Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstehsalatda bədbəxt hadisə nəticəsində I dərəcə əlil olmuşam. Ona görə pensiya alıram və işləmirəm. Bu il pensiya yaşına çatıram. Bilmək istəyirəm, mənə yaşa görə pensiya təyin olunanda işləmədiyim bu müddət nəzərə alınacaqmı?

Məmməd HƏSƏNOV, Sumqayıt şəhəri.

06.04.2022 18:27
15
A+
A-

İstehsalatda bədbəxt hadisə nəticəsində I dərəcə əlil olmuşam. Ona görə pensiya alıram və işləmirəm. Bu il pensiya yaşına çatıram. Bilmək istəyirəm, mənə yaşa görə pensiya təyin olunanda işləmədiyim bu müddət nəzərə alınacaqmı?

 

Məmməd HƏSƏNOV, Sumqayıt şəhəri.

 

- Əmək pensiyası sosial sığorta stajına əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” qanunun 21.1. maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Amma sığorta stajına bu yuxarıda qeyd olunan müddətlərdən əlavə, başqa müddətlər də daxil edilir. Bunlardan biri də yuxarıda adıçəkilən Qanunun 21.2.6. maddəsində təsbit edilmiş “istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət”dir. Qanunun bu tələbinə görə, Sizə pensiya təyin olunanda əlillik dövründə işləmədiyiniz müddət nəzərə alınacaqdır.

 

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina mümkündürmü?

Cavid SƏFƏROV, Xırdalan şəhəri.

 

- Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir:

- sahənin keçirilməsi haqqında ərizə, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər, keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu), keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı təqdim edilmədikdə;

- sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə;

- yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.

Sahənin keçirilməsindən imtina haqqında qərar qeyd edilən pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.

Onu da qeyd etmək lazımdır ki,sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

ETİKETLƏR: