Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Kollektiv müqavilə və sazişlər

27.01.12 - 18:49102 baxılıb

Kollektiv müqavilə ilk dəfə XVI əsrin ortalarında Böyük Britaniyanın toxuculuq, kömür və kimya sənayesi müəssisələrində bağlanmışdır. Azərbaycanda ayrı-ayrı müəssisələrdə kollektiv müqavilə tipində sazişlərin bağlanmasına 1903-cü ildə başlanmışdır. İlk kollektiv müqavilə isə Bakının neft sənayesinin fəhlələri ilə neft sənayeçiləri arasında 1904-cü ildə imzalanmışdır.

Ölkəmizdə dövlət müstəqilliyi bərpa olunanadək kollektiv müqavilə və sazişlər, qərarlar və Əmək Qanunları Məcəlləsi ilə tənzimlənirdi. 1996-cı il mayın 24-də qəbul edilmiş "Kollektiv müqavilələr və sazişlər haqqında" Qanun 1999-cu il iyulun 1-dək, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək əmək münasibətlərinin tənzimlənməsində əsas qanunverici akt kimi istifadə olunurdu. Kollektiv müqavilə və saziş institutu Əmək Məcəlləsinin bir çox maddəsində öz əksini tapmışdır. II bölmə (22-45-ci maddələr) bütünlüklə kollektiv müqavilə və sazişlərə həsr olunmuşdur.
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, kollektiv müqavilə dedikdə, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan, əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən, kollektiv saziş dedikdə isə, müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqının və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma başa düşülür.
Beynəlxalq Əmək Təşkilatının 9 nömrəli Tövsiyəsi ilə kollektiv müqavilənin tərəfləri dəqiq müəyyənləşdirilib. Tövsiyəyə əsasən, kollektiv müqavilədə bir tərəf kimi sahibkarlar, digər tərəf qismində isə işçi təşkilatlarının nümayəndəsi, belə təşkilat olmadıqda isə işçilərin özlərinin nümayəndələri çıxış edir. Əmək Məcəlləsinin 29-cu maddəsinə əsasən, kollektiv müqavilənin tərəfləri işəgötürən və həmkarlar ittifaqları təşkilatlarıdır. Müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda əmək kollektivi ikinci tərəf kimi çıxış edir.
BƏT-in "Təşkilat yaratmaq və kollektiv danışıqlar aparmaq hüququ prinsiplərinin tətbiqi haqqında" 98 №li Konvensiyasında qeyd edilir ki, əməkçilər əmək sahəsində birləşmək hüququna malikdirlər. Bu hüquqların sıxışdırılmasına və ya bu istiqamətə yönəldilmiş heç bir hərəkətə yol verilməməlidir. Qanunvericilik kollektiv müqavilənin tərəfi kimi həmkarlar ittifaqının və əmək kollektivlərinin hüquqlarının məhdudlaşdırılmasına yol vermir. Adıçəkilən konvensiyada kollektiv danışıqların aparılması hüququ təsbit edilsə də, bu, dövlət qulluqçularına şamil edilmirdi. Bu qurumla bağlı məsələlər, o cümlədən kollektiv danışıqların aparılması BƏT-in 151 №li "Dövlət qulluğunda əmək münasibətləri" adlı Konvensiyası ilə tənzimlənirdi. Sonradan iqtisadi həyatın bütün sahələrində kollektiv danışıqların aparılmasını təsbit edən "Kollektiv danışıqlara kömək göstərilməsi haqqında" 154 №li Konvensiya və eyni adlı 163 №li Tövsiyə qəbul edildi. Konvensiyada milli şəraitə uyğun gələn tədbirlərin görülməsi nəzərdə tutulur.
Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün ilk növbədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflər arasında kollektiv danışıqlar aparılmalıdır. Əmək Məcəlləsinin 25-ci maddəsinə görə, bu təşəbbüslə həmkarlar ittifaqları təşkilatları, əmək kollektivləri, işəgötürənlər və müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları öz səlahiyyətləri daxilində çıxış edirlər. Danışıqlara başlamaq üçün təklif verən tərəf o biri tərəfə kollektiv müqavilə və ya kollektiv saziş bağlamaq istədiyini yazılı şəkildə bildirməlidir. Qarşı tərəf bu təklifə 10 təqvim günü ərzində cavab verməlidir. Bu cavabda danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr haqqında məlumat da olmalıdır. Cavab məktubu alınan günün sabahı kollektiv danışıqların başlanması günü sayılır. Danışıqlardan imtina etməyə qanun yol vermir.
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində bir min manatdan iki min manatadək cərimə müəyyən edilmişdir.
Kollektiv müqavilənin hazırlanması, bağlanması qaydalarını və müddətini müəyyən etmək üçün bərabərsaylı nümayəndələrdən ibarət komissiya (işçi qrupu) yaradılır. Komissiya kollektiv müqaviləyə daxil ediləcək şərtlərin hər birini ayrılıqda müzakirə edir və tərəflərin tam razılığı olduqdan sonra həmin şərtlər kollektiv müqavilənin layihəsinə daxil edilir. Layihə tam hazır olduqdan sonra tərəflər ayrı-ayrılıqda həmin layihəni müzakirə edir.
Müzakirə həmkarlar ittifaqı və ya əmək kollektivi tərəfindən aparılır. Bu zaman qarşıya çıxan irad və təkliflərə işçi qrupu tərəfindən yenidən baxılır və imzalanmış layihə təsdiq olunmaq üçün ümumi yığıncağın müzakirəsinə verilir. ƏM-in 30-cu maddəsinin 3-cü hissəsində deyilir: "Həmkarlar ittifaqı təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin (nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur".
Kollektiv müqavilə səs çoxluğu ilə qəbul edilir. Təsdiq edildikdən sonra 3 gün müddətinə imzalanır və yeddi təqvim günü ərzində işəgötürən tərəfindən məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməklə icra edilməyə başlanır (ƏM-in 30-cu maddəsinin 7-ci hissəsi).
BƏT-in "Kollektiv danışıqlara kömək göstərilməsi haqqında" 154 nömrəli Konvensiyasında danışıqların aparılması qaydalarına və şərtlərinə əməl edilməsinə xüsusi diqqət yetirilir. Burada qeyd edilir ki, danışıqlar hər iki tərəfin maraqlarını əhatə etməlidir. Bu zaman müəssisənin maliyyə, iqtisadi, istehsal və sosial xüsusiyyətləri də nəzərə alınmalı və göstərilən sahələrin inkişafına xidmət edən bütün şərtlərin layihənin məzmununa daxil edilməsinə nail olunmalıdır.
Kollektiv müqavilənin məzmunu, yəni tərəflərin kollektiv müqavilə üzrə qarşılıqlı öhdəlikləri ƏM-in 31-ci maddəsində müəyyən edilmişdir. Kollektiv müqavilədə, bir qayda olaraq, müəssisənin istehsal və iqtisadi səmərəliliyinin yüksəldilməsi, əməyin ödənilməsi, inflyasiya nəzərə alınmaqla əməkhaqqı miqdarının tənzimlənməsi, kadr hazırlığı, məşğulluq, ixtisasartırma, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri, qadınların əmək şəraitinin yaxşılaşdırılması, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmalar, üzvlükhaqqının tutulması, kollektiv müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət və s. önəmli məsələlərin əksini tapması bu maddədə 19 bənddə verilmişdir.
Lakin qanunvericiliyin daim təkmilləşməsi, beynəlxalq hüquq normalarının ƏM-də təsbit edilməsinin zəruriliyi bu maddəyə 2 dəfə əlavə və dəyişikliyin edilməsinə səbəb oldu. Belə ki, 2004-cü il yanvarın 6-da "Avropa Sosial Xartiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 575 IIQ nömrəli Qanunu qüvvəyə mindi. Bununla əlaqədar olaraq 2004-cü il sentyabrın 1-də Milli Məclis tərəfindən ƏM-in 31-ci maddəsinə dəyişiklik edilərək aşağıdakı 2 bənd əlavə edildi:
"n) iş yerində və ya işlə əlaqədar olaraq ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
"o) iş yerində və ya işlə əlaqədar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;"
Adıçəkilən maddəyə ikinci dəyişiklik 2010-cu ildə oldu. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 2010-cu il martın 5-də ƏM-in 31-ci maddəsinə daha belə bir bənd əlavə edildi:
"ö) işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün şəraitin yaradılması."
31-ci maddədə nəzərdə tutulan müddəalar bütün kollektiv müqavilələrə daxil edilməlidir. Bu, birbaşa maddənin özündə qeyd edilir:
"4. Bu Məcəllədə və digər normativ-hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir."
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır və imzalandığı gündən qüvvəyə minir. Kollektiv müqavilə qüvvəyə mindikdən sonra müəssisəyə yeni işçilər qəbul olunarsa, bu müqavilə həmin işçilərə də şamil olunur. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti müqavilənin tərəflərindən başqa, ƏƏSMN də həyata keçirir.
Qanunvericilik kollektiv müqavilənin məzmununu təkcə 31-ci maddə ilə məhdudlaşdırmır. Belə ki, kollektiv müqavilədə, tərəflərin özlərinin iqtisadi imkanları nəzərə alınmaqla, ƏM-də nəzərdə tutulduğundan daha geniş öhdəliklər əksini tapa bilər. Bunlar əmək hüququnun lokal normalarıdır və kollektiv müqavilənin şərtlərinə aid edilir. Müəssisə rəhbəri tərəfindən kollektiv müqavilənin şərtləri yerinə yetirilmədikdə həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə həmkarlar ittifaqı səlahiyyətli orqanlar qarşısında məsələ qaldıra bilər (ƏM, 186-cı maddə). Bu pozuntulara görə qanunvericilik inzibati məsuliyyət də müəyyən etmişdir. Belə ki, kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklər yerinə yetirilmədikdə və ya pozulduqda İnzibati Xətalar Məcəlləsinin 58-ci maddəsinə əsasən, işəgötürən min manatdan min beş yüz manatadək cərimə olunur.
Respublikamızda sosial-iqtisadi siyasətin ümumi prinsiplərini müəyyən etmək, müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini və ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini, yollarını müəyyən etmək üçün Əmək Məcəlləsinin 35-ci maddəsinə əsasən, Baş Kollektiv Saziş, Sahə (tarif) kollektiv sazişi və Ərazi (rayon) kollektiv sazişləri bağlana bilər. Kollektiv sazişin tərəfləri barədə 36-cı maddədə deyilir:
"1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər:
a) Baş Kollektiv Saziş - müvafiq icra hakimiyyəti orqanı və həmkarlar ittifaqlarının ümumölkə (ölkə) birliyi arasında;
b) Sahə (tarif) kollektiv sazişi - müvafiq icra hakimiyyəti orqanları, həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında;
c) Ərazi (rayon) kollektiv sazişi - müvafiq icra hakimiyyəti orqanları, həmkarlar ittifaqlarının ərazi birlikləri arasında.
2. Baş, Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər."
Əgər kollektiv sazişin şərtləri qanunvericiliyə nisbətən işçilərin vəziyyətini, həyat şəraitini ağırlaşdırarsa, onda bu kollektiv saziş etibarsız hesab edilir.
Kollektiv saziş 1 ildən 3 ilədək müddətə bağlana bilər. İmzalandığı gündən və ya sazişdə göstərilən gündən qüvvəyə minir (39-cu maddə).
ƏM-in 37-ci maddəsi ilə kollektiv sazişlərin hazırlanması və bağlanması qaydaları müəyyən edilmişdir. Əvvəlki kollektiv sazişin müddətinin qurtarmasına 3 ay qalmış tərəflərdən hər hansı biri digər tərəfi yeni sazişin bağlanması üçün yazılı xəbərdar edir.
2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin müddəti artıq bitmək üzrədir. Buna görə də yeni sazişin işlənib hazırlanması zərurəti yaranmışdır. AHİK-in İcraiyyə Komitəsi 2012-2013-cü illər üçün bağlanacaq üçtərəfli sazişlə əlaqədar 2011-ci il sentyabrın 21-də qərar qəbul edərək işçi qrupu yaratmışdır. İşçi qrupu tərəfindən baxılmış layihə AHİK İK-in 31.10. 2011-ci il tarixli qərarı ilə əsasən bəyənilmişdir. Bağlanacaq sazişdə dövlətimizin iqtisadi qüdrətinin artırılması, əhalinin yaşayışının daha da yaxşılaşması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı, əhalinin gəlirlərinin artması və s. kimi məsələlər yenə də ön planda durur.

Sevil ZEYNALOVA,
Elgiz MƏHƏRRƏMOV,
AHİK-in Hüquq Şöbəsinin mütəxəssisləri.

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.