Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni bazarlara çıxış üçün ixracatçılara vergi-gömrük güzəştləri, dövlət dəstəyi göstəriləcək

Dövlət yerli ixracatçılara xarici ölkələrə mal satışında hansı köməklikləri nəzərdə tutur?

13.04.2022 11:37
2
A+
A-

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında baş verən müharibə qeyri-neft məhsullarının ixracatçıları üçün bir sıra çətinliklərin yaranmasına səbəb olmaqdadır. Ukraynaya ixracımız fevralın sonlarından dayanıb. Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi təxminən 950 milyon dollar təşkil edir ki, onun da 450 milyon dolları ixracdır. Azərbaycanın ixrac etdiyi məhsulların təxminən 40 faizi, yəni 180 milyon dolları qeyri-neft mallarıdır. Bu o deməkdir ki, artıq 2-ci aydır, yerli sahibkarlarımız Ukrayna bazarlarına mal çıxara bilmirlər. İxracatçılarımızın Rusiyaya mal satışında əsas problem isə rus rublunun ucuzlaşması səbəbindən əldə etdiyi gəlirlərin 2 dəfə azalmasıdır. Azərbaycan sahibkarları ildə Rusiya bazarlarına təxminən 1 milyard dollar həcmində qeyri-neft məhsulları satır ki, onun da 850 milyon dolları kənd təsərrüfatı mallarıdır. Hazırda rublun ucuzlaşması meyvə-tərəvəz satan sahibkarlara sərf etmir. Həmçinin, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, Rusiya banklarının SWIFT-dən ayrılması və Qərbin digər məhdudiyyətləri azərbaycanlı iş adamlarının Rusiyadan pul köçürmələrinə, alqı-satqı zamanı bank hesablaşmaları aparmasına da mane olur. Hazırda məhsulların ixracı davam etsə də, alıcılıq baxımından ixracın azalması da müşahidə edilir.

Xatırladaq ki, dövlət başçısı səviyyəsində müvafiq orqanlara ixracatçılarla birgə əməkdaşlığı artıraraq yeni bazar kanalları tapmaq tapşırılıb. Ənənəvi bazarlarla yanaşı, tamamilə başqa coğrafiyalarda ixrac bazarlarının təşkili üçün yol xəritəsinin hazırlanması tövsiyə olunub. Bu məqsədlə yerli ixraçatçıların alternativ yollar və bazarlara çıxışını təmin etmək üçün yerli sahibkarlarla görüşlər keçirilir. Bu günlərdə Dövlət Vergi Xidmətində meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan assosiasiyaların üzvləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) nümayəndələri ixrac prosesi, yerli fermerlərdən alınan məhsullara görə sənədləşmənin aparılması və bir sıra digər məsələlərlə bağlı mövcud vəziyyət ətrafında müzakirələr aparılıb. Bu istiqamətdə sahibkarlara dövlət dəstəyi və dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi təklif olunub. İxracatçılar Klubunda başqa bazarlara çıxış üçün ilkin “kəşfiyyat səfərləri”nin təşkili barədə məsləhətləşmələr keçirilib.  

Dövlət yerli ixracatçılara xarici ölkələrə mal satışında hansı köməklikləri nəzərdə tutur?

AZPROMO-dan bildirildiyinə görə, ixracatçılara yeni bazarların tapılması və ya ixrac coğrafiyasının diversifikasiyası barədə müvafiq dəstək veriləcəkdir. Bununla bağlı hökumət səviyyəsində ixrac birlik və assosiasiyaları, biznes icmasına müxtəlif alternativləri sınaqdan keçirmək təklif olunur. Məsələn, ən geniş bazarlar sırasında Çin, Yaxın Şərq, Ərəb körfəzi regionu və Asiya mühüm yer tutur. Bu bazarların həcmi 10 milyardlarla dollardır. Azərbaycanın qeyri-neft ixracı 2 milyard dollardan çox deyil, ona görə də ixracatçıların həmin coğrafi ünvanlara istiqamətləndirilməsi üçün araşdırmalar və addımlar atılmalıdır. Bu prosesə AZPROMO və xarici ölkələrdə fəaliyyət göstərən ixrac missiyaları da kömək edə bilər. Onlar indi Azərbaycan məhsullarının digər ölkələrdə tanıdılması və ixracı istiqamətində daha fəal iş aparmalıdırlar. Onu da nəzərə almalıyıq ki, ixracatçılarımızın əsas bazarı olan Rusiyaya mal ixracı tamamilə qapanmayıb, bu bazara da çıxış imkanları qalır və müvafiq qərarlardan sonra həmin istiqamətdə ixracın bərpası mümkündür. Problem ondadır ki, Ərəb körfəzi ölkələrinin meyvə-tərəvəz bazarında biznes mühiti daha fərqlidir. Belə ki, Ərəb körfəzinin meyvə-tərəvəz idxalında ABŞ, Birləşmiş Krallıq, Çin, Braziliya, Tayland və qardaş Türkiyənin əhəmiyyətli payı vardır. Habelə, BƏƏ ilə Türkiyə arasında 2022-ci ilin əvvəlindən etibarən azad ticarət sazişinin bağlanılması müzakirə edilir. Həmçinin, bu regiona daşınma, nəqliyyat-logistika xərcləri də bahadır. Bu isə yerli sahibkarların başqa yerlərə mal ixracında gəlirlərinə təsir edəcəkdir. Ona görə də, onlara ixrac zamanı bir sıra vergi-gömrük güzəştlərinin verilməsi istisna olunmur. Xüsusilə ixrac təşviqi ilə bağlı hökumətin ödədiyi maliyyənin həcminin artırılması da gündəmə gəlib. Qeyd edək ki, bir neçə ildir ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi tətbiq olunur və mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində sahibkarlara stimul vermək üçün ödədiyi vergi-rüsumların bir hissəsi pul şəklində geri ödənilir. Vergi Məcəlləsinin 199.1.1-ci maddəsinə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Həmçinin, həmin təşviqi sənədi almış sahibkar 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub. Bununla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azaddır. Yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin böyük bir hissəsi də dövlət büdcəsi hesabına ödənilir.

Beləliklə, yeni bazar axtarışları çərçivəsində ixracatçılara motivasiya vermək üçün yuxarıda qeyd edilən bir sıra xərclərin, o cümlədən də, patent və vergi xərclərinin dövlətin hesabına təmin edilməsi, digər stimulların daha da artırılması indi daha çox aktuallaşıbdır.

Hökumət yerli ixraca dəstək məqsədilə xarici ölkələrdə ixrac missiyalarının təşkilini, xarici bazarların araşdırılması və marketinq fəaliyyətini, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqini də artırmaq niyyətindədir. Bu məqsədlə Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya,  Pakistan, Əfqanıstan, Qətər və digər ölkələrdə yeni ixrac missiyaları təşkil ediləcəkdir. Bu ölkələrdə Ticarət evlərinin yaradılmasının sürətləndirilməsi də qərara alınıb.

Beləliklə, istiqamət ənənəvi bazarlardan yeni bazarlara yönəlib. İxrac assosiasiyaları artıq xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqların ticarət nümayəndəlikləri tərəfindən satış bazarlarının monitorinqi, logistika mərkəzlərinin yaradılması ilə bağlı birgə axtarışlara başlayıb.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: