Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Körpələrlə onların dilindən anlayanlar məşğul olacaq

“Hazırda ölkədə 1693 uşaq bağçası var və 123 min azyaşlı uşaq tədris-tərbiyə prosesinə cəlb olunub.

27.04.2022 12:27
5
A+
A-

Məlum olduğu kimi, 2021-ci ilin dekabrından Respublika Prezidentinin sərəncamı ilə körpələr evi və uşaq bağçaları Təhsil Nazirliyinin (TN) tabeliyinə verildi. Bu qərardan sonra həmin müəssisələrə işə qəbul artıq bağça müdirləri tərəfindən deyil, Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqə əsasında həyata keçiriləcək. Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, işə qəbul imtahanları iyul ayından başlayacaq və uğur qazanan müəllimlər bağçaların vakant yerlərinə işə qəbul ediləcəklər.

Bu tərbiyə müəssisələrinin bir təşkilatdan alınıb digərinə verilməsi, işçilərin işə qəbul qaydalarının dəyişdirilməsi hansı zərurətdən irəli gəldi?

Bu suallarla təhsil eksperti Kamran Əsədova müraciət etdik. Kamran müəllim dedi ki, 2011-ci ildən uşaq bağçaları icra hakimiyyətinin nəzdində fəaliyyət göstərirdi. Ötən illərin təcrübəsi göstərdi ki, bu tabeçilik özünü doğrultmadı. Çox sayda çatışmazlıqlar müşahidə olundu. Ən böyük problem işə qəbul zamanı yaranan qanunsuzluqlar və əsassız tələblər idi, maddi-texniki bazada neqativ hallara yol verilirdi. Bütün bunlar belə bir dəyişikliklər etməyə  gətirib çıxardı: “Hazırda ölkədə 1693 uşaq bağçası var və 123 min azyaşlı uşaq tədris-tərbiyə prosesinə cəlb olunub. Təlim-tərbiyə ilə məşğul olan işçilərin sayı isə 36 min nəfərdir. Təbii ki, həmin pedaqoqların işə cəlb olunması prosesinin qeyri-şəffaf olması da hamımıza məlumdur. Ancaq indiki dəyişikliyə əsasən, ilkin mərhələdə vakant yerlərin sayına uyğun olaraq işə qəbul həyata keçiriləcək və ixtisası bu sahəyə uyğun olmayan bütün işçi heyəti ilə - müdirlərlə, tərbiyəçi-müəllimlərlə, eyni zamanda texniki işçilərlə bağlanmış müqaviləyə xitam veriləcək.  Təbii ki, onların tutduqları ştatlar vakant sayılacaq.

Düşünürəm ki, belə bir addımın atılması ölkəmizdə məktəbəqədər təhsilin inkişafına öz təsirini göstərəcək və işə qəbul prosesinin aydın, əlçatan olmasına və daha savadlı şəxsləri seçmək imkanına şərait yaradacaq”.

K.Əsədov dedi ki, indiyə kimi imtahanların hər hansı bir mexanizm əsasında həyata keçirilməməsi ciddi məsələ idi: “Bayaq da dediyim kimi, həmin müəssisələrdə yalnız ali və orta ixtisas təhsilli şəxslər fəaliyyət göstərəcək. Bu da çox təqdirəlayiq haldır. Belə ki, bildiyimiz kimi, gənclərimizin işlə təmin olunması problemi var. Düşünürəm ki, bu yolla problem qismən də olsa, öz həllini tapmış olacaq. Mən bir məsələni də qeyd etmək istəyirəm, bilirsiniz ki, axırıncı dəfə bu sahədə çalışanlar 1994-cü ildə attestasiyaya cəlb ediliblər. Bu baxımdan onların ciddi şəkildə attestasiyadan keçməsinə də ehtiyac var. Bunun üçün də ilkin olaraq onların bilik və bacarıqları, peşəkarlıq səviyyəsi yoxlanılacaq. Digər bir məsələ isə, son dövrlərdə bağça tərbiyəçilərinin uşaqlara qarşı göstərdiyi şiddət psixoloji vəziyyəti yoxlamağın nə qədər vacib olduğunu da göstərdi. Ona görə də namizədlərin psixologiyalarını, uşaqlarla işləmə metodikalarını yoxlamaq əsas şərtlərdən olacaq. Belə olduğu halda, azyaşlılarla daha hazırlıqlı gənclər işləyə biləcəklər”.

“Qida rasionuna da nəzarət olunacaqmı?” sualını da cavablandıran ekspert bildirdi ki, ümumiyyətlə, uşaq bağçalarına və körpələr evinə evdən gətirilmiş qida daxil olmamalıdır, bu qanunla qadağandır: “Dövlət büdcəsinin vəsaiti hesabına bütün uşaq bağçaları və körpələr evi tam şəkildə qida ilə təmin olunub. Hətta deyərdim ki, evdə yediklərindən daha sağlam qidalarla təmin olunublar. Ancaq, təəssüf ki, 2011-ci ildə uşaq bağçaları icra hakimiyyətlərinə verildikdən sonra “saqqallı uşaqlar” köpə uşaqların yeməklərini oğurlamağa başladılar. Ümid edirəm ki, uşaq bağçaları və körpələr evi TN-nin nəzdinə keçəndən sonra bu cür problemlər aradan qalxacaq, qida menyusu vaxtında, təhlükəsiz və tam şəkildə uşaqlara çatdırılacaq”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: