Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Qarabağı da, Zəngəzuru da nümunəvi bir  bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar”

Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz.

13.04.2022 10:39
2
A+
A-

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyev bildirib ki, bu ilin üç ayında görülmüş işlər təhlil ediləcək, eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında danışılacaq. 

Dövlətimizin başçısı keçən ilin ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu qeyd edib: “İlk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur”.

Prezident İlham Əliyev bildirib ki, postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir.

Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur.

Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb - 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir.

Ölkə başçısı deyib ki, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq.

Prezident İlham Əliyev bildirib ki, ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki, yerlərdən gələn təkliflərə üstünlük verilir.

Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik.

Dövlətimizin başçısı deyib ki, Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq.

Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik

ETİKETLƏR: