Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Büdcədən maliyyələşməyən təsərrüfat hesablı Açıq Səhmdar Cəmiyyətdə işləyirəm. Bilmək istəyirəm ki, 65 yaşım tamam olduqda məni məcburən pensiyaya göndərə bilərlərmi, yoxsa qalib əmək fəaliyyətimi davam etdirə bilərəmmi?

..

30.03.2022 11:53
128
A+
A-

Büdcədən maliyyələşməyən təsərrüfat hesablı Açıq Səhmdar Cəmiyyətdə işləyirəm. Bilmək istəyirəm ki, 65 yaşım tamam olduqda məni məcburən pensiyaya göndərə bilərlərmi, yoxsa qalib əmək fəaliyyətimi davam etdirə bilərəmmi?

 

Azad ABDULLAYEV,

Ağdaş rayonu.

-Əmək Məcəlləsinin 10-1.-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

Lakin məktubunuzdan məlum olur ki, işlədiyiniz müəssisənin səhmləri dövlətə məxsus olsa da, büdcədən maliyyələşmir. Odur ki, qeyd olunan maddənin müddəaları Sizə aid deyil.

Pensiya qanunvericiliyində də əmək pensiyası yaşına çatmaqla əlaqədar əmək müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir.

Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilmişdir.

Maddənin “d” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Lakin bu bənd Sizə yox, yuxarıda qeyd etdiyimiz 10.1-ci maddədə göstərilən müəssisələrin işçilərinə aiddir.

Qanunvericiliyin tələblərinə görə, başqa əsas olmazsa, işəgötürən tərəfindhən pensiya yaşına çatmağınız səbəbindən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz.

Məcburi Arbitraj nədir və harada tətbiq edilir?

 

Bəsti QƏDİMOVA,

Qazax rayonu.

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 281-ci maddəsinə əsasən təsdiq edilmiş “Məcburi Arbitraj haqqında” Əsasnamənin 1-ci bəndinə görə, tətillərin qanunvericiliyə uyğun olaraq qadağan edildiyi sahələrdə (xəstəxana bölməsi, elektrik enerjisi təchizatı, su təchizatı, telefon rabitəsi, hava və dəmiryol nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə xidməti) yaranmış kollektiv əmək mübahisəsini tərəflər barışdırıcı üsullarla həll edə bilmədikdə Məcburi Arbitraj tətbiq edilir.

Məcburi Arbitraj Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılır və “Məcburi Arbitraj haqqında” Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Əmək müqaviləsi ləğv olunanda müəssisə rəhbəri tərəfindən bu barədə əmr hazırlanmalıdırmı?

 

Sənəm VEYSƏLOVA,

Gəncə şəhəri.

- Bəli, istənilən səbəbdən əmək müqaviləsinin ləğv olunması işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi hansı qaydada həyata keçirilir?

Səlim HƏSƏNOV,

Bakı şəhəri.

- Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir:

1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);

2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti);

3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);

4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.

Sahənin keçirilməsini həyata keçirən orqan yuxarıda qeyd edilənlərdən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.

Məcəllənin tələblərinə uyğun olaraq təqdim edildiyi gündən otuz gündən gec olmayaraq ərizəyə baxılmalı və baxılmanın nəticəsindən asılı olaraq sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar qəbul edilməlidir.

Qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənəd ərizəçiyə təqdim edilir və ya ərizədə göstərilən ünvana göndərir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır.

Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və digər işlərin görülməsi tələb edilmirsə, bu sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.

Əgər sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və digər işlərin görülməsi tələb edilirsə, bu sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır.

 

ETİKETLƏR: