Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İdxaldan azad olmaq potensialımız var

Hazırda hər hektardan 30-31 sentner taxıl götürə bilirik. Bu da bir hektardan 3 ton taxılın götürülməsi deməkdir.

20.04.2022 11:33
36
A+
A-

Aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə İlham Əliyev ərzaqlıq buğdanın istehsalını artırmaq məsələsini də gündəmə gətirdi. Bildirdi ki, buna nail olmaq üçün həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər ərazilərində potensial var.

Düzdür, bizdə bu sahədə yetərincə imkanlar olsa da, ancaq suvarma, keyfiyyətli toxum becərilməməsi və sairə kimi problemlər səbəbindən Azərbaycan hələ də özünü taxılla tam təmin edə bilmir.

Cənab Prezidentin çıxışında səsləndirdiyi bu problemlərin həlli yollarını “Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli ilə araşdırdıq.

- Akif müəllim, məlumdur ki, ölkəmizdə əkilən toxumların çoxu texniki sortdur. Keyfiyyətli taxıl növlərinin yetişdirilməsi üçün hansı real addımlar atılmalıdır?

- İlk addımı təbii ki, hökumət atmalıdır. Sahibkarların gedib məhsuldar buğda sortları tapması çətin prosesdir. Çünki sahibkarların buna həm imkanları yoxdur, həm də düşünün ki, buğda istehsalı ilə məşğul olan fermerin internetə girib hardansa nəsə axtarması, nəsə sifariş verməsi bir qədər utopikdir. Yəni kəndli bunu edə bilmir. Ona görə də hesab edirəm ki, hökumət ölkəyə məhsuldar ərzaq buğdası sortları gətirməli və bu sortların da yetişdirilməsi, aqrotexniki qaydaları barədə maarifləndirmə işlərini təşkil etməlidir. Azərbaycanın ərzaq buğdasına olan illik tələbatının ödənilməsi üçün hazırda istifadə olunan toxumun məhsuldarlığı çox deyil. Daha çox məhsuldarlıq əldə etmək üçün isə cəmi 20 sentner artırmaq lazımdır. Hazırda hər hektardan 30-31 sentner taxıl götürə bilirik. Bu da bir hektardan 3 ton taxılın götürülməsi deməkdir. Məhsuldarlığı 20 sentner artırmağımız isə ölkənin daxilində ərzaq buğdasına tələbatı 80-100 faiz ödəyər. Hətta 300-500 ton taxıl ixrac da edə bilərik. Yəni demək istəyirəm ki, daxili imkanlar hesabına biz yerli tələbatı ödəyə bilərik. Necə ki, Kanada və Rusiyada bir hektardan 70 sentner, Qazaxıstanda 80 sentnerə qədər buğda götürülür. Və bu ölkələr buğda ixracatında öndə gedən ölkələrədəndir.

- Xarici ölkələrdə həm torpağın şoranlaşmasını önləmək, həm də suya qənaət prinsipinə əsaslanan suvarma sistemləri (damcı üsulu) tətbiq olunur. Təəssüf ki, ölkəmizdə bu üsuldan çox az istifadə edilir. Bunun kütləvi şəkil alması üçün hansı addımlar atılmalıdır?

- Bu çox vacib bir məsələdir. Çünki suvarma sisteminin düzgün aparılmaması həm də ekoloji problemə gətirib çıxarır. Artıq çiləmə yolu ilə suvarma praktikası dünyada demək olar ki, yoxdur. Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdə bu üsuldan istifadə edilmir. Baxın, İsraildə Azərbaycanın su ehtiyatlarının cəmi 10-da biri var. Amma gəlin görün ki, İsraildə kənd təsərrüfatı ölkənin demək olar ki, daxili tələbatını tamamilə ödəyir, hətta xaricə də məhsul ixrac edilir. Azərbaycanda sərhədləri daxilində və transsərhəd çayları vasitəsilə hər il 30 milyard kub metr su ehtiyatı yaranır. Ancaq İsraildə bu, cəmi 3-4 milyard kub metrdir. Bəs necə olur ki, təbii imkanları bizdən qat-qat aşağı olan bir ölkənin kənd təsərrüfatı əhalinin tələbatını tam ödəyir? Çünki İsraildə suvarma sistemi, su ötürmə kanalları kəmərləşdirilib. Bu üsulla da su nə buxarlanmır, nə də yerə hopmur. Nəticədə su təyinat nöqtəsinə itkisiz çatdırılır və təyinat nöqtəsində isə suvarma damcı üsulu ilə həyata keçirilir. Bu yolla hətta şoranlaşmış əraziləri “sağlamlaşdırıb” damcı suvarma üsulu ilə yüksək məhsuldarlıq əldə edirlər. Ancaq bizdə bu necə həyata keçirilir? Bizdə su ya torpaq, ya da beton kanallarla ötürülür. Beton kanallar da illərlə istifadə olunduğu üçün keyfiyyətini itirir. Nəticədə, suyun bir hisssəsi torpağa hopur, yerdə qalan hisssəsi də buxarlanır. Bu da o deməkdir ki, mənbədən götürdüyümüz suyun 50 faizdən çoxu itkiyə gedir. Beləliklə, həm su qıtlığı yaranır, həm də o, kanalların keçdiyi ərazilərdə şoranlaşmaya səbəb olur. Bu da torpağı sıradan çıxarır. Bizim elə böyük kanallarımız var ki, onların cəmi birinin suyu Azərbaycanın bütün becərilən torpaqlarını suvarmağa yetər. Əgər biz kanalları kəmərləşdirsək, suyu kəmərlərlə ötürsək, su ehtiyatının səmərəliliyini iki dəfə artırmış olarıq. Eyni zamanda fermerlərə də stimullaşdırıcı dəstək vermiş olarıq.

- Məlumdur ki, vaxtilə ermənilər taxıl ehtiyatlarının 60 faizə qədərini işğaldan azad edilən torpaqlarımız hesabına təmin edirdilər. Həmin torpaqların təsərrüfata yararlı hala gətirilib yüksək verimlilik əldə edilməsi üçün hazırda nə kimi işlər görülür?

- Bəli, ermənilər həmin ərazilərin böyük əksəriyyətindən yetərincəyə qədər taxıl götürüblər. Ağdama, digər rayonlara gedəndə görürsən ki, torpaq becərilib, hətta məhsul da verib. Hazırda o əraziləri bizim fermərlər becərir. Sədəcə mina təhlükəsi var deyə istədiyimiz nəticəni tam ala bilmirik. Təbii ki, ərazilər tam təmizləndikcə oranın münbit torpaqları xeyli məhsul götürməyimizə imkan yaradacaq.

- Qazaxıstan buğda ixracatına qadağalar tətbiq edir. Bu qadağaların ölkəmizə təsiri necə olacaq? Çörəyin qiymətində artım ola bilərmi?

- Qazaxıstanın taxıl ixracına məhdudiyyətlər qoyması Azərbaycana o qədər də ciddi təsir etməyəcək. Çünki Azərbaycan taxılın çox cüzi hissəsini Qazaxıstandan və Ukraynadan alırdı. Rusiya, bilirsiniz ki, dünyanın ən böyük taxıl istehsalçısıdır. İldə 40 milyon ton taxıl istehsal edir. Biz ərzaq buğdasının böyük əksəriyyətini, hardasa 70-80, hətta 90 faizini Rusiyadan alırıq. Bu, təbii ki, düzgün addım deyil. Bunu ordan ucuz başa gəlməsi ilə əlaqləndirirlər. Ancaq özünüz fikirləşin, bir məhsul üzrə, özü də strateji məhsul üzrə yalnız bir ölkəyə bu qədər fokuslanma fors-major şəraiti üçün təhlükəlidir. Biz artıq o fors-major şəraitini yaşayırıq. Rusiyaya, bilirsiniz ki, sanksiyalar tətbiq olunub. Bunun üçün də Rusiyanın idxalı, demək olar ki, sıradan çıxır. Bəzi un məmulatları var ki, Rusiya onları xaricdən idxal edirdi. Və elə həmin o idxal hesabına da öz daxili buğda istehsalının bir hissəsini ixrac edə bilirdi. Bundan sonra Rusiya ixrac potensialına malik olmayacaq. Çünki məcburdur ki, ölkənin tələbatı olan un məhsullarını öz daxilində hazırlasın. Digər bir məsələ də orada rüsumların 70 dollardan 105 dollara qalxmasıdır. Hesab edirəm ki, Rusiyadan gələn taxılın qiymətinin artması ölkə daxilində qiymətlərin müəyyən qədər qalxmasına gətirib çıxaracaqdır. Ona görə də biz gələcəkdə buğda idxalını diversifikasiya etməliyik, yəni şaxələndirməliyik, Rusiyadan, Qazaxıstandan başqa ölkələrlə də əlaqələri gücləndirməliyik. Ancaq təbii ki, digər ölkələrə ümid edərək də davam edə bilmərik. Bunun üçün, bayaq da dediyim kimi, yerli istehsalı dirçəltməliyik. Bu sahədə bizim yetəri qədər potensialımız var. Sovetlər dönəmində istehsalın 80-90 faizini biz yerli istehsal hesabına ödəmişik. Sadəcə olaraq, hökumət lazımi addımlar atmalıdır.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: