasən hazırlanacaq. Birinci sinif üçün 123 min ədəd müxtəlif adda çap olunan dərsliklərlə bərabər, müəllimlər üçün də dərs vəsaitlərinin nəşri nəzərdə tutulub. Bu il fransız, alman, rus dillərində birinci sinif dərsliklərinin nəşri təzələnəcək. 2008-ci ildə ümumilikdə Təhsil Nazirliyi 81 adda 4 milyon 205 min nüsxəyə yaxın dərslik, müəllimlər üçün isə 21 adda 79 min 500 nüsxə vəsait nəşr edəcək. Bundan əlavə, 19 adda 351 mindən çox xəritə məktəblərə paylanacaq. M.Mərdanov Prezidentin sərəncamı ilə təsdiq edilmiş ilin ən yaxşı 100 müəllimi və şagirdinin müəyyən olunması haqqında proqrama uyğun olaraq tədbirlərin icrasına başlandığını diqqətə çatdırıb. Bu məqsədlə Nazirlikdə yaradılmış Təşkilat Komitəsi üç mərhələdə iki müsabiqə keçirəcək. Hazırda bununla əlaqədar Nazirlikdə sənəd qəbulu prosesi aparılır. Bu il 11-ci sinif şagirdləri üçün test imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Təhsil naziri "Təhsil haqqında" Qanunun parlamentin iclasında müzakirəyə çıxarıldıqdan sonra qəbul olunacağını əmin edib. Onun fikrincə, qanun layihəsində problem yarada biləcək detallar olmadığından sənədin qəbuluna hansısa maneənin olacağından danışmaq mümkün deyil.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.