Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan və Qazaxıstanın həmkarlar ittifaqları arasında sənəd imzalanıb

Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

20.04.2022 10:22
8
A+
A-

Aprelin 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

S.Möhbalıyev bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri sosial, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etməkdədir. Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 30 ili tamam olur. Qazaxıstan Respublikası, bu ölkənin ictimai-siyasi xadimləri Azərbaycana hər zaman dəstək verib. 20 yanvar faciəsi zamanı Azərbaycan xalqına dəstəyini açıq şəkildə ifadə edən, SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan, Qazaxıstanın nüfuzlu dövlət xadimi və ədibi Oljas Süleymenovun xidmətlərini xüsusi qeyd etmək yerinə düşər. 

AHİK sədri Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən də söz açıb. O deyib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan Azərbaycan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir: “Bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparır”.

Sədr həmçinin AHİK-ə daxil olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, onun fəaliyyəti, müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunması haqqında da danışıb.

S.Möhbalıyev Azərbaycanın uğurlu təhsil siyasətindən də bəhs edib: “Dövlətimizin iqtisadi imkanlarının artması təhsil sahəsinə də öz təsirini göstərir. Azərbaycanda təhsilin inkişafı bu sahədə çalışan insanların sosial-rifah halının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Demək olar ki, hər il təhsil sahəsində çalışan insanların əməkhaqları artırılır. Bu ilin yanvarın 1-dən Azərbaycanda təhsil sahəsində işləyənlərin əməkhaqları 20 faiz artırılıb ki, bu da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımlardan biridir”.

AHİK sədri imzalanan sənədin əhəmiyyətindən də danışıb. Deyib ki, təhsil sahəsində çalışan insanların əmək və sosial hüquqlarının qorunması ən vacib məsələdir. Müqavilədə həmçinin beynəlxalq təşkilatlarda çoxtərəfli əməkdaşlıq, birgə seminarların və konfransların keçirilməsi, qarşılıqlı maddi yardım göstərilməsi və sairə məsələlər də əksini tapıb.

Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (QETİHİ) sədri Aygül Mukaşeva səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin aparıldığını deyib.

QETİHİ sədri bildirib ki, təhsil həmişə cəmiyyətin həyatında müəyyənedici sahə olmuşdur. Təhsil problemləri, müəllimin mövqeyi, onun sosial vəziyyəti sosial problemlərdir və cəmiyyət onların həllində maraqlıdır. Bu mürəkkəb və ziddiyyətli şəraitdə həmkarlar ittifaqı öz işinin məzmununu dövrün tələblərinə uyğunlaşdırmağa çalışıb.

A.Mukaşeva Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər, rəhbəri olduğu təşkilat və onun fəaliyyəti haqqında da məlumat verib.  Diqqətə çatdırıb ki, təmsil etdiyi qurum ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatıdır. Bu gün ittifaqın sıralarında beş yüz mindən artıq üzvü var.

QETİHİ sədri təhsil sektorunda çalışan işçilərin maraqlarının müdafiəsi və əməkhaqqının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə də danışıb. Deyib ki, həmkarlar ittifaqı pedaqoji və elmi kadrların sosial statusunun daha da artırılmasını, bu sahədə sosial tərəfdaşlığın inkişaf etdirilməsini, üzvlərinin hüquqlarının və peşə maraqlarının hüquqi və iqtisadi müdafiəsi sisteminin səmərəliliyinin artırılmasını özünün əsas vəzifəsi hesab edir.

Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərini birləşdirməsi, fəaliyyətlərini əlaqələndirilməsi və s. kimi məsələlər öz əksini tapıb.

Sonda S.Möhbalıyev və A.Mukaşeva jurnalistlərin suallarını cavablandırıb, imzalanan sənədin mahiyyəti və əhəmiyyətini açıqlayıblar.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto