Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Namiq Həsənov: "İki ildən az sürücülük fəaliyyəti olan, şəhəri yaxşı tanımayan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər"
Son illər respublikamızda nəqliyyat sektorunda xeyli işlər görülüb. Xüsusən paytaxtda tıxacların qarşısının alınması üçün yeni körpülər, yolötürücüləri tikilib, yeni yollar çəkilib. Şəhərin mərkəzində mikroavtobuslar iritutumlu avtobuslarla əvəzlənib. Buna baxmayaraq, problemlər də az deyil. Bu sahədə vəziyyətə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Namiq müəllim, yaxın vaxtlarda hansı yolların tikintisinin başa çatması gözlənilir? - Bu ilin avqustunda "Bakı Dairəvi-1" yolunun istifadəyə verilməsi nəzərdə tutulur. 21,5 kilometrlik həmin yolun şimal-cənub nəqliyyat dəhlizinin birləşdirilməsində mühüm əhəmiyyəti var. Bununla bağlı bir sıra yan yollar (14 km) da tikilib. Bu yol istifadəyə verildikdən sonra İran istiqamətindən gələn nəqliyyat şəhərə girmədən birbaşa Biləcəridən şimal istiqamətə hərəkət edə biləcək. Eyni zamanda həmin yolun üzərində təxminən 6 keçid, 4 avtobus dayanacağı və bir neçə piyada keçidi istifadəyə veriləcək. Həmçinin bu il Azadlıq prospekti və Ziya Bünyadov prospektinin kəsişməsindəki tunelin üst hissəsi istifadəyə verilməlidir. 2012-ci ilə qədər isə 75 yerdə yol qovşağı, piyada keçidlərin tikilməsi nəzərdə tutulur. - Respublikamıza yeni taksilərin gətirilməsi ilə bağlı məsələ iki ildən artıqdır müzakirə olunsa da, bu günədək reallaşmayıb. Hazırda işlər nə yerdədir? - Azərbaycana yeni taksilərin gətirilməsi ilə bağlı danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq yəqin ki, bu ilin sonunadək yeni taksilər Azərbaycana gətiriləcək. Düzdür, indiyədək ayrı-ayrı şirkətlər tərəfindən müəyyən sayda standartlara cavab verən taksilər gətirilib. Hazırda Bakı Hava Limanında, həmçinin şəhərin bir sıra ərazilərində həmin taksilər fəaliyyət göstərir. Bizim əsas danışıqlarımız Almaniya və Koreya şirkətləri ilə aparılır. Bu ilin sonunadək nə qədər taksinin gətirilməsi ilə bağlı rəqəmləri yəqin ki, yaxın vaxtlarda açıqlaya biləcəyik. - Tələbatı ödəmək üçün nə qədər taksinin gətirilməsi nəzərdə tutulur? - Təxminən 3500-ə yaxın taksi gətirilsə, Bakı şəhərində olan tələbat qismən ödənilə bilər. Aparılan monitorinqlər göstərir ki, bu qədər minik maşını gətirilsə, paytaxtda fəaliyyət göstərən köhnə taksilərin tamamilə yığışdırılması mümkün olacaq. - Bu gün taksi fəaliyyəti göstərən şəxslər fərqlənmə nişanı alırlarmı? - Təəssüflə qeyd etməliyik ki, bu gün də fərqlənmə nişanı olmadan taksi fəaliyyəti göstərənlərin sayı kifayət qədər çoxdur. Faktiki olaraq hər ay 4000-5000 taksiyə fərqlənmə nişanı verilirsə, fərqlənmə nişanı almadan bu fəaliyyətlə məşğul olanların sayı daha çoxdur. Fərqlənmə nişanının qiyməti hazırda 17 manat 60 qəpikdir. Amma onunla yanaşı texniki yoxlama xərcləri də var ki, bu xərc təxminən 20-30 manat arasında dəyişir. Hazırda nazirliyin əsas mübarizəsi də qeyri-leqal fəaliyyət göstərən həmin taksilərin fəaliyyətinin leqallaşdırılması ilə bağlıdır. Nazirlik hesab edir ki, taksilər ilk öncə standartlara uyğun olmalıdır. Daha sonra lisenziya almalıdır, həmçinin fərqlənmə nişanı ilə fəaliyyət göstərməlidir. Çox təəssüf ki, bu qaydaya əməl etməyənlərin sayını tam azaltmaq mümkün olmayıb. Bu gün də Bakı şəhəri ərazisində üzərində taksi nişanı olan köhnə "Moskviç", "Zaparojets", "Niva", "Volqa" markalı avtomobillər var. Yəqin ki, yeni taksilər gətirildikdən sonra onların fəaliyyətinə qadağa qoyulacaq. İndiyədək onlara vaxt verildi ki, bu fəaliyyətlə məşğul olmaq üçün öz avtomobillərini yeniləsinlər. Biz də başa düşürük ki, birdən-birə inzibati metodlarla bu problemi həll etmək mümkün deyil. Amma həmin şəxslər bu məsələyə ciddi yanaşmadı və avtomobillərini təzələmədilər. - Nəzərdə tutulurdu ki, taksi sürücüləri təlimlərə də cəlb ediləcək. Bununla bağlı hansı işlər görülür? - Yaxın gələcəkdə iki ildən az sürücülük fəaliyyəti olan, 18 yaşından aşağı və şəhəri yaxşı tanımayan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Həmin şəxslər kurslara cəlb edilməli, maarifləndirilməlidir. Bu gün xarici ölkələrin hamısında taksi fəaliyyəti ilə məşğul olanlara müəyyən tələblər var. Məsələn, Londonda şəhəri yaxşı tanımayanlar, 3 min obyektin adını əzbər bilməyən şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməz. Amma Azərbaycanda istənilən şəxs avtomobilinin üzərinə taksi nişanı qoyaraq bu fəaliyyətlə məşğul ola bilir. Nəzərdə tutduğumuz işlər də ona hesablanıb ki, bu fəaliyyət sahəsində müəyyən qədər qayda-qanun yaradılsın. - Xarici ölkələrdə köhnə taksilər belə sayğacla təmin olunub. Bu işi görmək üçün hökmən yeni taksilərin gətirilməsini gözləmək lazımdır? - Sovet dövründə Azərbaycanda da bu sistem tətbiq olunub. Fərqlənmə nişanı taksilərin vergi ödəməsini də təmin edir. Buna görə də bu məsələ hələ ki, gündəmdə deyil. Amma yaxın gələcəkdə taksilərin sayğacla təmin olunması üçün digər əlaqədar qurumlarla da danışıqlar aparılır. Sayğacların quraşdırılması ilə təkcə bu fəaliyyətlə məşğul olanların vergiyə cəlb olunmasından söhbət getmir, həm də vətəndaşların aldadılmasının qarşısı alınacaq. Sadəcə, hesab edirik ki, avtomobillərə quraşdırılan sayğaclar standartlara cavab verməli və ən yeni texnologiya tətbiq olunmalıdır. - Gözlənilirdi ki, 2009-cu ilin sonunda paytaxtda avtobusların gətirilməsi başa çatacaq. Amma bu gün də şəhərətrafı qəsəbələrə işləyən marşrut avtobusların əksəriyyəti xırdatutumlulardır. - Bakıya iritutumlu avtobuslar növbəti dəfə gətirildikdən sonra bu problem demək olar ki, aradan qaldırılacaq. Bundan sonra mikroavtobusların marşrut taksi kimi istifadə edilməsi nəzərdə tutulur. Bu ilin sonuna kimi bu proses tam başa çatdırılmalıdır. Bizim hesablamalarımıza görə, təxminən 1000 ədəd avtobus gətirildikdən sonra artıq bu problem öz həllini tapacaq. - Şəhərdaxili nəqliyyatda biletlərin tətbiq edilməsinə nə vaxt başlanılacaq? - Biletlərin tətbiqi gündəmdəki məsələ olsa da, bir sıra çətinliklər də mövcuddur. Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin qurulmasına başlanılıb. Bu sistem işə düşdükdən sonra cipkart sistemi gündəmə gələ bilər. Həmin universal kartların tətbiqi ilə vətəndaşlar həm metroda, həm də avtobuslarda gedişhaqqını ödəyə biləcək. Hesab edirik ki, bilet sistemi müəyyən qədər köhnəlmiş sistemdir və əgər intellektual idarəetmə sistemi işə salınacaqsa, biletlərin tətbiqinə ehtiyac qalmayacaq. - Avtobusları dayanacaqdan kənarda saxlayan sürücülərə qarşı da bir müddət öncə tədbirlər həyata keçirilirdi. Bununla bağlı təxminən nə qədər sürücü cərimə olunub? - Bu istiqamətdə tədbirlərimiz hələ də davam etdirilir. Eyni zamanda araşdırma apararaq müəyyən etmişik ki, Bakıda təxminən 150 ədəd yeni dayanacağın qurulmasına ehtiyac var. Hazırda Bakıda 450 dayanacaq olsa da, bu, kifayət etmir. Ümumiyyətlə, prinsipimiz avtobusları yaxın vaxtlarda ancaq dayanacaqlarda saxlayaraq sərnişin götürülməsini təmin etməkdir. Amma arzuolunmaz halların baş verməsinin günahkarı heç də həmişə sürücülər olmur. Çünki hər bir avtobusda bir sürücü olsa da, onlarla sərnişin var və onların hər biri avtobusların öz mənzillərinin yaxınlığında saxlamasını tələb edir. Bu da son nəticədə mübahisələrin yaranmasına gətirib çıxarır. Bu istiqamətdə fəaliyyətimizi gücləndirəcəyik. Yəqin ki, gələn ayın sonuna qədər görülən cəza tədbirləri nəticəsində büdcəyə nə qədər vəsait daxil olduğu haqda da məlumat açıqlanacaq. - Amma bu tədbirləriniz kampaniya xarakteri daşıyır... - Hazırda gördüyümüz tədbirlər kampaniya xarakteri daşımır. Nəzərdə tutulub ki, belə tədbirlər mütəmadi olaraq keçirilsin. Çünki cəzalanma olmayan yerdə özbaşınalıq da baş alıb gedir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.