Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağda külək və günəş enerjisi stansiyalarının inşası

Martın 15-də Azərbaycan hökuməti ilə Anlaşma Memorandumu imzalayan “Masdar” şirkəti 3 il ərzində Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan və təmiz enerji sahəsində bir neçə layihə həyata keçirəcəkdir.

16.03.2022 11:36
191
A+
A-

Vergi Məcəlləsinə energetika-sənaye sektorlarında vergi güzəştlərinin tətbiqinə dair edilmiş dəyişikliklər bu sahəyə investorların marağını da artırıb. Son aylarda Azərbaycanın energetika sektorunda xarici investorların iri sərmayə layihələri ilə çıxış etməsi bunun göstəricilərindən biri hesab edilə bilər. Məlumdur ki, bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə investisiya layihələrinin həyata keçirilməsində bir sıra güzəşt və stimullar, o cümlədən də vergi güzəştləri nəzərdə tutulub. Bu iqtisadi siyasət həqiqətən də öz müsbət nəticələrini verməkdədir. Bunun nəticəsidir ki, Azərbaycanda 2022-ci ilin ötən 3 ayı ərzində dünyanın ən nəhəng infrastruktur şirkətlərindən olan Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə energetika sektorunda 2 iri sərmayə layihəsinə start verilib. Fevral ayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik stansiyasının, martın 15-də isə Qaradağda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Günəş Elektrik Stansiyasının təməli qoyulubdur.

Məsələ ondadır ki, hər iki şirkət alternativ və ekoloji cəhətdən təmiz enerji mənbələrinin istehslında bu layihələrlə kifayətlənmək niyyətində deyil və işğaldan azad edilmiş ərazilərdə daha böyük sərmayə layihələrinin həyata keçirilməsini nəzərdə tutub. Məlum olduğu kimi, dövlət başçısının 2021-ci il 3 mart tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Qarabağ və Şərqi-Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpa olunan enerji potensialının istismarı və xarici şirkətlərin bu ərazilərə cəlb edilməsi üçün əhatəli güzəşt və müxtəlif stimulların verilməsi nəzərdə tutulub. Həmin ərazilərdə investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsindən ötrü hökumətə müvafiq tapşırıqlar verilib və bu imkanlar xarici investorlara təqdim edilib. Son bir il ərzində Yaponiya, Cənubi Koreya, İtaliya, Türkiyə, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

“Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar hazırlanmış Konsepsiyaya uyğun olaraq işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə bölgədə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Konsepsiya sənədinə əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının tikintisi üçün, ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan, 8 perspektiv ərazi müəyyən edilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Beləliklə, mövcud potensial xarici investorlara təqdim edilib və onlara əlverişli sərmayə imkanları, vergi, gömrük güzəştləri müqabilində Qarabağ və Şərqi-Zəngəzurda “Yaşıl Enerji Zonası” yaratmaq təklif olunub. Onların sırasında Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri cəlbedici şərtlərə uyğun olaraq növbəti mərhələdə bu ərazilərdə külək və günəş enerjisi stansiyaları inşa etməyi məqsəduyğun hesab etdiyini açıqlayıb. Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında bir müddət əvvəl keçirilən görüş zamanı Səudiyyə şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştirakı, o cümlədən “ACWA Power” şirkətinin enerji sahəsinə sərmayə yatırmaq perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb. Qlobal miqyasda bərpaolunan enerji sahəsində, 8.000 meqavat olmaqla, elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malik olan bu şirkətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji layihələrində əsas investorlardan biri olacağı istisna deyil. Həmçinin, bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4.000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirmiş BƏƏ-nin “Masdar” şirkəti  ilk sırada yer almaq niyyətindədir. Martın 15-də Azərbaycan hökuməti ilə Anlaşma Memorandumu imzalayan “Masdar” şirkəti 3 il ərzində Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan və təmiz enerji sahəsində bir neçə layihə həyata keçirəcəkdir. Şirkət bu bölgədə ilk layihəsini Kəlbəcər-Laçın zonasında, gücü 100 MVt-dan çox olan, külək elektrik stansiyasının tikintisi ilə başlayacaq, sonrakı layihələrin gücü isə Qarabağda 200 MVt gücündə günəş stansiyasının tikintisidir.

Beləliklə, Azərbaycan hökuməti bütün iqtisadi imkanları və vergi-gömrük güzəştlərini səfərbər edərək həm qlobal miqyasda ekoloji cəhətdən  xüsusi üstünlüyə malik yaşıl enerji istehsalını artırır, ölkədə “yaşıl iqtisadiyyat” konsepsiyasının əsas hədəflərindən birinə çatmağı planlaşdırır, həm də ən strateji məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərini geniş xarici investisiya zonasına çevirir.  

Elbrus CƏFƏROV

ETİKETLƏR: