Korrupsiyaya qarşı yeni Fəaliyyət Planı
nağdsız hesablaşmalar üçün yeni tələblər

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Sənəddə maliyyə-vergi sahəsində korrupsiya yaradan halların, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, hesabatlılığın və ünvanlılığın təmin olunması, şəffaflığın daha da artırılması ilə bağlı mühüm prioritetlər müəyyənləşib.
Milli Fəaliyyət Planını həyata keçirmək üzrə Tədbirlər Planında İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə nağdsız hesablaşmalar bazarının üstünlüyünün təmin edilməsi məqsədilə tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
Nağdsız hesablaşmaların dövriyyəsinin artırılması və qeyri-nağd əməliyyatların məhdudlaşdırılması məqsədilə yeni təkliflərin hazırlanması nəzərdə tutulur.
Hazırda nağdsız hesablaşmalar bazarında vəziyyət necədir, hökuməti qane edən və etməyən məqamlar nələrdir?
Vergi Xidmətinin məlumatına əsasən, hazırda ölkəmizdə nağdsız ödənişlərlə bağlı güclü arxitektura mövcuddur. Nağd ödənişlərin aparılmasını təmin edən qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi və digər ödəmə paltaformaları, əksər ticarət-xidmət məntəqlərində quraşdırılmış POS-Terminallar onlayn ödəmələri aparmağa imkan verir. Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə maliyyə vəsaitlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalının, “ASAN ödəniş” sisteminin və “ASAN ödəniş” terminallarının istifadəyə verilməsi də bu istiqamətdə müsbət meyillər yaradıb. Eyni zamanda, ölkədə debet kartları əldə edən müştərilərin sayı 6 milyonu ötüb ki, bu da nağdsız ödəmələrin asan və rahat aparılmasına imkan verir.
2016-cı ildə qəbul olunmuş “Nağdsız hesablaşmalar haqqında” qanunda e-ödənişlərin mümkün formaları, yalnız nağdsız qaydada həyata keçirilən hesablaşmaların növləri, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınması mümkün olan malların siyahısı və digər istiqamətlər müəyyən olunub. Həmçinin, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, nağd qaydada həyata keçirilməsinin məhdudlaşdırılması, nağd ödənişlər aparan vergi ödəyicilərinə qarşı maliyyə sanksiyasının tətbiqi, nağdlaşma əməliyyatının vergiyə cəlb edilməsi üzrə müvafiq maddələr əlavə edilib.
Bu tədbirlər nağdsız ödənişlər bazarına öz mühüm təsirini göstərib.
Ancaq bütün bu tədbirlərə baxmayaraq, vergi orqanları yenə də nağd dövriyyənin yüksək olmasını nəzərə alaraq həm Vergi Məcəlləsində, həm də “Nağdsız hesablaşmalar haqqında” qanunda yeni dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edib və 2022-ci il yanvarın 1-dən təklif edilən əlavə və dəyişikliklər Məcəllədə və qanunda öz əksini tapıbdır. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, bir sıra sahələrdə nağd ödəmələrə yeni məhdudiyyətlər qoyulub. Pərakəndə satış aparan bütün ticarət obyektlərinə bir əməliyyat çərçivəsində 4000 manatdan artıq olan ödənişlərin yalnız nağdsız qaydada aparılması tələbi qoyulub. Yəni, 4 mindən aşağı məbləğdə nağd hesablaşmaya icazə verilsə də, bundan yüksək məbləğlərə qadağa qoyulub. Yaxud, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində yalnız 500 manatadək olan məbləğ nağd verilə bilər, 501 manat artıq yalnız nağdsız aparılmalıdır, əks halda vergi orqanı həmin tibb müəssisəsinə sanksiya tətbiq edir. Həmçinin, avtomobil satışı salonlarında bütün ödənişlər nağdsız həyata keçirilməlidir. Eləcə də 3000 manatdan artıq olan pul mükafatları, müxtəlif lotoreya oyunları və digər idman tədbirlərində qazanılmış mükafatların ancaq nağdsız qaydada həyata keçirilməsi tələbi qoyulubdur.
Dövlət Vergi Xidməti bu kimi tədbirləri sərtləşdirməkdə əsas məqsədin “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzləmək olduğunu bildirir.
Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır. Bunun nəticəsidir ki, Dövlət Vergi Xidməti 2022-ci ilin ilk rübündə dövlət büdcəsinə proqnozdan əlavə təxminən 534 milyon manat pul köçürübdür. Yəni, büdcəyə vergi daxilolmalarının həcminin artmasında nağdsız ödənişlərin xüsusi rolu olubdur. Eyni zamanda, “kölgə iqtisadiyyatı” ilə mübarizə tədbirləri çərçivəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması nəticəsində əmək müqavilələrinin sayı artıbdır və bu amil sosial sığorta daxilolmalarının artımına səbəb olub, 2022-ci ilin ötən 3 ayı ərzində büdcəyə əlavə olaraq 152 milyon manat və ya 17 faiz artıq məbləğdə sosial sığorta daxilolmaları köçürülüb.
Bütün bu tədbirlərə baxmayaraq, hazırda nağd əməliyyatların dinamikasında müsbət tendensiyalar nəzərə çarpsa da, nağdsız dövriyyənin həcmi o qədər geniş deyil. İri supermarket və ticarət mərkəzləri istisna olmaqla, əksər ticarət, xidmət, iaşə, turizm və digər sahələrdə hesablaşmalar nağd qaydada, yəni pul ilə ödənilir. Bu isə həmin sahələrdə dövriyyənin gizlədilməsinə, vergidən yayınmaya səbəb olur. Məsələn, ölkədə turizm obyektlərinin böyük əksəriyyətinin vergi uçotunda ciddi nöqsanlar olduğundan bu sahədən büdcəyə daxil olan vəsaitlər real gəlirlərin kiçik bir hissəsini təşkil edir.
Hökumət bu kimi amilləri nəzərə alaraq, dövriyyənin artırılması üçün əlavə tədbirlərə ehtiyac olduğunu bildirilir. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nağdsız hesablaşmaların artırılması üçün əlavə motivasiyaların və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi prioritetlərdən biridir. Bu strateji hədəfə uyğun olaraq Dövlət Vergi Xidməti və Mərkəzi Bank bu istiqamətdə yeni Yol xəritəsi hazırlayacaq.
Burada 2 başlıca istiqamət - həm yeni nəsil nağdsız ödəniş kanallarının tətbiqi, həm də nağdsız ödənişlər edən vətəndaşların həvəsini artırmaq məqsədilə onlara geri qaytarılan ƏDV-nin əhatəsinin genişləndirilməsi nəzərdə tutulub. Məsələn, yanvar ayından etibarən tibb müəssisələrinə onlayn qaydada pul ödəyən şəxslər ödənilmiş məbləğlərin müəyyən qismini ƏDV şəklində geri alırlar, qarşıdakı aylarda digər xidmət sahələrində də eyni qaydaların tətbiqi planlaşdırılır. Yeni nəsil mobil POS-Terminalların quraşdırılması da hazırda öz həllini tapmaqdadır. Artıq Vergi Xidməti yeni “Mobil POS” qurğularının istifadəyə hazır vəziyyətə gətirilib və bu xidmətin genişləndirilməsi nəzərdə tutulur. Bu xidmət ənənəvi POS-terminallardan fərqli olaraq, kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarının köməyilə ödənişləri smartfonlar vasitəsilə qəbul etməyə imkan verir. Ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu qurğular sayəsində əvvəlki POS-terminallara ehtiyac qalmır.
Hökumətin proqnozlarına görə, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın nağdsızlaşdırılması sürətlənəcək, nağdsız ödənişlərin həcminin artması sayəsində real ÜDM-nin və dövlət büdcəsinin gəlirləri də çoxalacaq. Bu hədəflərin icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin təxminən 17-20 milyard manat artacağı gözlənilir.
Elbrus CƏFƏROV