Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, dövlətimizi daha da gücləndirir”

“Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində ortaya qoyulan prioritetlər və verilən açıq mesajlar Azərbaycanın gücünün və qüdrətinin bir nümunəsidir”

27.04.2022 10:28
41
A+
A-

Dünya Azərbaycanlılarının V Qurultayının aprelin 22-23-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi böyük əhəmiyyətə malik tarixi hadisədir. İllərdir ki, Qarabağın azad olunması uğrunda soydaşlarımız və diasporumuz səfərbər olaraq ardıcıl və yorulmadan fəaliyyət göstərdi. Məhz Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Ordumuzun gücü və xalqımızın birliyi sayəsində biz məqsədimizə nail olduq.  Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirdi ki, bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Prezident nitqində diaspor təşkilatlarına öz dəyərli tövsiyələrini də verib.

Qurultayda dünyanın müxtəlif bölgələrində yaşayan xalqımızın nümayəndələri bir araya gələrək postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələrlə bağlı geniş müzakirələr apardılar.

Şuşa şəhərində keçirilən Zəfər Qurultayı barədə təəssüratlar, görülən ümumi işlər və gələcək fəaliyyət istiqamətləri haqqında xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları nümayəndələrinin qəzetimizə açıqlamalarını sizə təqdim edirik. 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti, “Alim” Elmi Assosiasiyasının rəhbəri Günel Səfərova deyib ki, Vətən müharibəsindən sonra ilk dəfədir Azərbaycana gəlir: “Və ilk olaraq Şuşa şəhərinə getmişik. Həddindən çox həyəcanlı idik. Bir tərəfdən 30 il boyunca erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu hüznlə, ürək ağrısı olmadan seyr etmək mümkün deyildi. Eyni zamanda qürur hissi keçirirdim, nəhayət biz bu torpaqları işğaldan azad etmişik. Sevincimiz hədsizdir. Bu qurultayı fərqləndirən də budur. Cənab Prezidentimizin də bildirdiyi kimi bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir hamımız üçün, Azərbaycanda yaşayanlar və eləcə də xaricdə yaşayan azərbaycanlılar üçün”.

G.Səfərova bildirib ki, biz Müzəffər Ordunun və qalib xalqın nümayəndələriyik. Bundan sonra harada olmağımızdan asılı olmayaraq, alnıaçıq və başı dik olacağıq. Azərbaycan həqiqətlərini də bu tərzdə təqdim edəcəyik. Azərbaycan diasporunun fəaliyyəti ildən-ilə daha çox təkmilləşir və daha geniş vüsət alır. Diaspora fəaliyyətinə qoşulan təşkilatların və fəallarımızın sayı ildən-ilə artır. Görüləcək əsas işlərdən biri də odur ki, artıq akademik diaspor formalaşmağa başlamışdır. Fransada ilk dəfə olaraq Azərbaycan əsilli elmlər doktorlarından, elmi işçilərdən ibarət olan “Alim” Elmi Assosiasiyası təsis etmişik. Və bizim üzvlərimiz arasında gənc, gələcəyi parlaq olan azərbaycanlılar çoxdur. Onlar işlədikləri universitetlərdə, tədqiqat apardıqları elmi müəssisələrdə, yəni bir sözlə çalışdıqları strukturlarda Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya, eləcə də Fransa ictimaiyyətinə çatdırılmasında daha əzmlə səy göstərəcəyik. 

***

“Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində ortaya qoyulan prioritetlər və verilən açıq mesajlar Azərbaycanın gücünün və qüdrətinin bir nümunəsidir”. Bunu Tibb elmləri doktoru, Köln Universitetinin dosenti, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri Nuran Abdullayev deyib. O bildirib ki, gələcək fəaliyyət istiqamətləri akademik və qeyri-akademik səviyyələr olaraq ayrılmalıdır: “Ümumi olaraq isə vəzifələr və məqsədlər eynilik təşkil etməlidir. Vəzifə və məqsədlərdən danışarkən düşünürəm ki, Vətən müharibəsi zamanı yaşadıqlarımızı göz qabağına gətirmək və bizə qarşı doğru olmayan mövqeləri düşünərək yola çıxmaq lazımdır. Biz beynəlxalq qanunlar çərçivəsində öz torpaqlarımızı işğaldan azad etmişik. Bəzi qüvvələr müəyyən təsirlər altında bizim torpaqların işğalda olmasına laqeyd yanaşırdılar. Həmin insanlar dəvət əsasında gəlib görsünlər ermənilər burada hansı vəhşilikləri törədiblər. Tikinti-quruculuq işlərinin aparılması isə bizim doğma torpaqlarımıza yanaşmamızın bir sübutudur. Bundan sonrakı mərhələdə bizi tanımayanlara Azərbaycanın necə sülhpərvər  bir ölkə olduğunu göstərməliyik. Bu cür fəaliyyətlərin intensivliyini daha da aktiv etmək üçün bu gün ölkədə olan, amma xarici ölkələrdə dövlətçilik prinsiplərini əsas tutaraq müvafiq ixtisaslarda təhsil ala biləcək gənclərə şərait yaradılmalı və onların seçiminə xüsusi diqqət yetirilməlidir. Bu, yol xəritəmizin önəmli meyarlarındandır. Bundan əlavə, Azərbaycan diasporunun yol xəritəsində çox önəmli yer tutacaq digər məsələlərdən biri də xarici ölkələrdəki media gücümüzü inkişaf etdirməkdir ki, bunun da önəmini bir daha Vətən müharibəsində gördük. Buna da ən üst səviyyədə ixtisaslı kadrlara və eləcə də gənclərə jurnalistika sahəsində xaricdə təhsil almaq şəraiti yaratmaqla, onlara dəstək verməklə ən etibarlı şəkildə nail olmaq mümkündür”.

N.Abdullayev son illərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə diaspor fəaliyyətinə göstərilən dəstək nəticəsində diasporun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu da qeyd edib: “Əminliklə deyə bilərəm ki, fərqli ölkələrdəki diaspor nümayəndələri və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə son illərdə olan yüksək səviyyəli koordinasiyalı işin təşkili bizim böyük və vahid fəaliyyətimizin bariz nümunəsidir. Düşünürəm ki, bu qurultayı məhz Şuşada təşkil edə bilmək bizim Azərbaycan diasporunun, daha doğrusu diaspor siyasətinin gücünün göstəricisidir.

***

Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri kimi yaddaşlarda qalacaq”. Bu sözləri isə Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova söyləyib. O qeyd edib ki, 44 günlük müharibədəki tarixi zəfərdən sonra Zəfər Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası da var. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası, milli kimlik dəyərləri ətrafında birləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, diaspor hərəkatının tarixində təşkilatlanmanın əsaslarını möhkəmləndirməklə yanaşı, bu hərəkatı növbəti, daha fərqli və yüksək mərhələyə keçirməyə xidmət edəcək. Qurultay boyu çox zəngin xatirələrim olub. Öncə deyə bilərəm ki, qurultayda iştirak üçün işğaldan azad edilmiş ərazilərdə Zəfər yolu ilə Şuşaya, Zəfər Qurultayına doğru irəlilədikcə hamımız çox həyəcanlı idik. Mənim üçün bu qurultayın özəlliyi həm də ondan ibarət idi ki, 2012-ci ildə Bakıda növbəti qurultaylardan birində prezident İlham Əliyev biz yaxın gələcəkdə bu görüşləri Şuşada keçirəcəyik demişdi. Üstündən çox keçmədi və Ali Baş Komandan xalqına verdiyi sözün üstündə durdu. Ali Baş Komandanın rəhbərliyi və qəhrəman ordumuzun əzmi və rəşadəti ilə müqəddəs torpaqlarımız işğaldan azad edildi. Prezident İlham Əliyev qurultayda dünyanın 65 ölkəsindən gələn 400-dən yuxarı iştirakçının qarşısında proqram xarakterli yol xəritəsi cızaraq çıxış etdi, Azərbaycan diasporasına postmüharibə fəaliyyəti üzrə önəmli vizion verdi. O çıxışında həm də dünyanın bütün ölkələrinə, beynəlxalq qurumlara mesajlar verdi. Prezident bir də bunu söylədi ki, biz təkcə Ermənistanla müharibə aparmadıq, biz həm də Ermənistanın himayədarları ilə müharibə apardıq və bu müharibədə tarixi qələbə qazandıq, biz bu qələbəni öz ordumuzun əzmi ilə, xalqın dəmir yumruq kimi birləşməsi nəticəsində qazandıq. Zəfər Qurultayı uzun illər, xüsusilə də 44 günlük müharibə dövründə yüksək birlik, təşkilatlanma nümayiş etdirən, Azərbaycan haqda davamlı maarifləndirmə işi aparan Azərbaycan diasporunun ilk böyük görüşü oldu. Bu görüşdə bizə iştirak etmək fürsətini yaradan Diasporla İş üzrə Dövlət Komitəsinə, özəlliklə də Komitənin sədri Fuad Muradova xüsusi təşəkkürlərimizi çatdırmaq istəyirəm. Diasporanın inkişafı, bugünkü birlik, təşkilatlanma məhz F.Muradovun rəhbərliyi nəticəsində əldə olunub və bu danılmazdır. Biz bundan sonra da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylə çalışmağa davam edəcəyik. Çünki ədalət bərqərar olsa da, dünya işğalçı qonşularımızın cinayətlərini bilməlidir, xalqımızın yaşadığı ağır tarixi illər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bunu etmək ona görə vacibdir ki, gələcək nəsillər də bu tarix yaddaşımıza istinad edib, o cinayətlərin bir də yenə təkrarlanmaması üçün davamlı mübarizə aparsınlar.

***

ABŞ-ın Florida Azərbaycan İcmasının təsisçisi və rəhbəri Esmira Bayramova öz təəssüratlarını bizimlə bölüşərək bunları deyib: “İllərdir həsrətini çəkdiyimiz gözəl Şuşa şəhərində Dünya Azərbaycanlılarının 5-ci Qurultayında iştirak etmək çox qürurverici idi. Qarabağın işğaldan azad olunması öncə şərəf və igidlik, sonra ədalət və nəhayət, tarix oldu.  Bu şərəfi Azərbaycan xalqına nəsib edən şanlı ordumuza və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, həmçinin bizə bu işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etmək imkanı yaradan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə bütün xaricidə yaşayan azərbaycanlılar adından təşəkkür edirəm.  Döyüş nə qədər çətin olursa, zəfər də bir o qədər şanlı olur. Bizim əldə etdiyimiz bu zəfər dünya tarixinə həkk olundu və əbədi yaşayacaqdır.  Biz, xaricdə yaşayan azərbaycanlılar da bu şanlı qələbənin tarixlərdə yaşaması üçün əlimizdən gələni edəcəyik”.

E.Bayramova Qarabağın gələcək inkişafında, bərpa və yenidən qurulmasında Azərbaycan diasporunun verə biləcəyi töhfələrdən də danışıb. O bildirib ki, azad edilmiş ərazilərdə qurulacaq “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası ilk növbədə dünyada baş verən qlobal çağırışlara cavab verəcəyinə və Qarabağ regionunun texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcəyinə inanırıq. “Smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün  ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın  aparıcı şirkətlərində çalışan  həmvətənlərimizin təcrübə və biliklərindən geniş istifadə etmək lazımdır. Xaricdə texnologiya sahəsində böyük uğurlar qazanmış həmvətənlərimizin iştirakı ilə  “ağıllı şəhər”  texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-start up fabrikinə çevirə bilər.

Azər MUSTAFAYEV

 

ETİKETLƏR: