Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı pozulmaqla vurulmuş zərərin əvəzi necə ödənilir?

Əvəz CAMALOV, Abşeron rayonu.

16.03.2022 12:20
5
A+
A-

Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı pozulmaqla vurulmuş zərərin əvəzi necə ödənilir?

 

Əvəz CAMALOV,

Abşeron rayonu.

- Mülki Məcəllənin 1118-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

Məcəllənin həmin maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.

 

Yaşı 18-dən az olan işçilərə hansı normalar həddində ümumi çəkisi ağır olan əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər?

 

Kənan QASIMOV,

Masallı rayonu.

- Əmək Məcəlləsinin 251-ci maddəsi ilə yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər müəyyənləşdirilibdir. Həmin maddəyə əsasən, yaşı 18-dən az olan işçilərin qeyd edilən normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

- 16 yaşdan 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

a) kişilərin başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;

b) qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;

c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

- 16 yaşadək qızlar yalnız onların razılığı ilə “a”, “b” və “c” bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində ağırlığı olan əşyaların qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər.

- Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yükqaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır.

 

Etibarnaməyə hansı hallarda xitam verilir?

 

Nazilə VƏLİYEVA,

Şirvan şəhəri.

- Mülki Məcəllənin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

- etibarnamənin müddətinin bitməsi;

- etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;

- etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;

- etibarnamə verilmiş şəxsin imtinası;

- adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

- adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

- etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;

- etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.    

Əmək pensiyasının hansı növləri var?

 

Sürəyya HƏSƏNLİ,

Samux rayonu.

- Əmək pensiyasının növləri və tərkibi “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmişdi.

Qanunun 4-cü maddəsinə uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:

- yaşa görə əmək pensiyası;

- əlilliyə görə əmək pensiyası;

- ailə başçısını itirməyə görə əmək pensiyası.

Yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir:

Ailə başçısını itirməyə görə əmək pensiyası isə təkcə sığorta hissəsindən ibarətdir.

 

İşçi öz hüquqlarını qorumaq üçün hansı müddətdə məhkəməyə müraciət edə bilər?

 

Arzu MƏMMƏDOVA, Bakı şəhəri.

- İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müəssisə həmkarlar ittifaqının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə baxan orqana müraciət edə bilər.

Qalan bütün hallarda fərdi əmək mübahi

səsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Onu da qeyd etmək lazımdır ki, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Məcəllə ilə işəgötürən üçün də müddət müəyyən edilib. Belə ki, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Qeyd edilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər.

ETİKETLƏR: