Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müstəqillik aurasına uyğun, orijinal, keyfiyyətli dərsliklər yazılmalıdır

“dərslikləri kim yazmalıdır sualından daha çox necə yazmalıdır” sualına cavab tapılmalıdır.

20.04.2022 11:28
358
A+
A-

Hər il təhsil sistemində müxtəlif istiqamətlərdə islahatlar aparılır. Bir neçə gün əvvəl  baş tutan buraxılış imtahanlarında 92673 şagirddən 23650 nəfərinin 0-50 bal arası nəticə toplaması bu islahatların keyfiyyətə elə də müsbət təsir etmədiyini göstərdi. Səbəbləri araşdırarkən  illərdir gündəmdən düşməyən mövzulardan olan dərsliklərin keyfiyyəti və onlara nəzarət mexanizmi, orta məktəblərdə, bu sahənin mütəxəssislərinin dili ilə desək, akademik səviyyəyə çatdırılan dərs yükünün ağırlığı barədə hələ də problemlərin olduğunu müşahidə etdik.

Məktəb təhsil ocağı, dərsliklər isə şagirdlər üçün mənəvi qidadır. Təbii ki, “qida” həm keyfiyyətli, həm  də onu mənimsəyənlərin  həzm edə biləcəyi şəkildə olmalıdır ki, yararlı olsun. Reallıq isə nədən ibarətdir?

Gəlin təhsilin bünövrəsindən- ibtidai sinif dərsliklərindən  başlayaq. Məsələn, 3- cü sinif oxu dərsliyini vərəqlədikcə Sergey Mixalkov, Valentina Osayeva, Anatoli Kuznetsov, Valentin Berestov, Astrid Lindqren və sairə kimi xarici yazıçıların mətnlərinin tərcüməsinə rast gəlinir.

Sergey Mixalkovun “Otuz altı, altı” şeirində deyilir:

- Əzizim canım civə,

Yüksəl, yüksəl bir qədər.

Məktəbdən qalmaq üçün

Otuz yeddi bəs edər.

Biz ölkədə müxtəlif məhsulların yerli istehsalını çoxaldaraq  idxaldan asılılığı minumuma endirmək uğrunda mübarizə apararkən, elm, təhsil sahəsində niyə idxala üstünlük veririk? Bu və ya digər suallarımıza  müsahiblərim millət vəkili Fazil Mustafa, Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü və bu sahə üzrə ekspert Kamran Əsədov aydınlıq gətirdilər.

Millət vəkili Fazil Mustafa dedi ki, dərsliklərlə bağlı kifayət qədər şikayətlər səslənir. Dərsliyi yazan müəlliflərin doğru seçilməsi çox önəmlidir. Problemi müəlliflik təcrübəsi olmayan adamların bu sahəyə seçilməsi yaradır. Təəssüflər olsun ki, təhsildə və müxtəlif sahələrdə naşı insanlara rast gəlinir. Naşı insanların, necə deyərlər, meydanda olması isə sanballı dərslik yazan mütəxəssislər yetişdirə bilmədiyimizdən irəli gəlir.Tək-tük dərslik yazmağa qadir mütəxəssislərimiz də, deyilənə görə, bu işlə məşğul olmağa vaxt tapmırlar. Bu deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu bilməsəm də, hər ehtimala qarşı xatırladıram ki,  dahi bəstəkarımız Üzeyir Hacıbəyli incəsənətimizin ağır yükünü çiyinlərində daşımasına baxmayaraq, riyaziyyat dərsliyi yazmağa vaxt tapıb. Sualınızın ikinci tərəfinə gəlincə deyim ki, əksər mətnlər milli komponent üzərində qurulmalıdır. Dərsliklərə yaradıcı yanaşmaq lazımdır. Orijinal, Azərbaycanın bugünkü müstəqillik aurasına uyğun dərsliklər yazılmalıdır.

Millət vəkili “bu məsələyə kompleks yanaşma olmalıdır”,- dedi.  Əlavə etdi ki, səhvlərin mənbəyini tapıb onu düzəltməliyik. Hələ ki, təhsil sferasında  dərslik məsələsinə total bir yanaşmamız yoxdur. Elmə, təhsilə,dərsliklərə biznes kimi baxılmamalıdır.  Biz bir dərsliyi pulsuz veririk. Amma onun üstündə on dərslik pul ilə satılır. Dərslik keyfiyyətli hazırlanarsa, əlavə vəsaitlərə ehtiyac qalmaz. Hesab edirəm ki, bu, kimlərinsə qazanması üçün düşünülmüş korrupsiya modelidir. Son vaxtlar Təhsil Nazirliyi bu istiqamətdə ciddi işlər görməyə, dərslərin keyfiyyətinin qaldırılması yönündə daha konkret addımlar atmağa çalışır. Lakin belə məsələlərin həllini tək nazirliyin üzərinə yıxmaq olmaz, bütövlükdə köməklik göstərmək lazımdır.

Mübariz Göyüşlü isə dedi ki, “dərslikləri kim yazmalıdır sualından daha çox necə yazmalıdır” sualına cavab tapılmalıdır. Dərsliklər hazırlanarkən müəyyən edilmiş xüsusi qaydalara əsaslanılmalı və kimliyindən asılı olmayaraq bu qaydaların çərçivəsindən kənara çıxılmamalıdır. Məktəbdə tədris olunan kitabları akademikin də, bir başqasının da yazması təklif oluna bilər. Amma nəzərə almalıyıq ki, o şəxslər şagirdlərin mənimsəmə qabiliyyətini bilməyə bilər. Ona görə də hesab edirəm ki, keyfiyyətli dərsliyin metodoloji əsası elmi və pedaqoji yanaşmalar əsasında aparılan diskussiyaların sonunda müəyyənləşdirilməlidir. Ümumiyyətlə dərsliklər müasir elmlərdə qəbul edilən ən son tendensiyalarla, şagirdlərin qavrama qabiliyyətlərinə yaxşı bələd olan və təhsil sahəsində kifayət qədər təcrübə yığmış tədris prosesinin iştirakçılarının bütün ehtiyaclarını başa düşən müəlliflər tərəfindən yazılmalıdır.

M.Göyüşlü “dərsliklərdə, xüsusən də ibtidai siniflərdə əcnəbi şairlərin, yabançı söz və ifadələrin daxil edilməsinin qəti əleyhinəyəm”,- dedi: “Çünki bu yaş qrupunda şagirdlərin təfəkkürü, dünyagörüşü hələ yeni-yeni formalaşmağa başlayır. Beyinləri ağ vərəq kimi təmiz olan ibtidai sinif şagirdlərinin yaddaşına əcnəbi yox, doğma şair və yazıçılarımıza məxsus mətn və şeirlər yazılsa daha yaxşı olar. Bu həm də onların milli ruhda böyümələrinə təsir edər”. Həmsöhbətim eyni zamanda öz yazarlarımızın da ədəbi yaradıcılıqlarının, sənətkarlıq xüsusiyyətlərinin təkmilləşdirilməsinin, dərsliklər hazırlanarkən onlar arasında seçimin düzgün edilməsinin vacibliyini vurğuladı.

“Şagirdlərə verilən dərsliyin indiki dönəmdə önəmi qalmayıb. Akademik səviyyədə tərtib olunan bu dərsliklərin dili ağır olmaqla bərabər, dolanbac xarakterli materiallar şagirdlərin beynini “dondurub”. Əhəmiyyətsiz dərs tapşırıqları ilə yüklənən şagirdlər hər il əlavə olaraq müəllimlərin tələb etdikləri test və digər əlavə dərs vəsaitlərindən yararlanır”. Bu fikirləri isə təhsil üzrə mütəxəssis Kamran Əsədov bildirdi. Dedi ki, üstəlik, bu azmış kimi, lazım olan fənlərlə bağlı repetitor yanında olurlar. Bu qədər yüklənən şagird təhsil aldığı müddətdə uğurlu nəticə əldə edə bilmir. Daha sonra isə məktəb dərsliklərinə uyğunlaşdırılmayan ali məktəb imtahanlarının sınağından keçə bilmir. Keçsə belə, bu, repititor bahasına olur. Dünyanın heç bir yerində dərs yükü Azərbaycanda olduğu qədər ağır deyil. Nə dərsliklər bu qədər mürəkkəb yazılır, nə də şagirdlər dərs vəsaitindən əlavə kitablarla yüklənir.  Ali məktəblərə qəbul imtahanlarının sualları məktəb proqramına və dərsliklərə uyğunlaşdırılmalıdır. Əlavə bilgilərə və vəsaitlərə söykənilməməlidir. Belə olan halda, şagirdlər yalnız məktəb dərsliyi ilə kifayətlənər, əlavə vəsait almaq və repetitor yanına getmək üçün xərc çəkməz.

Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Bitməyən isə dərsliklərin hazırlanmasına laqeyd münasibətdir.

Əsli TELMANQIZI

ETİKETLƏR: