Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

İnformasiya əldə etməyin çətinlikləri

13.07.09 - 10:18135 baxılıb

Mətbuatda vaxtaşırı olaraq cəmiyyətdə baş verən hadisələr, vətəndaşların qarşılaşdıqları problemlər araşdırılır. Bu problemlərin həllinə çalışan jurnalistlərin özləri də çox vaxt məlumat əldə etməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Mətbuat işçilərinin peşə bayramı ərəfəsində biz də Azərbaycanda jurnalistlərin informasiya əldə etmək sahəsində üzləşdikləri problemlər və onları yaradan səbəbləri araşdırmağa çalışdıq. Respublikamızda dövlət qurumlarından informasiya əldə etməyin çətinlikləri müxtəlif səbəblərlə izah edilir.

Amma həmin problemlərin görünən tərəfində dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında vasitəçi rolunu oynayan mətbuat xidmətləri dayanır. Jurnalistlər ən operativ məlumatları nazirliklərin bilgi sahiblərindən necə əldə edə bilmələrini araşdırmaq üçün son bir ay müddətində müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə əlaqə saxladıq. Əgər əvvəllər mətbuat xidməti rəhbərlərini iş telefonu ilə tapmaq problem yaradırdısa, bu gün onların mobil telefonları da jurnalistlərin üzünə bağlıdır. Əksər hallarda isə mətbuat xidməti rəhbərlərinin onlara ünvanlanan ən sadə sualları belə, nazir və komitə rəhbəri ilə məsləhətləşdikdən sonra cavab verilməsi operativ məlumatın alınmasına mane olur.

Qanun informasiya azadlığına təminat verir

Halbuki həm ölkə qanunvericiliyi, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar informasiya azadlığını özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə görə, hər kəs ifadə azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmadan məlumat və ideyalar almaq və yaymaq azadlığı daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığının olduğunu özündə ehtiva edir. 50-ci maddə isə hər bir vətəndaşa istədiyi məlumatı qanuni yolla əldə etmək, hazırlamaq və yaymaq azadlığı verir. Ölkəmizdə ən mükəmməl qanunlardan biri hesab olunan "İnformasiya əldə etmək haqqında" Qanun informasiya sahiblərinin üzərinə ciddi tələblər qoyur. Həmin Qanunun məqsədi Azərbaycan Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunan məlumatı əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən və ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Azərbaycanda informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Qanuna görə, informasiyaya çatım ən qısa zamanda və münasib üsulla təmin edilməlidir. Məlumatların internet vasitəsilə açıqlanması, e-mail və fakslarla göndərilməsi onları daha tez əldə etməyi təmin edən vasitələrdən biridir. Amma informasiya sahibləri sorğulara çevik və ədalətli baxmalıdır. Qanunda informasiya sorğularının yerinə yetirilməsi üçün 7 iş günü göstərilməsinə baxmayaraq, bilgi sahibi sorğuları bu müddətdə, lakin ləngimədən yerinə yetirməlidir. Sorğular hərtərəfli araşdırılmalı, müraciət edənin istəyini maksimum təmin edə biləcək yolla icra olunmalıdır.

"Cərimələr artırılsa, müəyyən irəliləyişə nail olmaq mümkündür"

Məsələyə münasibət bildirən Multimedia Mərkəzinin sədri Osman Gündüzün qənaətinə görə, problemin həlli üçün məsələyə köklü yanaşmaq lazımdır: "Bu problemin yaranmasında günahı təkcə dövlət orqanlarının mətbuat xidmətlərində axtarmaq lazım deyil. Hazırda dövlət orqanlarında informasiya ilə əlaqəli iki qurum fəaliyyət göstərir. Bunlardan biri mətbuat xidmətləri, digəri isə informasiya şöbələridir. İnformasiya şöbəsi dövlət qurumlarında olan və açıqlanması məcburi olan informasiyanın istehsalı ilə məşğul olmalıdır. Mətbuat xidmətləri isə cari fəaliyyətlə bağlı xəbərləri yaymalıdır. Qanunun tələblərinin yerinə yetirilməməsi məsuliyyətsizliyin nəticəsidir. Təklif edirik ki, informasiya verməkdən imtina ilə bağlı qanunvericiliyin tələbləri sərtləşdirilsin və cərimələrin miqdarı artırılsın. Hazırda həmin cərimələrin miqdarı çox aşağıdır və cərimələr artırılsa, müəyyən irəliləyişə nail olmaq mümkündür".
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin qənaətinə görə, informasiya əldə etməyin mümkün olmamasının kökündə duran səbəblərdən biri qanunvericiliyin kifayət qədər öyrənilməməsidir: "Bu sıraya psixoloji və inzibati amilləri də əlavə etmək olar. Mətbuat xidməti rəhbərlərinin əksəriyyətinin qarşısında tələb qoyulub ki, həmin qurumların rəhbərliyinin xüsusi icazəsi olmadan heç bir məlumat verilməsin. Böyük bir qismi ehtiyyat edir ki, mətbuata verilən informasiya bu qurumlarda baş verən hansısa əməllərin üstünün açılmasına səbəb ola bilər".
Mətbuat xidmətinin əlaqədar dövlət qurumu rəhbərliyinin birbaşa tabeçiliyindən çıxarılmasına münasibət bildirən ekspert bunun əlavə problemlərin yaranmasına səbəb olacağını istisna etmir: "Mətbuat xidmətlərinin birbaşa həmin nazirlik və komitənin tərkibindən çıxarılması onların özlərinin məlumat almasını çətinləşdirə bilər. Əgər nazirliyin mətbuat xidməti bu gün yayılan informasiyaları birbaşa rəhbərləri ilə məsləhətləşərək verirlərsə, tabeçilikdən çıxarılarsa, artıq özlərinin məlumat əldə etmək yolları bağlanacaq. Bu səbəbdən həmin qurumların ayrıca bir təşkilata tabe olmasındansa, hər bir dövlət orqanının tabeçiliyində fəaliyyət göstərməsi daha münasibdir. Dövlət orqanları ilə media qurumları arasında başqa bir qurumun yaradılması həm də əlavə vəsaitin xərclənməsinə yol açacaq. Halbuki hazırda Dünya Bankı inzibati xərclərin azadılmasını tələb edir".
Bu sırada mətbuat orqanlarında peşəkar kadrların yerləşdirilməsinin də müəyyən qədər rolu olduğunu vurğulayan A.Əliyev bunun aradan qaldırılmasının çətin olmadığını bildirdi: "Çünki bunun üçün artıq proqram işlənib hazırlanıb. Dövlət qurumlarının mətbuat xidmətlərində çalışan şəxslərə treninqlər, informasiya sessiyaları keçməklə qısa müddətdə onların peşəkarlıq səviyyəsini artırmaq olar. Bu təlimlərin keçirilməsi üçün Azərbaycanda kifayət qədər kadr var. Əsas məsələ isə həmin kadrlarda olan psixoloji səddi aradan qaldırmaq lazımdır".
Əksər ekspertlərin qənaətinə görə, problemin həlli üçün ayrıca konsepsiya hazırlanmalıdır. Bir neçə il öncə ATƏT-in təşəbbüsü ilə ekspertlər qrupu tərəfindən belə bir sənəd hazırlanıb. Həmin sənəddə Azərbaycanda informasiya əldə etmək probleminin həlli üçün həyata keçirilməsi vacib olan tədbirlər siyahısı göstərilib. Konsepsiya xarakterli sənəddə bu sahədə görüləcək işlərin həyata keçirilməsinə məsul olan şəxslər, bu məsələlərin hansı müddətdə yerinə yetirilməsi və onun maliyyə mənbələrinin necə tapılması öz əksini tapıb.
Araşdırmalar göstərir ki, mətbuat xidmətlərinin müasir tələblərə uyğunlaşdırılması həyata keçirilməlidir. Başqa sözlə, bu strukturlarda çalışan şəxslərin təfəkkürü, məsələlərə yanaşma tərzi dəyişməlidir...

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.