Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyev Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə iştirak edib

AHİK-in əlaqələndirmə qrupu həssas əhali qruplarının, o cümlədən Qarabağ müharibəsi qaziləri və iştirakçılarının özünüməşğulluğunun təmin olunması üçün aktivlərin alınıb təqdim olunması tədbirlərində bilavasitə iştirak edir.

27.04.2022 11:52
8
A+
A-

Aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. O, əvvəlcə Sahibkarlar Günü münasibətilə sahibkarları təbrik etdi. Sonra dedi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə 25 Aprel - Sahibkarlar Gününün təsis edilməsi ölkə iqtisadiyyatında sahibkarların rolunun artmasına, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafına, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olub. Bu, dövlətimiz tərəfindən Sizin fəaliyyətinizə verilən yüksək qiymətlə yanaşı, biznesin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyevin gördüyü sistemli, ardıcıl və genişmiqyaslı işlər sayəsində ölkəmiz inkişafının ən yüksək mərhələsini yaşayır və bu, hər bir vətəndaşımızı qürurlandırır. Hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Bütün bu nailiyyətlər dövlət başçısının təşəbbüsü ilə aparılan, dünyanın ən mütərəqqi təcrübəsinə, eləcə də yerli potensiala əsaslanan, iqtisadi islahatların məntiqi nəticəsidir. İqtisadi islahatların lokomotivlərindən biri də sahibkarlardır.

Ölkəmizdə xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrin, aqroparkların yaradılması sahibkarlığın dayanıqlı inkişafına təkan verən əsas amillərdəndir. Həm ölkə daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlərin - biznes forumların, sərgilərin, seminar və konfransların təşkil olunması ölkəmizin biznes mühitinin və iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin genişlənməsi baxımından da vacibdir.

Səttar müəllim bildirdi ki, işğaldan azad olunmuş Şərqi Zəngəzurun və Qarabağın böyük iqtisadi və investisiya potensialı biznes üçün yeni imkanlar açır. Bölgənin faydalı qazıntılarla zəngin olmasını, iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın mövcudluğunu nəzərə almaqla, cənab Prezidentimizin tapşırıqlarına uyğun olaraq, həmin regionlarda infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır. “Ağıllı” texnologiyaların tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına və Böyük Qayıdışa töhfə verəcək. Azad edilmiş ərazilərimizlə bağlı Azərbaycan hökumətinin vahid konsepsiyasına uyğun olaraq, biznesin Qarabağa qayıtması, bu ərazilərdə sahibkarlıq subyektlərinin formalaşması və inkişafı, özəl investisiyaların cəlb olunması qarşıda duran mühüm vəzifələrdəndir.

AHİK sədri dedi ki, sizin Milli Konfederasiyasının tərəfdaşı olan təşkilatımız işçilərin sosial-iqtisadi hüquqlarının qorunması və sosial problemlərinin həllinə diqqətlə yanaşmaqla yanaşı, həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi üçün bir sıra addımlar atmaqdadır. Ölkəmizin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığa dair memorandum imzalamışıq.

Memorandumda proqram üzrə ümumi əlaqələndirməni həyata keçirməkdən ötrü hər iki qurumun nümayəndələrindən ibarət 6 nəfərlik əlaqələndirmə qrupunun tərkibi təsdiq edilib. Özünüməşğulluğa kömək göstərilməsi məqsədilə Konfederasiyamız tərəfindən, könüllülük prinsipi əsasında, əvəzsiz olaraq, 200 min manat məbləğində maddi vəsait ayrılıb.

AHİK-in əlaqələndirmə qrupu həssas əhali qruplarının, o cümlədən Qarabağ müharibəsi qaziləri və iştirakçılarının özünüməşğulluğunun təmin olunması üçün aktivlərin alınıb təqdim olunması tədbirlərində bilavasitə iştirak edir.

Bu yaxınlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bugünkü tədbirin təşkilatçılarından biri olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə sosial həssas əhali qrupları arasında sahibkarlığın inkişafına yardım göstərilməsi məqsədilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, qeyd olunan əhali qrupları arasında sahibkarlığın inkişafına yardım məqsədilə Agentliyə 150 min manat məbləğində birdəfəlik və təmənnasız maliyyə yardımı göstərilib. Hesab edirəm ki, tərəfimizdən atılan bu addımlar həssas qrupların kiçik və orta sahibkarlığa cəlb edilməsində mühüm rol oynayacaqdır.  

Hər iki, üç ildən bir sosial tərəfdaşlar arasında bağlanılan Baş Kollektiv Sazişdə sahibkarlığın inkişafı məsələlərinə dair öhdəliklər əksini tapır. 2020-2022-ci illər üçün imzalanan  Baş Kollektiv Saziş də bu baxımdan istisna təşkil etmir.

S.Möhbalıyev Baş Kollektiv Sazişdə qeyd olunmuş sahibkarlıqla bağlı öhdəliklərin bir neçəsini tədbir iştirakçılarının diqqətinə çatdırdı:

- bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək məqsədilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək, dövlət satınalmalarında onların iştirakını təşviq edən qanunvericilik və tənzimləmə çərçivəsini yaratmaq;

- fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində görülən işləri davam etdirmək;

- kənd təsərrüfatında rəqabətqabiliyyətli irimiqyaslı kooperasiyaların yaradılmasına dövlət dəstəyini gücləndirmək;

- özəl “Fermer mağazaları”, “yaşıl marketlər” və topdansatış mərkəzlərini genişləndirmək;

- kənd təsərrüfatının inkişafı baxımından mövcud qanunvericiliyi təkmilləşdirmək, stimullaşdırma mexanizmlərini hazırlamaq və bu sahədə ictimai məlumatlandırma tədbirlərini həyata keçirmək;

- ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemini yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, vahid məlumat bazasında sistemləşdirilməsini təmin etmək;

- kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının bazara çıxış imkanlarını genişləndirmək və bu istiqamətdə süni maneələrin aradan  qaldırılması baxımından kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunu inkişaf etdirmək.

AHİK sədri çıxışının sonunda əminliklə bildirdi ki, sosial tərəfdaşların bu və digər öhdəlikləri yerinə yetirməsi ölkə iqtisadiyyatına, o cümlədən KOS-ların inkişafına müsbət təsir göstərəcək.

Sahibkarları bir daha Sahibkarlar Günü münasibətilə təbrik etdi, onlara Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirdi.

ETİKETLƏR: