Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

"Qardaş ölkələrin işi barədə öyrənmək çox maraqlıdır"

05.02.08 - 15:05248 baxılıb

- Siyazbəy Onurbəyoviç, Bakıya xoş gəlmisiniz!
- Çox sağ olun! Biz qan qohumu olan xalqlarıq. Sovet İttifaqının dağılmasından sonra qonşu, qardaş ölkələrdə hansı proseslər baş verdiyini izləyirik. Təbii ki, informasiyamız o qədər də böyük deyil. Amma Qazaxıstanda "Lider" telekanalı yayımlanır. Biz də Azərbaycanın necə sürətlə inkişaf etdiyindən xəbərdarıq. Bakı qədim şəhərdir. Mən ikinci dəfədir ki, bu şəhərə səfər edirəm. Həmkarlar İttifaqları Konfederasiyasının lideri, eləcə də bir çox həmkarlar təşkilatlarının nümayəndələri ilə şəxsən tanışam. Səttar Mehbalıyevlə şəxsi dostluğumuz var. O da uzun illərdir ki, bu sahəyə rəhbərlik edir. Biz Ümumdünya Həmkarlar Konfederasiyasının üzvüyük. İndi də bir yerdə əməkdaşlıq edirik. Bu səbəbdən də bizə qardaş təşkilatların, qardaş ölkələrin işi barədə öyrənmək çox maraqlıdır. Hazırda Azərbaycanda da bir çox transmilli şirkətlər fəaliyyət göstərir. Bizi Xəzər dənizi birləşdirir. Xoş münasibətlər, qardaş münasibəti bir daha göstərir və əmin edir ki, bizə təkcə rəhbərlər səviyyəsində deyil, ümumiyyətlə, bütün səviyyələrdə əməkdaşlıq etmək lazımdır. Hazırda Qazaxıstanda elə imkanlar yaranıb ki, turizm sahəsində əlaqələr qurmaq, qarşılıqlı mübadilə üçün insanları göndərmək olar. Fikrimcə, mənim səfərim qarşılıqlı münasibətlərimiz üçün hansısa təkan verə bilər. Bu təkcə həmkarlar ittifaqlarının rəhbərliyi üçün deyil, ölkələrimiz üçün vacibdir. Böyüməkdə olan nəsil qardaşları barədə məlumatlı olmalıdır.
Qazaxıstan 2010-cu ildə Orta Asiya qış oyunlarını keçirəcək. Sonra Olimpiadaya hazırlaşacayıq. Yəni göstərməyə nəyimizsə var.
- Siz dediniz ki, biz qardaş ölkələrik və bizi həm də Xəzər dənizi birləşdirir. Amma bizi həm də neft-qaz sənayesi birləşdirir. Həm Azərbaycanda, həm də Qazaxıstanda zəngin yataqlar var. Son zamanlar Qazaxıstan da xarici investorların diqqətini cəlb etməyə başlayıb. Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının xarici investorlarla münasibəti necədir?
- Bizdə bir çox ölkələrin şirkətləri fəaliyyət göstərirlər və müəyyən çətinliklər var. Hazırda addım-addım onları bizim qanunlarla hesablaşmağa məcbur edirik. Bilirsiniz ki, Qazaxıstan çox iri yataqları xarici investorlar cəlb olunmadan istismar etmək gücündə deyil. Hazırda ölkədə iri xarici və yerli şirkətlər fəaliyyət göstərir. Bir qədər əvvəl İtaliya şirkəti ilə ciddi mübahisələr yaranmışdı. Onlar yatağın mənimsənilməsini gecikdirirdilər. Qazaxıstan isə bundan müəyyən dividentlər itirirdi. Onlar səhmlərin faizini artırmağı tələb edirdilər. Bu səbəbdən də ciddi danışıqlar gedirdi və hazırda prosesi yekunlaşdırırıq.
Qeyd etməliyəm ki, Qərbi Qazaxıstanda fəaliyyət göstərən Çin şirkətləri ilə işləmək daha asandır. Çünki biz ilkin mərhələdə onları möhkəm sıxmışdıq. Mənim Çin Həmkarlar İttifaqları Federasiyasının rəhbərliyi ilə şəxsi münasibətlərim də kömək göstərdi. Normal iş rejimi qurmuşuq, kollektiv müqavilələr bağlanılır. Qərb şirkətləri ilə problemlər daha çoxdur. Amma hazırda onları aradan qaldırırıq. Yəqin ki, bu il xarici şirkətlərlə fəaliyyətdə ciddi irəliləyiş əldə edəcəyik. Bu yaxınlarda baş tutmuş forum mənə belə qənaətə gəlməyə əsas verir. Ölkə Prezidentinin, Həmkarlar İttifaqları Federasiyasının, iri xarici və yerli şirkətlərin iştirakı ilə keçirilən forumda bütün biznes-strukturların işinin sosial istiqamətləri nəzərdən keçirilirdi. Bizim xahişimizlə Prezident bu forumda həmkarların rolunun artırılması, onunla sıx işlənilməsi barədə tapşırıq verdi. Biz hazırda "Kollektiv müqavilə bağla!" kampaniyasına başlamışıq. Həmkarlar ittifaqı olan yerlərdə bu fəaliyyəti iki ay ərzində başa çatdırmaq tapşırığı vermişik. Bu, ənənəvi illik kampaniyadır və bizim bu sahədə böyük təcrübəmiz var. Həmkarlar İttifaqı olmayan və kollektiv müqavilə bağlanmayan yerlərdə isə ilin sonuna qədər həmkarlar təşkilatlarını yaratmaq və müqavilə bağlamaq tələbi qoymuşuq. Kollektiv müqavilə işəgötürənlə kollektiv, həmkarlar təşkilatı ilə qarşılıqlı münasibətidir. Bizim qanunlarımıza, Əmək Məcəlləsinə görə isə, işçilərin nümayəndəsi professional birliklərdir. Başladığımız aksiyada bütün sahələr - sosial inkişaf, sosial dəstək, əmək üçün normal şərait yaradılması, əməkhaqqı və digər problemlər əksini tapacaq.
- Azərbaycanda da bəzən xarici şirkətlərlə problemlər yaranır. Bunlar əsasən diskriminasiya, əməkhaqqı, dövlət dilinə münasibətlə bağlı olur. Məsələn, yerli işçilərə daha az, xaricdən gələn işçilərə isə eyni işə görə qat-qat yüksək məvacib verilir. Sizdə belə problemlər olurmu və bunu hansı yolla həll edirsiniz?
- Bu, ümumi problemdir. Xarici şirkətlər Əmək Məcəlləsindəki qüsurlardan, bizim özümüzün onlara sərt münasibət bəsləməməyimizdən istifadə edərək özlərini belə aparırlar. Onlarla müqavilə bağlayan zaman dövlət orqanları da bəzi məsələləri diqqətdən buraxırlar. Yerli qanunlara sərt riyaət edilməsi üzərində dayanmırlar. Biz isə bu çatışmazlıqları aradan qaldırmaq üçün sərt istiqamət götürmüşük. Ötən il beynəlxalq standartlara müvafiq olan yeni Əmək Məcəlləsi qəbul etmişik. Bu Məcəllə vasitəsilə işəgötürənin maddi, inzibati planda məsuliyyətini müəyyən etmişik. Hətta danışıqlardan, kollektiv müqavilə imzalanmaqdan yayınmaya görə 3 ilə qədər həbs cəzası nəzərdə tutan maddə var. Sözsüz ki, bütün bunlar inzibati tədbirlərdir. Bizim özümüzə danışıqlar masası arxasına əyləşmək lazımdır. Harada güclü həmkarlar təşkilatları varsa, orada xarici işəgötürənlər qanun pozuntularına yol vermirlər. Çünki biz normal işləyəndə onlar da qanunlara əməl etmək məcburiyyətində qalırlar. Bu ilk növbədə sərt mövqe nümayiş etdirməyən həmkarlar təşkilatlarının özlərinin günahıdır. Diskriminasiya isə mövcuddur. Biz ucuz işçi qüvvəsi hesab edilirik, bizdə ciddi işsizlik problemi var. Amma bu problemləri həll edirik. Hazırda aktiv əmək qabiliyyəti olan əhalinin cəmi 6-7 faizi işsizdir. Şəhərlər inkişaf edir. Yeni paytaxt salırıq. Ölkədə tikinti sürətlə inkişaf edir. Yəni yüksək ixtisaslı işçi qüvvəsinə tələbat yaranıb. Artıq özümüz də başa düşmüşük ki, işçi qüvvəsini ucuz satmaq olmaz. Əgər biz mövqelərimizi gücləndirsək, bu il ərzində ciddi irəliləyiş əldə edəcəyimizi düşünürəm. Amma istənilən sistemdə kapital və işçi arasında ziddiyyətlər olub və olacaq.
Bir müddət əvvəl Baş nazir çıxış edirdi. Biz büdcə təşkilatlarına münasibətdə əsas işəgötürənin onun özü olduğunu bildirdik, dedik ki, ilk növbədə özünüz qanunları pozmayın. Əməkhaqqını qaldırmaq lazımdır. Əməkhaqqına görə dünyanın aparıcı 50 inkişaf etmiş ölkəsi sırasına daxil olmağı düşünürük. Bəzi göstəricilərə görə ilk onluğa daxilik. Taxıl istehsalı, neft sektoru ciddi inkişaf edir, metallurgiya sənayesində aparıcı yerlərdən birini tuturuq. Amma qarşılıqlı münasibətləri hansısa yolla inkişaf etdirmək lazımdır.
- Dediniz ki, bu, ümumi problemdir. Həmin problemləri həll etmək üçün Azərbaycanla əməkdaşlıq edirsinizmi?
- Birbaşa əməkdaşlığımız yoxdur. Birbaşa əlaqələrimiz ancaq-ancaq inkişaf edir. Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə isə bu problemlər ümumiləşdirilir, sənədlər, materiallar əldə edirik, fikir mübadiləsi aparırıq. Əməkdaşlığımız daha çox Müstəqil Dövlətlər Birliyi səviyyəsində aparılır. Amma ikitərəfli əlaqələri inkişaf etdirmək vacibdir. Güman edirəm ki, mənim səfərim, xüsusən də Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri buna kömək edəcək. Qazaxıstanda işləyən azərbaycanlı işçilər də diskriminasiya şəraitində çalışırlar. Əgər onlar xarici şirkətlərə kvota üzrə işə düzəlirlərsə, onların da məvacibi aşağı olur. Astanada Azərbaycanın böyük bir şirkəti fəaliyyət göstərir. Böyük həcmdə iş görür. Düzünü desəm, onunla ciddi maraqlanmamışıq. Amma verilən məlumatlara görə, ciddi problem yoxdur.
Daxili funksiyalarımıza gəldikdə isə, həmkarlar təşkilatları əməkhaqqını müdafiə etməlidirlər, uyğun iş yerlərinin yaradılmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə, ekoloji problemlərin həllinə kömək etməlidirlər. Artıq bəzi məqsədlərimizə çatmaq üzrəyik. Məsələn, MDB ölkələri ilə müqayisədə bizdə əməkhaqqı nisbətən yüksəkdir. Ölkə üzrə orta aylıq əməkhaqqı 490-500 ABŞ dolları həcmindədir. Neft-qaz, metallurgiya sektorunda əməkhaqqı daha yüksəkdir. Hazırda bizi daha çox büdcə təşkilatlarının məsələsi narahat edir. Müəllimlərin, həkimlərin, mədəniyyət və sosial sahə işçilərinin məvaciblərini qaldırmaq niyyətindəyik. Maaşların ən azı 300 dollara kimi qaldırılmasını istəyirik. Çünki onların əmək haqqı respublika üzrə orta aylıq əməkhaqqından xeyli aşağıdır. Yaxın illərdə bu fərqi aradan qaldırmalıyıq. Gələn il məvaciblər 30 faiz, 2011-ci ilə kimi 2 dəfə artmalıdır. Bunu artıq müəyyən etmişik. Amma ölkədəki inflyasiyanın səviyyəsini nəzərə alaraq ikinci yarımildə də müəyyən artımlara nail olmaq niyyətitndəyik.
Maraqlı söhbət üçün sağ olun!

Müsahibəni apardı:
Səlim ƏVƏZOĞLU.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.