Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Çalışmaq lazımdır ki, ilk təşkilatlarda nüfuzu olan şəxslər təmsil edilsinlər”

“Hər bir ərizə xüsusi yanaşma tələb edir. Bu baxımdan hər bir ərizə araşdırılmalıdır, problemi olan insanlara diqqət göstərilməlidir. Rayon komitəsi sədrləri müraciət edən şəxslərə öz köməkliyini göstərməlidir”.

06.04.2022 17:20
9
A+
A-

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin (RK) Rəyasət Heyətinin iclası keçirilib.

Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclası açaraq Rəyasət heyəti üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib. Bildirib ki, gündəliyə “ATİAHİ Respublika Komitəsinin 2021-ci ilə dair ümumi illik statistik hesabatı barədə”, “2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2021-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2021-ci ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər daxildir.

Birinci məsələ ilə bağlı Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov məruzə edərək ötən ilin statistik göstəriciləri ilə bağlı məlumat verib. Qeyd edib ki, 2022-ci il yanvarın 1-nə olan məlumata əsasən, ATİAHİ-nin 136 rayon, şəhər və rayon hüquqlu komitəsində birləşən 5739 ilk həmkarlar ittifaqı təşkilatı və 401 197 nəfər ittifaq üzvü var: “Əvvəlki ilin müvafiq rəqəmləri ilə müqayisə etdikdə, 2021-ci ildə ittifaq üzvlərinin sayında çoxalma baş verib. Belə ki, 2019-cu ildə ittifaq üzvlərinin sayı 389 422 nəfər olub. 2021-ci ildə Respublika Komitəsinin xidmətində olan 5 725 ilk təşkilatda həmkarlar ittifaqı komitəsi ilə müdiriyyət arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiə olunmasına xidmət edən kollektiv müqavilələr 302 186 nəfər ittifaq üzvünü əhatə edib”.

Gündəliyin ikinci məsələsi ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini  Mirzə Cəfərzadə çıxış edib. O deyib ki, 2021-ci ildə Respublika Komitəsinə və Respublika Komitəsinin xidmətində olan üzv təşkilatlara ümumilikdə 62171 ərizə və şikayət daxil olub, onlardan 60278-i müsbət cavablandırılıb. Belə ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olmuş 424 müraciətdən 323-ü, həmkarlar ittifaqı orqanlarının işi ilə bağlı daxil olan 209 ərizədən 180-i müsbət həll edilib. Bu müraciətlərin 87-si işə bərpa ilə bağlı olub. Həmçinin 2021-ci ildə ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri 52 593 nəfər ittifaq üzvünə maddi yardım göstərib. Ötən il ATİAHİ Respublika Komitəsinin müdaxiləsi nəticəsində 2 nəfər öz əvvəlki işinə bərpa edilib. Bununla yanaşı, Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri də 40 nəfərin öz işinə bərpa olunmasına köməklik göstərib.

ATİAHİ Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov isə 2021-ci il üzrə büdcə göstəricilərinin yerinə yetirilməsi, həmçinin həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təmin edilməsi ilə bağlı ötən il həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

İclasın sonunda Respublika Komitəsinin sədri S.Möhbalıyev yekun söz söyləyib, tövsiyələrini çatdırıb. Qeyd edib ki, rayon, şəhər və şəhər hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrləri, eləcə də ilk təşkilat sədrləri yerlərdə həmkarlar ittifaqı komitələrinin nüfuzunun artırılması ilə bağlı aparılan işi daha da təkmilləşdirməlidirlər. Kollektiv müqavilələrin müddəalarına əməl edilməsi xüsusi nəzarətdə saxlanılmalıdır: “Çalışmaq lazımdır ki, ilk təşkilatlarda nüfuzu olan şəxslər təmsil edilsinlər. Əgər ilk təşkilatların sədrləri nüfuzlu şəxslər olarsa, o zaman ümumilikdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzu da yüksək olacaq”.

Sədr bildirib ki, həmkarlar ittifaqı təşkilatları daxil olan hər bir ərizəyə diqqətlə yanaşmalı, həmkarlar ittifaqı üzvlərini narahat edən məsələlərin həll olunmasına çalışmalıdır: “Hər bir ərizə xüsusi yanaşma tələb edir. Bu baxımdan hər bir ərizə araşdırılmalıdır, problemi olan insanlara diqqət göstərilməlidir. Rayon komitəsi sədrləri müraciət edən şəxslərə öz köməkliyini göstərməlidir”.

S.Möhbalıyev deyib ki, biz, həmkarlar ittifaqı təşkilatları olaraq, istər pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar göstərmişik. Həm bayram, həm də əlamətdar günlərdə AHİK tərəfindən ərzaq dolu maşın karvanları respublikamızın bütün bölgələrinə yola salınıb.

Bundan başqa, şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi veririk. Dövlətimiz tərəfindən onların hərtərəfli himayə olunmasına baxmayaraq, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Həm bayram günlərində, həm də onlar üçün əziz olan günlərdə  şəhid ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur, maddi yardımlar göstərilir. Hər birinizə məlumdur ki, hər il 100 mindən artıq insan həmkarlar ittifaqının verdiyi yollayışlarla sanatoriya və istirahət mərkəzlərində dincəlir, müalicə alır. Həmkarlar ittifaqları üzvləri ilə yanaşı, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması  məqsədilə, istəklərinə uyğun olaraq, sanatoriya-kurort yollayışları ilə təmin olunurlar.

Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə atılaraq şəhid olan igidlərimizin, qazilərimizin ailələrinə hər zaman diqqət və qayğı göstərməliyik. 

“YAŞAT” Fonduna və Qarabağ Dirçəliş Fonduna müxtəlif vaxtlarda vəsaitlər köçürülüb və bu istiqamətdə humanist layihələrimizi bundan sonra da davam etdirəcəyik.

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto